-
Facebook
-
- ► İslam
- Baxis 1 897
- 22-04-2018, 15:53
-
Hansı qadınlarla evlənmək haramdır? Məhrəmlər kimlərdir?
Mərhəmətli və Rəhimli Allahın adı ilə. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın xeyir-duası və salamı olsun.
Sonra isə:
İslam dinində evlilik xüsusi bir yer tutur. Evliliyi halal etməklə Uca Allah qullarına böyük bir lütf etmişdir.
“Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.”(Ər-Rum, 21)
Kişi ilə qadının evlənməsi halal olsa da, bir neçə qisim kişi və qadınlar var ki, onların bir-biri ilə evlənməsini Allah Təala haram etmişdir. Həmçinin, bu qisimlərdən bəziləri bir-birinə məhrəm sayılır. Gəlin baxaq, hansı qadınlarla evlənmək müsəlman kişiyə haramdır və onun məhrəmləri kimlərdir.
Allah Təala buyurub:
“Olub-keçənlər istisna ol-maqla (bundan sonra) atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur.
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi…” (Ən-Nisə, 22-24)
Beləliklə, evlənməyi haram olan qadınlar iki hissəyə bölünür:
Evlənməsi əbədi olaraq haram olanlar.
Evlənməsi müvəqqəti olaraq haram olanlar.
Evlənməsi əbədi olaraq haram olanlar. Kişiyə hər hansı bir qadınla evlənmək aşağıdakı dörd səbəbdən birinə görə əbədi olaraq haram ola bilər:
Nəsil qohumluğuna görə;
Səbəbi evlilik olan qohumluğa görə;
Süd qohumluğuna görə;
Bu ilk üç səbəbə görə evlənməsi haram olan qadınlar kişinin məhrəmləri sayılır. Bu qadınlar onun yanında hicabsız gəzə bilər, onunla danışa bilərlər.
Lənətləşərək ayrıldıqlarına görə.
Birinci: Nəsil qohumluğuna görə evlənməsi haram olanlar yeddi qismə bölünür:
Analar: ana, nənə (istər ata tərəfdən, istər ana tərəfdən), valideynlərin nənələri və daha yuxarı. İstər varis olsunlar, istər olmasınlar, hamısı məhrəm sayılır.
Qızlar: öz qızları, nəvələri (oğlunun qızları, qızının qızları) və daha aşağı. (nəticə, kötükcə və s.)
Bacılar: doğma, ya atabir, ya da anabir bacılar.
Bibilər: atanın doğma, ya atabir, ya da anabir bacıları, atanın bibiləri, ananın bibiləri və daha yuxarı (yəni, babanın və nənənin bibiləri və s.)
Xalalar: ananın doğma, ya atabir, ya da anabir bacıları, atanın xalaları, ananın xalaları və daha yuxarı (yəni, babanın və nənənin xalaları və s.)
Qardaşqızları: doğma, ya atabir, ya da anabir qardaşların qızları, qız nəvələri və daha aşağı.
Bacıqızları: doğma, ya atabir, ya da anabir bacıların qızları, qız nəvələri və daha aşağı.
Bu yeddi qisim qadınlarla evlənmək alimlərin ittifaqı ilə haramdır və onlar kişinin məhrəmləridir.
Əmiqızı, bibiqızı, dayıqızı və xalaqızı isə, məhrəm sayılmır və onlarla evlənmək icazəlidir. Allah Təala buyurub:
“Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncu) digər möminlərə deyil, yalnız sənə məxsusdur…” (Əl-Əhzəb, 50)
İkinci: Səbəbi evlilik olan qohumluğa görə evlənməsi haram olanlar dörd qismə bölünür və onların hamısı kişinin məhrəmləridir:
Qayınana: arvadının anası, nənəsi (istər ata, istər ana tərəfdən) və daha yuxarı. Kişi hətta cinsi əlaqəyə girmədən arvadını boşasa belə, yenə də onun anasını ala bilməz.
