Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Namazın və hərəkətlərinin hikmət və sirləri

Namazın və hərəkətlərinin hikmət və sirləri

Namazın və hərəkətlərinin hikmət və sirləri

Namaza giriş

Namazın başlanğıc təkbiri və qiyam

Subhənəkə, əuzu-bismillah və qiraət

Namazın qiyamı nəyi xatırladır?

Növbə "Fatihə”nindir

Rüku Uca Allahın hüzurunda baş əyməkdir

Qavmə

Və bəndənin Rəbbinə ən yaxın olduğu an: Səcdə

Səcdələr arası oturuş: Cəlsə

Təşəhhüd, əttəhiyyat, salət və salam

Namazın beş əsası vardır. Qiraət, qiyam, rüku, səcdə və zikr. Bunların hamısının adı ayələrdən gəlir. Qiyam istilahı "Gecələr qalx, az bir qismi istisna, gecəni ibadətlə keçir[1] və "Namazlara, (xüsusilə) orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)”[2] ayələrində işlənən "qiyam” kəlməsindən götürülmüşdür.

Qiraət "Günortadan gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur”[3] ayəsindəki "qara ə” söz kökünə istinad olunmuşdur.

Rüku istilahı da "Namazı layiqincə qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”[4] ayəsindən götürülmüşdür.

Səcdə (sücud) istilahının adı isə bu ayələrlə bağlıdır: "Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə birlikdə ol!”[5] "Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et, (Ona) yaxınlaş!”[6]

Zikr istilahı "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”[7] və "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahı zikr etməkdən yayındırmasın!”[8] məallı ayələrdə işlənən zikr kəlməsindən götürülmüşdür.

Bəli, namazdakı hərəkətlərin ən şərəflisi səcdə, zikrlərin ən fəzilətlisi isə qiraətdir. İlk nazil olan "Ələq” surəsi də "İqra – Oxu” əmri ilə başlayıb "Vəscüd vaqtərib – Səcdə et və Allaha yaxınlaş” sözləri ilə bitir. Namaz da qiraət ilə başlayıb səcdə ilə yekunlaşır. İslamın ən önəmli və axirətdə ilk sorğu-suala çəkilən əməli namazdır ki, "Ələq” surəsinin (Quranın ilk nazil olan surəsi) ilk ayəsinin qiraəti, son ayəsinin isə səcdəni əmr etməsi də bu baxımdan xoş təvafüqdür.

Namaza giriş

Namazı layiqincə qılmağa çalışan bir mömin öz səviyyəsində meraca yüksəlmiş sayılır. Peyğəmbərimiz (s.ə.s) meraca çıxdı, imkan (məxluqat) aləminin hüdudlarına çatdı, Rəbbinin hüzuruna vardı. Müsəlman da namaz ibadətini nə qədər layiqincə yerinə yetirə, namazda ilahi dərgaha nə qədər ürəkdən yönələ bilirsə, o səviyyədə meraca yüksəlmiş olur. Özünü Uca Allahın dərgahında hiss edir, sanki Onu görür. Qəlbi imanla elə coşub-daşır ki, elə bil yer üzündə deyil, Rəbbin dərgahında rüku edir, alnını torpağa deyil, İlahinin hüzuruna qoyur.

Namazın başlanğıc təkbiri və qiyam

Mömin namaza başlayarkən əllərini çiyinlərinə qədər qaldırıb təkbir gətirir, yəni "Allahu-Əkbər” deyir. Sanki bu hərəkəti ilə dünyanın hər şeyini bir kənara atıb Rəbbinə üz tutur. O andan etibarən Rəbbi ilə baş-başa qalır. Bu təkbirlə qəlb və dil birləşib yalnız Allahın böyüklüyünü və ucalığını hayqırır. Qəflətə "əlvida” deyən bu təkbirdən sonra dildən təqdis və təsbih kəlmələri eşidilir, qəlbdən də təsdiq pıçıltıları duyulur.

