Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Türklə evli olan müğənnimiz: “Açıq şəkildə təklif edirlər ki...” - MÜSAHİBƏ

Türklə evli olan müğənnimiz: “Açıq şəkildə təklif edirlər ki...” - MÜSAHİBƏ

Lunar.az-ın bu dəfəki müsahibi Türkiyə vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir Azərbaycana dönən müğənni Bəturə Hüseynovadır.


- Bəturə xanım, son zamanlar mətbuatda az görünürsünüz. Bu, nə ilə əlaqədardır?

- Bəzən müsahibələr olur, amma şəxsi həyatımla bağlı məqamlarla bağlı çox soruşurlar, bunlara isə cavab vermək istəmirəm. 7 ildir Azərbaycana qayıtmışam. Bu illər ərzində mənə heç bitməyən sual verirlər ki, niyə Türkiyədən gəldin, nə zaman gedəcəksən? Nədənsə mənim bu tərəfim insanlara çox maraqlı gəlir, diqqət çəkir. Şou-biznesdən, dedi-qodudan bu qədər uzaq durduğum halda müəyyən şeylərin reklamını heç etmək istəməsəm də, niyəsə özüm-özümə reklam oluram. Bilirsiniz ki, Türkiyədə ailə qurduğum üçün uzun illər sənətimə ara verdim və səhnəyə çıxmadım. Sadəcə Türkiyədə TRT dövlət radiosunda DJ-lik etdim. Buradakı müğənnilərin əksəriyyətini orada tanıdıb, təbliğ etdim. İndi onların heç biri mənə təşəkkür etmir. Heç bunu onlardan gözləmirəm də...

- 10 ildən sonra qayıdıb hər şeyə yenidən başlamaq çətin olmadı ki?

- Bəli, düşünürdüm ki, yenidən başlamaq mənim üçün çətin olar. Amma elə olmadı. Çünki ətrafda məni tanıyan dostlar, yoldaşlar çox idi. Bülbül adına məktəbdə və Azərbaycan Dövlət Musiqi Akademiyasından məzun olduğum yoldaşlar indi haradasa prodüserdirlər, hansısa efirin işçiləridirlər. Onlar çox rahatlıqla məni bu günə daşıdılar. Və mən həmin 10 illik qürbətin yerini doldurmağa çalışdım. Sənətimi buraxıb gedəndə mənə “getmə”, - deyən çox oldu. İndi “burada qalsaydın, əməkdar yox, xalq artisti idin” kimi sözlər deyirlər. Bunu eşitmək mənə xoşdur, amma eyni zamanda məni üzən bir məsələdir. Bu cür sözlərlə elə bil ki, məni oxlayırlar. Bilirəm ki, mən bu gün ad almışlardan da əvvəl ad almağa layiq bir müğənni idim. Çünki o zamanın operasının gözlədiyi Leyli idim. Arif Bayevin ilk qız tələbəsi mən idim və məni operada gözləyirdilər.

- Sənətinizi ailənizə qurban verdiniz?

- Belə deyim, mən ailəmdən ziyadə oğlumu çox sevdim. Mən uşağına sevgi bəsləyən yox, uşağına aşiq bir anayam. İnşallah bayram gəlir qarşıdan. O, bircə kəlmə dedi ki, ana, bayramda yanımda ol. Yol hazırlığındayam və bir neçə günə Türkiyəyə gedəcəm. Sadəcə Atillaya görə... Bir-iki ay beynimi dincəldəcəm, hazırda çəkilişləri də dayandırmışam. İstəmirəm. Yəni yeni bir şey axtarıram. Yeni bir şey oxumağa çalışıram.

- Bu 10 illik boşluğu doldurmaq üçün hansı planlarınız var?