Gəlin: oğlunun arvadı, nəvəsinin arvadı və daha aşağı. Oğlu arvadı ilə cinsi əlaqəyə girmədən onu boşasa belə, yenə də atası o qadını ala bilməz.
Atanın arvadı (atasının nikah kəsdiyi qadın, hətta onunla cinsi əlaqəyə girmədən onu boşayıbsa belə, oğlu o qadını ala bilməz).
Arvadının (başqa kişidən olan) qızı. Əgər kişi aldığı uşaqlı qadınla cinsi əlaqə giribsə, onu boşadıqdan sonra onun qızı ilə evlənə bilməz. Yox, əgər qadınla cinsi əlaqəyə girmədən onu boşayarsa, həmin qadının qızını almaq ona halal olar.
Həmçinin, arvadının nəvəsi də eyni hökümdədir. Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
“Ona arvadının qızı, həmçinin, qızının qızı və daha aşağı haramdır. Ögey oğlunun qızı da ona haramdır, bunu məşhur imamlar deyiblər və bunda bir ixtilaf bilmirəm.” (“Məcmuul-fətəva”, 32/65)
*Sual: Yuxarıda keçən ayədə Allah Təala “yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi” buyurur. Bu o deməkdir ki, kişi himayəsində olmayan, başqa yerdə yaşayan ögey qızı ilə evlənə bilər?
Cavab: Alimlərin çoxunun rəyinə əsasən, ayədəki “himayənizdə olan” ifadəsi şərt bildirmir, bu qeyd yalnız ona görədir ki, əksər hallarda kişi ögey qızını öz evində, öz himayəsi altında saxlayır. İbnul-Munzir (Allah ona rəhmət etsin) və başqaları bu barədə fəqihlərin icmasını nəql etmişdir. (Bax: “Əl-İstizkər”, 5/460; “Cəmiu əhkəmin-nisə”, 3/85-104.)
Üçüncü: Süd qohumluğuna görə. Buna dəlil yuxarıda keçən ayədir:
“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi…” (Ən-Nisə, 23)
Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əmisi Həmzənin (Allah ondan razı olsun) qızı barədə belə demişdir:
“O, mənə halal deyil, nəsil qohumluğundan nə haramdırsa, süd qohumluğundan da haramdır, o, mənim süd qardaşımın qızıdır”. (Buxari, 645; Muslim 1447)
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) öz əmisi Həmzə ilə süd qardaşları idi, buna görə onun qızıyla evlənə bilməzdi. Demək, bir kişi necə ki öz doğma qardaşı qızı ilə evlənə bilməz, eləcə də süd qardaşının qızı ilə də evlənə bilməz – “nəsil qohumluğundan nə haramdırsa, süd qohumluğundan da haramdır” qaydasının mənası budur.
Yuxarıda nəsil qohumluğuna görə evlənməsi haram olan qadınları sadaladıq və dedik ki, onlar yeddi qismə bölünür. Həmin yeddi qisim qadın nəsil deyil, süd qohumları olarsa, onlar da kişiyə haram olur. Məsələn: süd anası; süd nənəsi; süd qızı (və nəvəsi); süd xalası; süd bibisi; süd bacısı; süd qardaşlarının və bacılarının qızları və s. Bu qadınlar da kişiyə məhrəmdir.
Qeyd 1: Süd atası deyiləndə, yalnız o kişi nəzərdə tutulur ki, qadının ondan hamilə qalması səbəbi ilə qadının südü əmələ gəlir. Bu südlə qadın kimi əmizdirərsə, o uşaq həmin kişinin süd övladı sayılır. Qadının keçmiş və ya gələcək əri həmin uşağın süd atası sayılmır.
