Nəql edilir: "Peyğəmbərə (s) xəbər verirlər ki, tərəfdaşlarından biri can verir və ölüm ayağındadır. Həzrət (s) bu xəbəri eşidən kimi ayağa qalxır və səhabələri ilə birlikdə onun evinə yollanır.
Həzrət Rəsuli-Əkrəm (s) evə daxil olur və xəstənin yatağının kənarında qərar tutur.
Ancaq xəstə o halda idi ki, Peyğəmbəri (s) eşitmirdi. Çünki can verirdi.
Həzrət Peyğəmbər (s) bu mənzərəni görən zaman narahat olur və üzünü Əzrayilə (ə) tutub buyurur: "Ey Əzrayil! Bu kişiyə fürsət ver, onunla söhbət edim".
Lunar.az deyerler.org-a istinadən bildirir ki, Həzrətin (s) Əzrayil (ə) ilə söhbəti bitəndən sonra hamı gördü ki, xəstə yavaş-yavaş özünə gəlir və adi halına dönür.
Həmin kişi gözlərini açır və görür ki, Peyğəmbər (s) kənarında əyləşmişdir və Həzrətə (s) salam verir. Peyğəmbər (s) dodaqlarında təbəssüm ilə ona buyurur: "Nə xəbər? O halda nələri gördün?".
Kişi deyir: "Ey Allahın Rəsulu! Qəribə bir səhnə idi. O halda qaranlıqları görürdüm ki, mənə tərəf gəlir".
Bu kişinin günahları çox idi və ölüm anında qaranlıqlar kimi qarşısında zahir olmuşdu.
Həzrət (s) bu cavabı eşidən kimi üzünü ona çevirib, buyurur: "Mənim oxuduğum bu duanı oxu: "Allahım! Mənim çoxlu günahlarımı bağışla və az olan yaxşı əməllərimi qəbul et!".
Həmin kişi bu duanı zümzümə etdi və yenə də huşdan getdi. Həzrət Peyğəmbər (s) gözləyir ki, bu şəxs yenə huşa gəlsin. Kişi özünə gələn zaman Həzrət (s) soruşur ki, indi nə gördün?
Kişi deyir: "Ey Allahın Rəsulu! Gördüm ki, mənə tərəf ağ rəngli nur gəlir".
Əziz Peyğəmbər (s) çox sevinir və mübarək üzündə təbəssüm görünür. Üzünü kişinin qohumlarına çevirib, buyurur: "Allah bu kişinin günahlarını bağışladı".
Bir müddət sonra kişi can verib qurtardı.
Həzrət İmam Sadiq (ə) bu hədisi nəql edəndən sonra buyurur: "Nə zaman can verən birinin yanına getsəniz, bu duanı onun üçün oxuyun. Bu dua hər bir dərdə dəva ola bilər. Can verən anlarda İlahi bağışlamanı əldə etməyin ən yaxşı yoludur".