- “Sevərsənmi” mahnısının klipini çəkdik və o zaman çox partladı. Mən bunu özümün pasportum hesab edirəm. Məndən türk mahnıları gözlədikləri halda aşıq mahnıları oxudum. O boşluqları doldurmaq və bir növ təsəlli tapmaq istəyirəm. Bu gün qürurla hər zaman söyləyəcəyim bir şey var. Azərbaycanda öz zəhməti, əməyi ilə bu yerlərə gələn, sponsorsuz hərəkət edən tək-tük müğənnilərdən biriyəm.

- Sizə sponsorluq təklifi olunmayıb məgər?


- Sizcə, mənə sponsorluq təklifi olmazmı? Çox təkliflər gəlir. Elə təkliflərlə qarşılaşıram ki... Detallara girməyək, amma açıq-aşkar deyirdilər ki, belə edək, filan hədiyyəni verək... Yəqin, mənim instagram səhifəmdəki maraqlı şəkillərim, rəngli selfilərim insanlara xoş gəlir. Amma gördükləri Bəturə telefon danışığı zamanı onlarla elə acı dillə danışır ki, o adam özü də çaşır ki, bu qədər imkana, pula yox deyir?! Elə bilirlər ki, mən kimlərinsə sponsorluğu ilə hərəkət edirəm. Amma həqiqətən heç kimin dəstəyi olmadan bu yerlərə gəlmişəm. Düşünürəm ki, Allahın sevdiyi bəndələrdənəm. Çünki bu boyda işi, mahnıları mən tək elədim. Kömək olmadan. Deyirəm, 7 il az müddət deyil, görün nələrlə qadın kimi çarpışmışam, vuruşmuşam?! Az-çox nəsə əldə etmişəm. Kiminsə xətrinə reklamlarla bu yerə gəlməmişəm. Amma mən bayaq dediyim kimi, uşağımla, ailəmlə öz-özümə reklam oluram. Neçə illərdir buradayam, yenə də mənim özəl yaşamım insanlara çox maraqlı gəlir. Əslində mən o qədər də rəngli yaşayan biri deyiləm. Çox qayda sevənəm, buna rəğmən belə olur. Hələ bir də özüm bilərəkdən reklam olmaq istəsəm, partlayış, dəhşətli bir şey olar. Amma indi düşünürəm ki, artıq müəyyən şeylərdən, piarlardan istifadə etmək zamanı gəlib...


- Bəs sənət aləmindən kimsə sizə dəstək olmadı?

- Elə olub ki, mən kişi müğənnilərə belə, dəstək olmuşam ki, gəlin, bax burada çörək var. Amma mən qadın olaraq belə bir dəstəyi heç kimdən görməmişəm. Mən hələ kiçik yaşlarımdan parlayırdım, festivallara gedirdim, Bülbül adına məktəbə təşəkkür məktubları gəlirdi ki, belə bir yaxşı tələbəniz var, filmlərdən mənə təkliflər gəlirdi. Yəni mən o qız idim. Mən bütün bunları yarımçıq qoyub getmişdim. O zamanki yaşıdlarım da bilirdi ki, Bəturə parıldayır. İndi də mən olduğum halda onların ad alması bir az mənə toxunur. Təbii ki, onlar da çalışıb bunu qazanıblar, amma mən də bu adlara layiq idim, onlardan da qabaq. İndi onlar bir dəfə də deməyiblər ki, Bəturə, filan efir var, ya nə isə bir layihə var. Düşünürəm ki, bunların hamısı paxıllıqdandır.

- Bir müddət əvvəl də duet ortağınız müğənni Sahib İbrahimovla qalmaqallı şəkildə ayrıldınız ki, siz ona dəstək olduğunuz halda, o, bunun əksini söyləyir...