Mömin Allaha ehtiram hissi ilə əllərini bağlayır. Uca Yaradanın hüzurunda əmrə müntəzir dayanır. Artıq qəlbən və xəyalən Allahın hüzurunda, Kəbənin önündədir. Zamanın səssiz işləyən əqrəbləri dayanır. Dünyəvi və üxrəvi bütün arzu, həvəs və istəklərdən əsər-əlamət qalmır. Əl, ayaq kimi, qəlb də ilahi dərgahın qapısını döyür, sayğı, qorxu və tam təslimiyyətlə Rəbbinin hüzurunda hazır dayanır.

Qəlb Allahdan qeyrisi ilə məşğul olsa, dilin söylədiklərini təsdiq edə bilməz. Buna görə də o, dilin dediyini dinləməli və dodaqlardan çıxan kəlmələri müşayiət etməlidir. Yəni qəlb başlanğıc təkbirindən sonra Allaha yönələn dilə itaət etməyə borcludur. Beləliklə, gözlər səcdə yerinə dikilir, qəlb Allaha yönəlir, dodaqlar da ayələrlə qımıldanmağa başlayır.

Bəndə, Rəbbinin Ululuğunu "Böyük Sənsən Allahım” mənasında "Allahu Əkbər” sözləri ilə elan edir. Böyüklük iddiasında olanlar Allahın yanında bir toz zərrəciyi qədər kiçik və heçdir. Əzəmət və Kibriya (böyüklük) isə ancaq Ona məxsusdur. İnsan bu duyğu-düşüncələrlə ona şah damarından da yaxın olan Uca Allahın hüzurunda olduğunu qavramağa, daha doğrusu, bu həqiqəti ağlından çıxarmamağa çalışır.

Müsəlman namaza başlayarkən və onun digər rüknlərini yerinə yetirərkən "Allahu Əkbər” deyir: həqiqi böyüklüyün yalnız Allaha aid olduğunu, Onun ağıla, xəyala gələn hər şeyin fövqündə dayandığını ifadə edərək namaza başlayır. Hər iki dünyadan vaz keçir. Maddi aləmin maddi qayğılarından xilas olub uca qulluq mərtəbəsinə qədəm basır. Bir mənada Allah-Təalanın qarşısında dayanıb Onunla mükaliməyə[9] girdiyini hiss edir.

Namaza başlayarkən "Allahu Əkbər” (təkbir) demək Allahın əmrini yerinə yetirmək, Onun böyüklüyünü hayqırmaq mənasına gəlir. Yahudilər bu başlanğıc təkbirinə görə müsəlmanlara həsəd aparırdılar.

İlk təkbir namazın bəzəyi olmaqla yanaşı, həm də əllərə məxsus bir ibadətdir. Hər bir üzvün özünəməxsus ibadəti olduğu kimi, əllərin də ibadəti vardır: təkbir gətirmək üçün qulaqlara qədər qalxıb bütün iş və qayğıları arxada qoymaq.

Subhənəkə, əuzu-bismillah və qiraət

Mömin təkbir gətirib namaza başlayandan sonra "Subhənəkə” duasını oxuyur. "Sübhansan, Allahım! Həmdin ancaq Sənə məxsus olduğunu ərz edir, Səni tənzih[10] edir, bütün qüsur və nöqsanlardan xali olduğunu etiraf edirəm. Sənin adın çox mübarəkdir, hər xeyrin və bərəkətin mənbəyidir. Şanın isə ucadır. Səndən başqa, ibadətə layiq həqiqi ilah yoxdur”, – deyərək namaza davam edir. Bəndə namazda ilk olaraq "Subhənəkə” duası ilə Rəbbinə müxatəb olur. "Subhənəkə” duası bəndənin Allahın hüzuruna üz tutub ehtiyaclarını Ona ərz etməsinin müqəddiməsidir. Bəndə bu dua ilə sanki silkələnib qəflətdən ayrılır. Çünki qəflət Rəblə bəndə arasında bir əngəldir.

