İmam Həsən Əsgərinin (ə) nəzərinə görə, insan əgər ali məqama çatmaq istəyirsə gərək pərvaz etməyi bacarsın. Ona uçmaq üçün isə 2 qanad lazımdır. Bu qanadlardan biri təfəkkür və düşüncəsidir ki, nəhayət gətirib imana çıxardar. O biri qanad isə saleh əməldir.
Lunar.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Nadanın qəlbi - onun dilindədir. Aqilin ağzı isə onun qəlbindədir". Yəni, aqil və düşüncəli insan əvvəl dedikləri barəsində düşünər, sonra söz deyər. Ancaq ağılsız və nadan insan əvvəl söz deyər, sonra onun pis aqibəti barəsində düşünər və peşman olar. O səbəbdən aqil insan daha az səhv edər, əksinə - nadan çox.
İmam Həsən Əsgəri (ə) buyurur: "Düşünün. Həqiqətən də (bu,) agah qəlbin yaşamasına səbəb olar və hikmət qapılarının açarıdır".
İmam (ə) başqa yerdə buyurur: "Ancaq Allah aqilə xitab edir". Bu qısa kəlamla Həzrət (ə) buyurur ki, Allah təfəkkür əhli ilə söhbət edər və danışar. Çünki onlar, düşüncə qüvvəsindən istifadə edərlər.
İmam (ə) buyurur: "İbadət - namazın və orucun çoxluğu ilə deyildir. Həqiqətən ibadət - Allahın işləri barəsində çox düşünməkdir".
İmam Həsən Əsgəri (ə) İshaq ibni İsmayil Nişapuriyə yazdığı məktubda buyurur: "Ey İshaq! Allah sənə və sənin kimilərə ki, İlahi rəhmətdə qərar tutur və Allahın verdiyi bəsirətə maliksiniz, nemətini tamamlamışdır. Ona görə də yəqin bil ki, hər kim dünyadan kor çıxar, axirətdə də kor və yolunu azmış olar. Ey İshaq! Gözlər kor olmaz, bəlkə o halda ki, sinələrdə olan qəlb kor olar. Bu söz - Allahın Kitabındandır ki, Allahdan qafil olanın dilindən buyurur: "O deyər: "Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?". (Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!". ("Taha" 125-126).
İmam (ə) təfəkkürlə yanaşı, saleh əməlin də olmasını zəruri bilir və buyurur: "Sizə İlahi təqvanı, dininizdə təvazökarlığı, Allah yolunda səy göstərməyi, düz danışmağı, əmanəti qaytarmağı, uzun səcdəni və yaxşı qonşu olmağı tövsiyə edirəm. Onların dəstələrində (müxaliflərin) namaz qılın və onların cənazə mərasimində iştirak edin. Xəstələrini ziyarət edin, haqlarını əda edin. Çünki əgər sizlərdən hər kimin dində təvazökarlığı olarsa, sözü düz deyərsə, əmanəti qaytararsa və insanlarla əxlaqı yaxşı olarsa, deyərlər: bu, Əhli-Beyt (ə) davamçısıdır. Mən də bundan şad olaram".