Ani mesajlaşma sistemi olan "WhatsApp" qrup söhbəti sərhədlərini genişləndirib. ANS PRESS-in məlumatına görə, "WhatsApp"ın bu gün yenilənən İOS və Android proqram təminatları qrup söhbətinə qoşulan adam sayını 100-dən 256-ya qədər artırıb.
Yeniləmə hələ digər mobil tədbiqlərə aid olmadığından "Blackberry" və "Windows Phone" istifadəçiləri bu yenilikdən istifadə üçün bir az daha gözləməli olacaqlar. "Android" və "İphone" istifadəçiləri isə artıq maksimum 256 nəfərlik qrup söhbətlərindən istifadə etməyə başlayıb.
"WhatsApp"ın yeniliyi
Sürətli mesajlaşma proqramı olan "WhatsApp" istifadəçiləri üçün ötən gün də daha bir proqram istifadəyə verib. Belə ki, daha təkmilləşdirilmiş proqram "WhatsStats" vasitəsilə artıq siyahınızda olan insanların onlayn olduğu vaxtları asanlıqla öyrənə bilmək olar.
"WhatsStats" proqramı
Hazırlanmış proqramın istifadəçilərə verdiyi imkanlar həddindən artıq genişdir. Belə ki, izlədiyiniz, sizə maraqlı olan insanın hansı zamanlarda onlayn olduğunu, gün ərzində daha sıx xətdə olduğu vaxtları, onun status paylaşımlarını, profil fotosu keçmişinə qədər hər şeydən xəbərdar olmağınızı təmin edəcək. Bunun mümkün olması üçün həmin şəxsin status və profili hər kəsə açıq olmalıdır. Bu proqram yalnız "Android" sistem üçün nəzərdə tutulub.
Cen Koum və Brayan Akton - proqramın yaradıcıları
Bundan öncə isə "Facebook" tərəfindən satın alınan "WhatsApp"ın fərdi kompüterlərdə də çalışa bilən "WhatsApp Web" versiyası və söhbətləri "Google Drive"da saxlamaq imkanı təqdim edilmişdi.
“WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir. Qısa müddət öncə bu sistem "Facebook" tərəfindən satın alınıb.