Bəndə namazda qiraətə başlamaqla artıq Rəbbinə müxatəb olur, Allaha münacat və dua məqamına qədəm qoyur. Bu mərhələdə insan Rəbbinin xoşuna gəlməyən hər cür davranış, fikir və hərəkətdən uzaq olmalıdır. Namazda qiraət oxuyan bir insanı hökmdarın hüzurunda dayanan bir adamla müqayisə etsək,o məqamın məsuliyyətini daha yaxşı anlayarıq.

Təsəvvür edin ki, bir hökmdar bir sıravi adamı hüzuruna qəbul edir və onunla söhbət edir. Amma həmin adam üzünü yana çevirib başqa işlərlə məşğul olur, hökmdarın ona dediklərinə fikir vermir. Bu etinasızlıq və diqqətsizlik hökmdarı, təbii ki, qəzəbləndirər. Bunun kimi, Rəbbil-Aləminin hüzurunda olan mömin bütün varlığı ilə Ona yönəlmək, halını Haqq-Təalaya ərz etmək, Ondan bağışlanma diləmək yerinə, başqa düşüncələrə dalırsa, bu ibadətinin necə qarşılanacağını əməlli-başlı düşünməlidir[11].

Mömin "subhənəkə”dən sonra "əuzu billəhi minəşşeydanir-racim”, yəni "Qovulmuş şeytanın şərindən Allaha sığınıram” – deyir. Şeytanın ağlasığmaz hiylələrindən qorunmaq üçün Allah-Təalanın hifz və himayəsini niyaz edir. "Mən öz güc və qüvvətimlə şeytanın öhdəsindən gələ bilmirəm. Bu yerdə aciz olduğumu etiraf edirəm, Ey Ucalardan Uca Rəbbim! Hər məsələdə olduğu kimi, indi də Səndən kömək istəyirəm. Məni ən böyük düşmənimdən qoru. O da bir vaxtlar sənin hüzurunda idi. Ancaq o məqama layiq hərəkət eləmədi, yoldan çıxdı, Sənə üsyan etdi. Sənin hüzurundan qovuldu. İndi mən də Sənin hüzurundayam. Şeytan bu məqamda Sənə asi olduğu kimi, məni də üsyana, günaha sövq etmək istəyir. Ona görə də namazı layiqincə qılmağa mane olmağa çalışır. Sən məni qoru, ey Rəbbim! Onun kimi hər şeyi əldən verməkdən, hüzurundan qovulmaqdan hifz et” kimi mənaları özündə əks etdirən bu istiazə[12] ilə şeytanın şərindən Allaha sığınır.

Başlanğıc təkbirində olduğu kimi, istiazədə də qəlb və dil qoşa addımlamalıdır. Dünya və axirətdə insan üçün ən uca məqam olan namazda dil şeytanın şərindən və vəsvəsələrindən Allaha sığınarkən qəlb mütməin[13] olaraq Quran ayələrini oxumağa hazırlaşmalı, ağıl da Allahdan başqa hər şeyi qəlbdən çıxarmalı, Allahı xatırlatmayan şeylərdən əlaqəsini kəsməli, beləcə, dilin şərindən Allaha sığındığı şeytan qəlbdə və zehində özünə yer tapa bilməməlidir.

Sonra "bismilləhir-rahmənir-rahim” deyərək sonsuz mərhəmət, şəfqət, əfvin və müsamihə[14] sahibi Allah-Təalanı anır. "Bismillah hər xeyrin başıdır” sözünü bir daha xatırladır. "Fatihə” surəsinin ilk ayəsi olan "bismillahı”n mahiyyətini hiss eləməyə çalışır. Bu mübarək cümləni deyə-deyə qəlbində Uca Allaha bəslədiyi hüsnü-zənni ortaya qoyur və belə düşünür: "Ey mənim Allahım! Madamki, Sən mərhəmətini yüz dəfə, min dəfə bismillahla və bir çox ayə ilə bəyan edir, nəzərlərimizə çatdırırsan. Elə isə, mən də Sənin o sonsuz əfv və rəhmətini istəyirəm”.