Ata tərəfdən hansı qohumlarla evlənmək haramdırsa, süd atası tərəfdən də elədir. Aişənin (Allah ondan razı olsun) hədisində gəlib ki, Əbul-Queysin qardaşı Əfləh Aişənin yanına girmək üçün ondan icazə istəyir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona belə deyir: “Əfləhə icazə ver, çünki o, sənin əmindir”. Əbul-Queysin arvadı Aişəyə süd vermişdi. (Buxari, 5103, 5239; Muslim, 1445)
Yəni, Əfləh Aişənin süd atasının qardaşı olduğu üçün onun məhrəmi (süd əmisi) idi.
Buradan belə sual çıxır:
Bir kişinin iki arvadı var, onlardan biri oğlan uşağı əmizdirib, o birisi isə, qız uşağı. Bu oğlan bu qızla evlənə bilər?
Cavab: İbn Abbas (Allah hər ikisindən razı olsun) bu barədə soruşuldu və belə dedi: “Xeyr, çünki məni (sperma) eynidir”. (Yəni, olmaz, çünki hər ikisinin yediyi süd eyni kişinin belindən gələn məninin nəticəsidir – tərc.) (Bax: Tirmizi, 1144; Məlik, 2/602)
Qeyd 2: Səbəbi evlilik olan qohumluq nəyi haram edirsə, süd qohumluğu da onu haram edir – bu, alimlər arasında ixtilaflı olan məsələdir. Bu qaydanı qəbul edən alimlər çoxluq təşkil edir və bu rəyə əsasən, bir kişiyə onun süd atasının arvadı, süd oğlunun arvadı, arvadının süd anası və arvadının süd qızı (əgər arvadıyla cinsi əlaqədə olubsa) da haramdır və onlar kişinin məhrəmlərindəndir.
Qeyd 3: Süd qohumluğuna görə evlənməyin haramlığı yalnız əmizdirilən uşağa aiddir, onun qardaş-bacılarına və ya başqa qohumlarına aid deyil. Məsələn, ailədə iki qardaş var – Əhməd və Məhəmməd. Əhməd başqa bir qadından süd yediyinə görə onun süd oğlu, qadının övladlarının da qardaşıdır. Lakin Məhəmməd o qadından süd yemədiyinə görə, onun süd oğlu sayılmır, baxmayaraq ki, o, Əhmədin qardaşıdır. Demək, Əhmədə o qadının qızı ilə evlənmək haram olsa da, Məhəmmədə halaldır. Həmçinin, qadının oğlu Əhmədin bacısı ilə evlənə bilər.
Dördüncü: Lənətləşmə ilə ayrılan ər-arvad da bir-birinə əbədi olaraq haram olur. Lakin ayrıldıqdan sonra bir-birlərinə naməhrəm olurlar. Lənətləşmə o zaman olur ki, kişi arvadını zinada ittiham edir, lakin dörd şahidi olmur, qadın isə, zina etdiyini təsdiqləmir. Bu halda, onlar lənətləşərək ayrılırlar.
Allah Təala buyurub:
“Arvadlarını (zinada) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması,
beşinci dəfə isə: ‘Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!’ (deməsidir).
Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər.
Beşinci dəfə: ‘Əgər (ər) doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!’ (deməlidir).” (Ən-Nur, 6-9)
Evlənməsi müvəqqəti olaraq haram olanlar. Kişi bu qisim qadınlarla ortada müəyyən səbəblər mövcud olduğuna görə müvəqqəti olaraq evlənə bilməz. Yəni, əgər həmin səbəblər aradan qalxarsa, bu qadınlarla evlənmək kişiyə halal olar. Bunlar aşağıdakılardır:
Arvadının bacısı (doğma, ya atabir, ya anabir ya da süd bacısı).
Allah Təala buyurub: “…və iki bacını birlikdə almaq da sizə haramdır.” (Ən-Nisə, 23). Lakin, əgər kişinin zövcəsi vəfat edərsə və ya kişi onu boşayarsa, bu halda onun bacısı ilə evlənə bilər.
Arvadının bibisi və xalası (doğma, valideynlərin bibi-xalaları, süd bibi-xalalar).
