İmam Sadiqdən (ə) belə hədis vardır ki, buyurur: "Hər kim gecə namazı qılmazsa, bizim davamçılarımızdan deyildir".
Bu hədisə əsasən gecə namaz vacib bir əməl kimi tanıdılmışdır. Bu, o deməkdirmi ki, Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, gecə namazı qılar və qılmayanlar Əhli-Beyt (ə) davamçısı deyildirlər?
Lunar.az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) davamçısı deyildikdə, iki məna nəzərdə tutulur. Bir o mənadır ki, müsəlman 12 İmamın (ə) vilayətini qəbul edər və onları özünə rəhbər bilər. Ancaq bir məna da vardır ki, orada Əhli-Beyt (ə) davamçısı olmaq xüsusi uca məqam kimi tanıdılmışdır. O kəslər ki, bütün rəftar və əməllərində Məsumların (ə) ardıcılı olarlar - onlar Əhli-Beyt (ə) davamçılarıdır.
Bu cür məqama Salman, Əbuzər və bir çox səhabələr çatmışdılar. Hər kəs bu məqama çatdığını iddia edə bilməz. O kəslər ki, bu məqama çatmayıblar - onlar Əhli-Beyti (ə) sevənlər kimi tanıdılmışdılar. Ona görə də hədisin buyurduğu Əhli-Beyt (ə) davamçısı - o kəsdir ki, məhz bu xüsusi məqama çatmışdır. Hər kim bu məqama çatmışdırsa, gecə namazını tərk edə bilməz. Əgər gecə namazını tərk edərsə, bu məqama çata bilməz.
Hər bir halda deyə bilərik ki, İmamların (ə) nəzərinə görə, həqiqi Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, gecə namazına əhəmiyyət verər.