Namazın qiyamı nəyi xatırladır?

Qiyam, yəni namazda ayaq üstə dayanmaq insana Allahın hüzurunda sorğu-suala çəkilməyi xatırladır və xatırlatmalıdır. Bəndə bu gün ağıl və qəlbi ilə durduğu Allahın hüzurunda gün gələcək yaşadığı ömrün hesabını vermək üçün dayanacaq. Əslində namaz dizləri təpərdən salan sorğu-sual gününə bir hazırlıqdır.

Hesab-kitab günü bütün əməllər haqqında hökm veriləcək. Dünayda nə etmişiksə, hansı savab və ya günahı işləmişiksə, qarşımıza çıxacaq. Orada kimsəyə zülm və haqsızlıq edilməyəcək. Bu gün öz əməllərimizlə ya Cənnət sarayları tikirik, ya da özümüzə Cəhənnəm quyuları qazmaqla məşğuluq.

Növbə "Fatihə”nindir

Müsəlman namazda bu duyğu və düşüncələrlə addımlayır. "Subhənəkə”dən sonra "Fatihə”yə başlayır. "Aləmlərin Rəbbi Allaha həmd olsun” ayəsini oxuyur. Bütün həmd və sənaların yalnız Allaha məxsus olduğunu etiraf edir. Cənabı-Haqqın bütün isimlərini ehtiva edən Allah kəlməsi insanın qəlbini titrədir və ya titrətməlidir.

Bəndə "subhənəkə”də söylədiyi həmdi "Aləmlərin Rəbbi Allaha həmd olsun” deyərək burada təkrarlayır. Bəli, bizlər bəzən Rəbbimizə həmd, bəzən də şükür edirik. Şükür bir yaxşılığın müqabilində edilir. Bir insan bizə əl tutur, biz də əvəzində ona təşəkkür edirik. Allaha şükür etmək isə Onun lütf etdiyi saysız-hesabsız nemətlərin müqabilində şükür və minnətdarlıq hissi ilə Ona yönəlməkdir.

Necə ki hüsnü-rəğbət bəslədiyimiz, Allaha yaxın bildiyimiz bir insanı görəndə dərhal ayağa qalxırıq, pencəyimizin düymələrini bağlayırıq. Bu həmin insana qarşı hörmətin təzahürüdür. Eləcə də Allaha həmd edərək Onun ucalığını ehtiramla dilə gətirir və etiraf edirik.

"Ərrahmənir-rahim” – "O, Rəhmandır, Rəhimdir” ayələri Allahın əzəməti qarşısında ürpərən möminin qəlbinə su səpir. Yəni O, bütün aləmlərin yaradanı Qadir Allahdır, hər şeyə gücü yetir. Eyni zamanda mərhəmət və şəfqəti də sonsuzdur. Allahın Rəhman və Rəhim isimləri ürpərti ilə titrəyən mömini şəfqətlə və mərhəməti ilə qucaqlayır.

Burada "Allaha nə üçün həmd etməliyik?” sualının cavabı da vardır. Təbii ki, bəndə Ona həmd etməli, bütün tərif və təqdisləri Ona yönəlməlidir. Çünki O, Rəhmandır, Rəhimdir. Sonsuz mərhəmətin, əfvin və müsamihənin sahibidir. Dünyada Rəhman, axirətdə Rəhim isimləri təcəlli edir.

Bismillahda deyilən zikr edilən bu iki mübarək kəlmə "Fatihə”də də oxunur. Cənabı-Haqq bəndələr sözügedən ilahi isimləri bilib tanısın deyə bu ayələri nazil etmişdir, özü də Quranın başında və bütün namazlarda oxunan surədə.

