İmam Sadiq (ə) buyurur: "Əgər həccində min nəfəri şərik etsən, Allah hər birinə bir həccin savabını verər, baxmayaraq ki, sənin həcc savabından bir şey əskilməz".
Bir nəfər İmam Sadiqə (ə) deyir: "İstəyirəm ki, qızım üçün həcc yerinə yetirim". İmam (ə) buyurur: "Elə həmin indi həccini qızın üçün qərar ver".
Lunar.Az deyerler.org-a istinadən bildirir ki, bir nəfər İmam Sadiqdən (ə) soruşur: "Ata və anamı öz həccimdə şərik edə bilərəmmi?". Həzrət (ə) buyurur: "Bəli". Deyir: "Qardaşımı həccimdə şərik edə bilərəmmi?". Həzrət (ə) buyurur: "Bəli. Allah Təala sənin üçün bir həccin savabını verər, onlar üçün də bir həccin savabını. Sənə başqa bir savab da verər ki, sileyi-rəhm etmisən". Deyir: "Kufədə olan qadın və kişilərin niyyəti ilə təvaf edə bilərəmmi?". Həzrət (ə) buyurur: "Bəli, təvafa başlayan zaman onun adını çəkirsən və deyirsən: "Allahım! Bu təvafı filankəsdən qəbul et!"". (Həvzəh)
İmam Sadiq (ə) valideynlərini, qohumlarını həcc əməlində şərik edən insana buyurur: "Bu halda sənin əməl dəftərində bir həccin savabı qeyd olunar. Sən əlavə əcr və savab da alarsan, ona görə ki, sileyi-rəhm etmisən".
Bəli, bu hədislərdən də göründüyü kimi, hər birimiz saleh əməllərimizdə başqalarını da şərik edə bilərik. Bu, valideynlərimiz, bacı-qardaşlarımız, din qardaşlarımız, bədvarislər, bivarislər, dostlarımız və Məsum İmamlar (ə) da ola bilər. Necə də yaxşı olar ki, müstəhəb namaz qılanda, Quran oxuyanda, Məsumların (ə) qəbirlərini ziyarət edəndə və başqa müstəhəb əməlləri yerinə yetirən zaman başqalarını da həmin əməllərə şərik edək, xüsusilə də ölmüş yaxınlarımızı. Çünki onların əməl dəftəri artıq bağlanmışdır və bu yolla onlara əlavə savab qazandırmış olarıq. Həm onlar savab qazanar və həm də bizim əcr və mükafatımız ikiqat olar.