Arvadının qardaşı qızı və ya bacısı qızı (doğma, ya atabir, ya anabir, ya da süd qardaşı/bacısı qızı).
Bu ikisinə dəlil isə, səhih sünnədəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub:
“Qadınla onun bibisi və ya xalası cəm edilməz (yəni, eyni vaxtda ikisi ilə də evli olmaq olmaz).” (Buxari, 5109; Muslim, 1408)
Lakin, arvadı vəfat edərsə və ya onu boşayarsa, onun bibisini (xalasını) və ya qardaşı (bacısı) qızını ala bilər.
Başqasının arvadı.
“Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi).” (Ən-Nisə, 24)
Lakin, əgər ərli qadın ərindən boşanarsa və ya əri vəfat edərsə, başqa kişi onu ala bilər.
Üç dəfə talaq verdiyi (boşadığı) arvadı.
Kişi arvadına üç dəfə talaq verərsə, artıq o qadın ona haram olar. O vaxta qədər ki, həmin qadın başqa kişiyə (saxta olmayan nikahla) ərə gedə, onunla cinsi əlaqədə ola, bundan sonra əgər o kişi ölsə və ya qadını boşasa, yalnız bu halda keçmiş əri onunla yenidən evlənə bilər. Allah Təala buyurub:
“Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə (yenidən) əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur.” (Əl-Bəqərə, 230)
Müşrik qadın.
Allah Təala buyurub:
“Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin.” (Əl-Bəqərə, 221)
Ateist, başqa dində olan, heç bir dini olmayan, islamdan mürtəd olub çıxan qadınlarla da evlənmək olmaz. Lakin, kitab əhlindən olan (yəhudi və xristian) qadınlar istisnadır, onlarla (iffətliləri ilə) evlənmək olar. Allah Təala buyurub:
“İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır.” (Əl-Məidə, 5)
Beşinci arvad.
İslam şəriətində kişi eyni vaxtda dörd qadınla evli ola bilər. Beşincini ( və ya daha çox) almaq isə, ona haramdır. Allah Təala buyurub:
“Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin.” (Ən-Nisə, 3)
Ehramda olan qadın.
Həcc və ya ümrə etmək üçün ehrama girən qadınla o, ehramdan tam olaraq çıxana qədər evlənmək olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub:
“Ehramda olan evlənməz, ərə getməz və elçi düşməz.” (Muslim, 1409)
Zinakar qadın.
Allah Təala buyurub:
“Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir.” (Ən-Nur, 3)
Lakin, əgər zinakar qadın bu əməlindən tövbə edərsə, müsəlman onunla evlənə bilər.
Xülasə: Məqalədə zikr olunan iki möfhumun arasındakı fərqi bilmək lazımdır. Bir var evlənməsi haram olan qadınlar, bir də var məhrəm olan qadınlar. Hər evlənməsi haram olan qadın məhrəm deyil. Hər bir məhrəm ilə evlənmək haramdır, lakin hər naməhrəmlə evlənmək halal deyil. Kişiyə məhrəm olan qadınlar onun yanında başıaçıq gəzə, onunla təklikdə qala, onunla danışa, ona toxuna və onunla səfər edə bilər.
Müxtəsər olaraq sadalasaq, məhrəm qadınlar aşağıdakılardır:
Ana
Nənə
Bacı
Qız
Nəvə
Bibi
Xala
Qardaşqızı
Bacıqızı
Qayınana
Gəlin (qayınataya)
Atanın arvadı
Arvadın qızı (yuxarıda qeyd olunan şərt ilə)
Süd qohumluğu səbəbi ilə yuxarıdakı qisimlərə daxil olan qadınlar (süd anası və s.)
*Xüsusi qeyd etmək lazımdır ki, əmiqızı, bibiqızı, dayıqızı, xalaqızı, həmçinin, qardaşarvadı, əmiarvadı və dayıarvadı naməhrəmdirlər.
BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.