Ayə bu mənaları da pıçıldayır qəlb aləmimizə: "Onun əzəməti, böyüklüyü, yeganə qalib olması sizdə ümidsizlik əmələ gətirməsin. O, Rahim və Rəhman olduğunu bildirərək sizə qarşı ümumi müamiləsini (rəftarını) göstərir. Başqa sözlə, Allah-Təala sizin xeyirinizi istəyir deyə bu isimlərini nəzərə çatdırır. Uca Yaradan bir qüdsi hədisdə də mərhəmətinin qəzəbindən öndə olduğunu bəyan etmişdir”[15].

Bunları dərindən düşünən mömin "Məliki yəvmiddin”, yəni "O cəza (din) gününün sahibidir” deyir. Əməlləri sorğu-suala çəkən Allahdır. Onun hüzurundan qaçış yoxdur. O gün ayaqlar sorğu-sualın qorxusundan bir-birinə dolaşacaq. Bu ayəni oxuyarkən kim bilir, neçə-neçə Haqq dostunun dizinin təpəri kəsilib. Din günü Allaha hesab vermək, hesabı Allaha vermək nə qədər də çətin işdir.

Bu ayələrə çatan və vəzifəsinin məsuliyyətini anlayan mömin Yaradana xitab etməyə hazırlaşır. Bu anadək Allahı "O” deyə anan bəndə artıq "Sən” deyə müraciət edir və: "İyyəkə nəbudu və iyyəkə nəstəin” ("Yalnız Sənə ibadət edir, yalnız Səndən mədəd umuruq”) deyib qəlbindəki imanını, ibadətini və ehtiyacını dilə gətirir.

İbadət ediləcək yeganə məbudun da, yardım istəniləcək tək pənahgahın da Allah olduğunu etiraf edir. İbadət və duada tək olmadığını, özü kimi milyonlarla möminin də Ondan eyni şeyi dilədiyini bilir və birinci şəxsin cəmi kimi xitab edir: "Yalnız Sənə ibadət edər və yalnız Səndən yardım diləyərik”.

Bu ayədə: "Allahım, ibadətlərin çətinliyini ancaq Sənin köməyinlə dəf edə bilərəm. İnayətini əsirgəmə!”.

Artıq ən vacib diləyə növbə çatır: "İhdinəssiradal mustəqim” ("Bizi doğru yola hidayət et!”). Namazın bu yerində bəndə bundan gözəl bir şey diləyə bilməz. Allahdan hidayəti, yəni yerindən və zamanından asılı olmayaraq, hər zaman doğru yolu, yaxşını, xeyiri və gözəli tələb etmək.

"Bizi doğru yola hidayət et” dua ayəsi bu mənaları ehtiva edir: "Ey bizi Yaradan! Sən bizə razılığına aparan yolları göstər və bizi bu yolda sabitqədəm eylə. Bizi nə muradla yaratmısansa, o yolda olmağı və ömrü o yolda başa vurmağı nəsib eylə. Bizi dini bütöv insanlardan eylə, doğru istiqamətdə yaşamağı müvəffəq et. Bizə ən doğru yolu ilham et və öyrət”.

"Bizi sirati-müstəqimə hidayət et” şəklində çevrilən bu dua ayəsində doğru istiqamətin əhəmiyyətinə diqqət çəkilir.

Hidayət yolunda olmaq, Allah-Təalanın göstərdiyi yola daima sadiq qalmaq, həqiqətən çox çətindir. Bu çətinliyin öhdəsindən isə ancaq Allahın yardımı ilə gəlmək olar. Elə buna görə də gündə təxminən 40 dəfə Allahdan yardım istəyirik. Üstəlik şeytan və nəfis hər vasitəyə əl ataraq bizi yoldan çıxarmağa çalışır.

