Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Uşaq dənizə girməkdən qorxursa, belə edin... – PSİXOLOQ YAZIR

Uşaq dənizə girməkdən qorxursa, belə edin... – PSİXOLOQ YAZIR

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova Ailem.az-a hazırda aktual olan mövzudan – uşaqların dəniz qorxusundan yazıb.

Bu dəfə valideynlərin mövsümi qarşılaşdıqları çətinliklərdən biri olan dəniz qorxusundan söhbət açmaq istəyirəm. Dəniz qorxusu uşağın yaşına uyğun olaraq dəyişir və əsasən 3-6 yaş arası uşaqlarda idrak proseslərinin, xüsusən, təxəyyülün aktivliyi ilə əlaqədar olaraq özünü daha intensiv göstərir. Bu yaş arası uşaqlarda, daha çox yüksək səs (tozsovuran, ildırım çaxması), saç kəsimi (bərbər), həkim, su kimi qorxular müşahidə olunur. Məktəbəqədər yaşlı uşaqlarda müdafiə mexanizmi güclü olduğu üçün qorxularının kökündə bədənlərinə zədə dəymə, yaralanma kimi narahatlıqlar durur. Bu zaman uşaq ağlayır, anasından bərk-bərk yapışır, əşyaların arxasında, maşının oturacağının altında gizlənir.

Bəzən valideynlər “qorxunun üzərinə getmək lazımdır” şüarı ilə uşaqları zorla suya salaraq, suyun necə gözəl olduğundan danışaraq, ələ salaraq, “qorxaq” adlandıraraq uşağın dəniz qorxusuna qalib gəlməsini istəyir. Şüar doğru olsa da, tətbiq olunan üsulda bir az yanlışlıqlar var. Bu, əksinə, uşaqlarda gərginliyi daha da artırır və uzun müddət təzyiq olunarsa, zərərli vərdişlər - göz qırpma, dırnaq yemə, barmaq sovurma, hətta tik (uşağın istəkdən kənar çıxartdığı səs, müxtəlif baş və çiyin hərəkətləri) belə, müşahidə olunmağa başlaya bilər.

Bunun üçün valideynlərə uşaqları incitməyərək, istifadə edə biləcəyi praktik məsləhətlər vermək istəyirəm. İlk olaraq onu qeyd edim ki, yaşından asılı olmayaraq, uşaqlar ətraflarında cərəyan edən hər bir şeyi yarış kimi görür. Bu səbəbdən valideyn uşaqda dənizlə rəqabət hissi yaratsa, ideal olardı. Belə sual yaranır: bəs necə? Öncə uşağınıza əhvalatlar danışaraq, məsələn, “suyun üzərində gəzə bilən qəhrəman uşaq” nağılını uydura bilərsiniz. Valideynin yaradıcılıq bacarığından asılı olan ssenarisiz nağıl oyunumuzda sadəcə əsas məzmun sizin uşağınızın yaşlarında olan, suyun üzərində gəzə, altında gözlərini aça bilən qəhrəman uşaq barəsindədir. Bununla da uşaqda özü də hiss etmədən bu bacarığa sahib olmaq istəyi yaranır. Beləcə, qorxusunu arxa fona keçirərək, bacarığa, istedada çevirməyə çalışır.

Uşaqlar çimərkən valideynlər ona dəniz-dəniz oyunu adı altında vannaya su dolduraraq, köpük yaradaraq, ora sevimli oyuncaqlar qoyaraq suyu sevdirməlidir. Dənizə gedərkən isə uşaqların yavaş-yavaş suyu tanımasına şərait yaratmalıdırlar. Öncə ayaqlarını suya salaraq, sonra ata və ya anasının dəstəyi, rezin dairələrin köməyi ilə suyun üzərində qalmağına kömək edilməlidir. Sonra görəcəklər ki, uşaqları “qanları qaralmadan” necə həvəslə dənizə girmək istəyir.

Sonda isə, əziz valideynlər, uşaqlar ağlamadan, narahatlıq keçirmədən bütün qorxularının öhdəsindən gələ bilərlər. Sadəcə, bunun üçün onlara qorxduqları nəsnələri tanımağa, onları sevməyə vaxt verin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