- Bəli, Sahib İbrahimova mən dəstək olmuşdum. Sahib 1 il gözlədi ki, Türkiyədən gəlim və biz birlikdə oxuyaq. Mən o zaman bu ifadəni işlətdim ki, əgər mənim mahnını fərqli oxumağım bu qədər bəyənilirsə, qoy Sahibə dəstək olaq. Oxuyub 50 mahnı, bir şey olmayıb. Mənimlə oxuduğu mahnı uğur qazandı. Mənim musiqi savadımın olmağı, impravizələr etməyim mahnını sevdirdi. Qarşı tərəf isə bunun qiymətini bilmədi. Bu isə onun öz işidir. Bizim iş birliyimizdə mənə xəyanət etdi. Məndən xəbərsiz kiminləsə oxumağı, məni kiməsə dəyişməyi ciddi şəkildə narahatlığıma səbəb oldu. Hətta deyim ki, o zaman da mən heç bir şey etmədim, amma bu hadisə də dəhşətli səs-küyə səbəb oldu.

- Bəlkə bu maraqlara, söz-söhbətə özünüz bir nöqtə qoyaraq açıqlama verəsiniz ki, boşanmısınız, ya yox?


- Mən övladım üçün hər şey etmişəm. Ondan ötrü xeyli mal-mülkdən keçmişəm. Medianın ən çox maraqlandığı tərəflərimdən biri də bu idi. Çünki ətrafımda hər kəs bilib ki, mən həmişə maddi cəhətdən varlı, imkanlı olmuşam. Amma həyat yoldaşımın işi ilə bağlı elə bir vəziyyətə düşmüşəm ki, mən də var-dövlətimdən olmuşam. Sırf Atillaya görə. O zaman dedim ki, ailə dağılmasın, sənətimə ara verib ailəmi seçdim. Hazırda da yoldaşımın işi pisə doğru gedir və mən indi də onu atmağı xəyalımdan keçirməmişəm. Amma bu, yoldaşım üçün olub desəm, yalan olar. Ortada mənim uşağım var və ona görə bunu etmiş bir anayam. Mən boşanmamışam, rəsmi evliliyim kağız üzərində durur. Bunu bilərəkdən belə etmişəm. Ortada bir uşağım, Türkiyədə haqlarım var. Səhəri gün bir şey olduğu zaman desinlər ki, basa-basa getdi başqa ölkədə yaşadı, süni bir evlilik etdi, molla nikahı bağladı və sair. Mən bilərəkdən boşanmadım ki, səhərisi hüququmu qoruya bilim. Ürək olaraq yoldaşıma qarşı sevgim yoxdur. Ona bir insan olaraq hörmətim var, dostumdur...

- Bəs yoldaşınız bu cür münasibətə nə deyir?

- O da evlənməyib, həyatında heç bir qadın yoxdur. Belə bir şey olsa, bilirəm ki, açıq şəkildə mənə deyər. O, boşanmanın söhbətini belə etmir. Ora gedəndə öz evimə gedirəm. Bilmirəm, bəlkə də o nəsə umid edir ki, düzələr, amma mən Atillanı düşünərək ondan boşanmıram...

- Ailə qurub Türkiyəyə getdiyiniz üçün peşmansınız indi?

- Bəli, mən getməməliydim və kaş belə olmayaydı...

- Bu illər ərzində ikinci evlilik barəsində düşünmüsünüzmü?

- 7 il az zaman deyil. O zaman düşündüm ki, bəlkə ikinci evliliyi edim və bir qızım olsun. 3-4 il bundan qabaq çox arzulayırdım, amma sonra olmaz dedim. Amma indi düşünürəm ki, gərək ikinci dəfə evlənəydim. Mən niyə tək yaşamalıyam axı? Azərbaycanda bir çoxlarının gözü məndədir ki, Bəturə xanımla bir çay içəydim, ona bir “alo” deyəydim...

- Bəs o zaman ailə qura biləcəyiniz real bir namizəd var idi?

- Bəli, var idi, amma bunu yalnız mən özüm bilirdim. Qarşı tərəfin isə bundan heç xəbəri belə yox idi. Ola bilərdi ki, heç bu barədə ağlından belə keçirmir.

- Özünüzü gözəl xanım hesab edirsiniz?