"Bizi doğru yola hidayət et” dua ayəsi "Bizə verdiyin hidayət nemətini axıra qədər qorumağı lütf et” mənasını da ehtiva edir. Bu cür dualarla bir mənada: "Ya Rəbb! Bizi ilahi rizaya aparan yolun müvəqqəti deyil, daimi yolçusu eylə və başqa yollara düşməkdən qoru!” – deyirik.

"Siradalləzinə ənəmtə aleyhim, ğayril məğdubi aleyhim vələddallin” (Bizi nemət verdiyin kəslərin yoluna (yönəlt)! Qəzəbə düçar olmuşların və haqdan azmışların yoluna deyil!)ayələri ilə "Fatihə” surəsi bitirilir. Bəndə burada doğru yolun həqiqi yolçularını – peyğəmbərləri və onların yolundan gedən saleh insanları düşünüb yad edir.

Bəndə bu ayələri oxumaqla bir tərəfdən Uca Yaradanın maddi-mənəvi, dünyəvi-üxrəvi, bilinən-bilinməyən hədsiz nemət və ehsanları ilə şərəflənən insanların yolu ilə getmək arzusunu Allaha ərz edir. Digər tərəfdən Allah-Təalanın qəzəbinə tuş gələn, zəlalətə düçar olub azğınlaşan insanların aqibətinə düçar olmamaq üçün dua edir. Bu ayədə istəklə istiazə qoşadır.

Surənin sonunda da "bütün bu yalvarışlarımı qəbul et!” mənasında "amin” deyir ki, bu da sünnədir.

Sonra növbə Qurandan surə və ya bir-neçə ayə oxumağa gəlir. Belə ayələrə "zəmmi-surə” deyilir. Bütöv bir surə də, bir neçə ayə də oxumaq olar. Oxunan surənin və ya ayələrin mənasını düşünmək namazda fikri cəmləməyə çox kömək edir.

Namazda ən fəzilətli hərəkət qiyamda uzun dayanmaqdır. Bir gün Allah Rəsulundan soruşurlar ki, hansı əməl daha fəzilətlidir. O da: "Qiyamı uzun etmək”[16]– buyurur. Başqa bir rəvayətdə isə "qunutu[17] uzun etmək”[18] buyurur ki, qunut da qiyam və qiraət mənasını verir. Alimlər çoxlu namaz qılmaqdansa, az rükətli, ancaq uzun qiyam və qiraətli namazların daha fəzilətli olduğunu bildirmişlər.

Rüku Uca Allahın hüzurunda baş əyməkdir

Bəndə qiyamdan sonra "Allahu Əkbər” deyib rüku edir. Namazın hər bir rüknündə deyilən "Allahu Əkbər” sözü sanki insanı uca dərgaha yüksəldən pillələri xatırladır. Bəndə rükuda belini bükür, başını aşağı əyir, əllərini dizlərə qoyur və "Subhənə Rabbiyəl-Azim” deyib pıçıltı ilə Haqq-Təalanı anır. "Bütün nöqsan və qüsurlardan uzaq olan mənim Rəbbim ucadır, ulu əzəmət sahibidir” deyir.

Rüku – Allah Təalanın hüzurunda ikiqat olmaq, baş əyməkdir. Müsəlman Ondan başqa heç kimə bu cür təzim göstərib qarşısında əyilməz. Bəndə heçliyini, acizliyini, Allaha nə qədər möhtac olduğunu anlayıb rükuya gedir. Rükuda Allaha o qədər yaxınlaşır ki, özünü Onun hüzurunda hiss edir. Başını qaldırsa, Sanki Cənabı-Haqqın Camalını görəcək.

Qavmə

Rükudan dikələndə "Səmiallahu limən həmidə” (Allah Ona həmd edəni eşidir) duasını edir. Rüku ilə səcdə arasında qısa müddət ayaq üstə durmağa "qavmə” deyilir. Bəndə rükudan qalxarkən tələsməməli, belini tam dikəltməmiş səcdəyə getməməlidir.

