Quranın bütün səhifələrini cəm edərək ilk kitab halına salan üçüncü rəşidi xəlifə Osman ibn Affandır (Allah ondan razı olsun). Ondan qabaq isə digər səhabələr artıq bu işə başlamışdılar. Peyğəmbərin (salləllahu aleyhi və aəlləm) sağlığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşırılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi.
Lunar.Az zikr.az-a istinadən bildirir ki, çünki hafizlər (Quranı tam əzbər bilənlər) güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Beləliklə səhabələr, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, həmçinin Zubeyr ibn Əvvam, Ubeyy ibn Kə'b, Zeyd ibn Sabit, Muaviyə ibn Əbu Sufyan və Məhəmməd ibn Məsləmə (radıyəllahu anhum) Quranın katibliyini etmiş səhabələrdəndir. Lakin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran tam bir kitab halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin (radıyəllahu anhu) xilafəti zamanı Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən də Ömər ibn əl-Xattab Əbu Bəkrə (radıyəllahu anhumə) təklif etdi ki, Quranı bir kitab halında toplasın. Bu barədə əl-Buxarinin (rahiməhullahu) Zeyd ibn Sabitdən (radıyəllahu anhu) rəvayət etdiyi hədisdə belə buyurulur: "Yəmamə əhalisi ilə müharibə zamanı Əbu Bəkr əs-Siddiq (radıyəllahu anhu) məni yanına çağırdı. Ömər ibn əl-Xəttab (radıyəllahu anhu) da orada idi. Əbu Bəkr (radıyəllahu anhu) dedi: Ömər ibn əl-Xəttab (radıyəllahu anhu) mənə deyir ki, Quranı əzbər bilənlər aramızdan gedir. Onlarla Quranın da çox hissəsi məhv olur. Mənim fikrimcə Quranı toplamaq barədə əmr verməlisən. Mən Ömərdən (radlyəllahu anhu) soruşdum ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) görmədiyi bir işi mən necə görə bilərəm? Ömər (radıyəllahu anhu) dedi ki, bu xeyirxah bir işdir. Vallahi, Ömər (radıyəllahu anhu) bu işdə çox təkid edir. Uca Allah bu işi mənim də ürəyimə saldı. Mən də Ömərin (radıyəllahu anhu) fikrinə şərik oldum. Əbu Bəkr əs-Siddiq (radıyəllahu anhu) daha sonra dedi: "Sən ağıllı bir gəncsən. Sənə heç bir iradım yoxdur. Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün vəyhləri yazardın. Quranın yazılarını axtar və bir yerə topla". Zeyd ibn Sabit (radıyəllahu anhu) deyir ki: "Vallahi, əgər mənə dağı yerindən tərpətməyi tapşırsaydılar, bu heç də Quranı toplmaq işindən ağır olmazdı". Beləliklə, dəri, xurma yarpaqları, sümüklər, saf daşlar, ayrı-ayrı lövhələr üzərində yazılmış və ayrı-ayrı adamların əzbərləyib yadda saxladıqları Quranı axtarıb toplamağa başladım".
Zeyd (radıyəllahu anhu) deyir ki: "Mən Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım".