[center]“İlahi, Səndən həmişə qəlbimdə olası sabit iman və sadiq yəqin istəyirəm ki, təqdir qələminin yazdığından başqa bir şeyin mənə çatmayacağına inanam. Məni yaşayış vasitələrindən qismətimə verdiklərin üçün razı və xoşhal et. Ey mehribanların ən mehribanı”.
Bu hissə “Əbu-Həmzə” duasının axırıncı cümlələrindəndir. İmam Səccad (ə) duadan sonra, axırıncı və ən üstün istəyini bu iki cümlədə xülasələşdirərək Allahdan “sabit iman” və “ilahi qəzavü qədərə razılıq” tələb edir.
Məlum olur ki, iman çox əhəmiyyətli olduğundan imam Səccad (ə) bu uzun münacatdan sonra Allahdan ona iman əta etməsini istəyir. Həmçinin iman yarandıqdan sonra xətər qorxusu olduğu üçün Allahdan ona qəlbində sabit və əbədi qalacaq bir iman əta etməsini istəyir. Əgər insanda iman yaranarsa, o qürurlanıb bu imanın onda həmişəlik və sabit qalacağını təsəvvür etməməlidir.
İnsanın dili imanın dəyərini vəsf etməkdə acizdir. İman insan ruhunun sakitlik mayası, həyat çətinliklərində insanın pənahgahı, ən əsası, əbədi səadət və axirət əzabından qurtuluş səbəbidir.
İman (zəif də olsa) Allahın insana mərhəmət etdiyi ən böyük nemətdir. Belə bir imanın təsiri çox zəif olsa da, o həm də çox dəyərli, dünya və axirət səadəti üçün əhəmiyyətlidir. İnsanın imanla münasibəti balığın su ilə münasibəti kimidir. Balıq nə qədər ki sudadır, suyun qədrini bilmir. Lakin sudan çıxan kimi necə də böyük nemət içində olduğunu, indi isə bu nemətdən məhrum qaldığını anlayır. Biz də, həmd olsun Allaha, bu böyük ilahi nemətdən bəhrələnirik. Zəif olsa da həyatımız onun əhatəsindədir. Əgər Allah eləməmiş, həmin zəif iman bizdən alınarsa, şəkk və zəlalət halına düçar olarıq. Bu zaman necə də böyük nemətə sahib olduğumuzu və bu nemətin bizdən alındığını anlayarıq.
Bir şəxs nəql edir ki, səfərdə bir nəfərlə tanış oldum. Onun bütün əməl və halları təbii idi. Lakin cümə gecələrini səhərə qədər oyaq qalır, əhya saxlayırdı. Bu işin səbəbini soruşdum. O dedi: Bir çətinliklə qarşılaşmışdım. Əhd etdim ki, Allah onu aradan qaldıran gündən ömrümün axırınadək cümə gecələrini əhya saxlayım. Ondan soruşdum: “Sizin çətinliyiniz nə idi?” (Biz elə təsəvvür edirik ki, onun çətinliyi kasıblıq, xəstəlik və ya bu kimi başqa problemlər olduğundan əhd etməyə məcbur olub.)
O belə cavab verdi: Bir etiqadda şəkk-şübhəyə düçar olmuşdum və imanım zəifləmişdi. Özümü bu haldan çıxarmaq üçün nə qədər çalışdımsa, bacarmadım. Bir çox şəxslərə müraciət etdim. Hərəsi bir kitab göstərdi. Çoxları ilə söhbət etdim. Amma bunların heç bir həqiqi təsiri olmadı. Əksinə, iztirabım artırdı. Eşitdim ki, müqəddəs Məşhəddə şeyx Həsən Əli İsfahani adlı bir alim yüksək məqam və kəramət sahibidir, xalqın çətinliklərini həll edir. Ona bir məktub yazıb öz şərhi halımı açıqladım. Əhvaz əhalisindən olduğum üçün məktubun cavabında belə yazdı:
“Filan gün, filan saat Karun çayının kənarına gedib, xurmalıqların bir guşəsində otur, bəlkə Allah sənin çətinliyini aradan qaldırdı!” Həmin gün təyin olunmuş saatda ora gedib bir guşədə oturdum. Çaya tamaşa etdiyim vaxt bir camışın suyun ortasında üzdüyünü gördüm.
Camış tədricən mənə tərəf gəlib sahilə çatdı. Sudan çıxıb bir neçə dəqiqə xurmalıqda dayandı və qarnında olan balasını doğdu. Sonra onu təmizləyib süd verdi. Bu mənzərəyə tamaşa etdikdən sonra bütün şəklərim aradan qalxdı, ruhum sakitləşdi. Yenidən imanımı tapdığım üçün bu nemətin şükrü olaraq özümlə əhd bağladım ki, hər cümə axşamı sübhə qədər oyaq qalam.
Bir müddət iman nemətindən məhrum olub, yenidən Allah tərəfindən bu nemətə çatan şəxslər iman nemətinin qədrini daha yaxşı bilirlər. İmansızlığın pis təsirini, etiqadın zəifləməsini və onun acısını dadan şəxslər imanı qənimət sayırlar. Lakin heç bir zaman imanımız bizdən alınmadığı üçün (zəif də olsa) onun nə qədər dəyərli olduğunu anlamırıq.
Zərifinin dediyi kimi “Allahsızlıq görməmişik ki, Allaha imanın nə qədər böyük nemət olduğunu anlayaq!” Gərək imanımızın xətərə düşməməsi və möhkəm qalması üçün çalışaq. Beləcə, inşaallah, imanlı halda dünyadan gedək. Əgər bir gün insanın Allahla əlaqəsi kəsilsə və o yolu itirsə, yol tapmaq üçün çalışıb kiçik bir baca belə tapmadıqda necə böyük bəlaya düşdüyünü anlayar.