- Bilirsiniz, gözəlliklə intellekt çox vaxt bir arada olmur. Elə gözəllər var ki, intellekti, elə intellektli xanımlar var ki, gözəlliyi yoxdu. Amma bu vəhdət məndə tamamlanır. Heç bir estetik düzəliş yoxdur məndə. Amma özümdə müəyyən detallara, yaşıdlarıma baxdığım zaman görürəm ki, bəli, mən gözəl qadınam.

- Bəs seksuallıq...

- Bir yerdə çox qadın ola bilər, 20-30. Əgər orada əkizlər bürcündən olan qadın varsa, mütləq seçiləcək və deyəcək ki, mən buradayam. Nədənsə həmişə diqqət çəkmişəm. Bu, mənim qadın kimi ortaya çıxan özəlliyimdir. Seksuallıq bədən dilidir. Bədəninizin dilini danışdıra bilirsinizsə, seksualsınız. Bunu da hər adam bacarmır və Allah vergisi kimi bir şeydir. Üstəgəl də gözəlsinizsə, ikiqat olur.

- Dəblə ayaqlaşan xanımsınız?

- Yenə də deyim ki, bürcümün xarakterini daşıyan qadınam. Bir gündə neçə cür görünə bilirəm. Belə geyinim, saçımı dəyişim, sadə geyinim, yarım saat sonra kostyum-şalvarla gələrəm, qalstukumu da taxaram. Bəzən elə bir seksual şey geyinərəm ki, özüm də özümü tanımaram. Bu, mənim əlimdə deyil. Həyat yoldaşım uzun illər sonra mənə dedi ki, həmişə düşünürdüm, səndən niyə sıxılmıram? Bir gün dostları ilə harasa gediblər, orada xanımlar da olub. Deyir bir anlıq səni düşündüm, gözümün qabağına gəldin Dedim, ya rəbbim, mənim qadınım nə qədər gözəldir, mən qadınımdan niyə sıxılmıram? Ona görə ki, evin içində cürbəcür Bəturə var. Oradaki evim iki mərtəbəlidir. Aşağıdan başqa cür çıxırdım. Yuxarıdan qayıdanda başqa Bəturə gəlirdi. O deyirdi ki, səndən sıxılmaq olmur...

- Bu cür gözəl bir xanımı oğlu qısqanmır ki?

- Zaman-zaman gecə yazışmalarımız olur. Mənə deyir ki, bu vaxtı whatsappda nə edirsən? Deyirəm, heç nə, kimsə yazdı ona baxıram. Bir kəlmə deyir ki, yat. İkinci kəlməsi yoxdur. Amma elə də qısqanc deyil. Hətta yol gedən zaman deyir ki, ana, bax qızlar bizə baxır, elə bilirlər sevgilimsən...

- Bəs deyir ki, ana, qayıt mənim yanıma?

- Bəli, deyir. Keçən günlərin birində mənə yazdı ki, ana, geri dön, dəyməz, uzun illər oldu. Yetər artıq bu ayrılıq... O gündən, bu günə çox düşünürəm ki, gedim bəlkə. Uzun müddətdir əslində bu barədə düşünürəm, oğlumun sözlərindən sonra daha da qərarım qətiləşib. Özəl həyatımla bağlı müəyyən şeylər məni sıxdı, bəzi layiq olmadığım şeylərlə qarşılaşdım. Hazırda istədiyim məqama gəlib çıxmadığımı hiss edirəm. Bəzən küsüb getmək istəyirəm.

- Qorxularınız var?

- Yalnız qalmaqdan qorxuram. Kaş, ikinci dəfə evlənəydim. İkinci uşağım da olaydı. Amma olmadı. Bəlkə özüm istəmədim, ya nəsə tərs getdi, kiməsə güvənmədim... Beynimdə bəzi şeyləri tamamlaya bilmirəm, cəmləşdirə bilmirəm. Azərbaycanda sənət baxımından müəyyən nöqtəyə gəlmişəm, sevilirəm, amma bunların arxa planında tənhayam, bu, məni çox qorxudur...
(Ailem.az)















Türklə evli olan müğənnimiz: “Açıq şəkildə təklif edirlər ki...” - MÜSAHİBƏ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