Və bəndənin Rəbbinə ən yaxın olduğu an: Səcdə

Rükudan sonra səcdə gəlir ki, bu da bəndənin Allaha ən yaxın olduğu andır. Baş ayaqla eyni səviyyədə dayanır. Rükuda ikiqat olan müsəlman səcdədə Allahın əzəməti qarşısında dördqat olur. Peyğəmbərimiz səcdənin dəyərini bu ifadələrlə bəyan edir: "Bəndənin Allaha ən yaxın olduğu an səcdə anıdır. Orada çoxlu dua edin”[19].

Namazın rükətlərində rükunun bir, səcdənin isə iki olması onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Səcdə qəlb və ruhun qidasıdır, ona görə də, iki dəfə edilir. Ac insan bir tikə ilə doymadığı kimi, günahların altında əzilən bəndəyə də bir səcdə bəs eləmir, təkrar alnını yerə qoyub ikinci dəfə halını Rəbbinə ərz edir.

İkinci səcdə möminə verilmiş "avans” kimidir. Bu anda bəndə çoxlu dua etməli, istəməli, yalvarıb-yaxarmalıdır Rəbbinə. Səcdədə doyunca, qəlbi tətmin olanadək dua etməyən bəndə acından qıvrıldığı halda, qabağına qoyulan yeməkdən bir-iki tikədən artıq götürməyən adamın insanın halına bənzəyir. Paltarı ləkələri təmizləsin deyə bir neçə dəfə yumağa ehtiyac olduğu kimi, qəlbin günah kirlərindən arınıb pak olması üçün də ard-arda iki dəfə səcdəyə getməyə və çoxlu dua edib Allaha yalvarmağa ehtiyac var.

Allah Rəsulu bir dəfə Həzrət Səvbana belə buyurmuşdu: "Çox səcdə etməlisən. Belə ki, hər dəfə səcdə edəndə Allah-Təala səni bir dərəcə yüksəldir, bir xətanı da günah dəftərindən silir”[20].

Səcdələr bu qədər qiymətlidir! İnsan Rəbbinə ən yaxın olduğu bu məqamda Cənabi-Allahın əzəmətini tərif edib: "Subhənə rabbiyəl alə” ("Ucalardan uca olan Rəbbim Sübhandır, bütün nöqsan və qüsurlardan xalidir”) deyir. İnsan bu duanı səcdədə ən azı 3 dəfə təkrar edir.

Səcdələr arası oturuş: Cəlsə

Bəndə ilk səcdədən sonra dizləri üstdə oturub bir qədər gözləyir. İki səcdə arasındakı bu oturuşa "cəlsə” deyilir. Burada da tələsməmək, dizlərinin üzərində tam oturandan sonra ikinci səcdəni etmək lazımdır. Əgər bilirsə, "Rabbiğfir vərhəm və təcəvəz ammə təaləmu innəkə əntələazzul əkramu” ("Ey Rəbbim! Günahlarımı bağışla, mənə mərhəmət et və haqqımda bildiklərini əfv elə. Çünki Sən ən əziz, yeganə qalib və ən kərimsən, şərəf və ululuğun yeganə sahibisən”) duasını oxuyur. Bu duanı fərzlər istisna, nafilə namazların cəlsələrində oxumaq olar.

Bu dua ilə bəndə Allah-Təalanın hər şeyi eşidib gördüyünü, gizli-aşkar, pis-yaxşı hər əməlindən xəbərdar olduğunu bir mənada etiraf edir. Bəndə həmçinin Rəbbindən rica edir ki, onun haqqında bildiklərini əfv eləsin.

Bu oturuşun əvvəli də, sonrası da səcdədir. Bu yerdə bəndə sanki nəfsinin günahkar olduğunu etiraf edib xəta və günahlarına görə əfv və rəhmət diləyir. Allah Rəsulu bu oturuşu səcdə qədər uzun eləyər və bu məqamda Allahdan bağışlanma diləyib dua və təzərrö[21] ilə Ona yönələrmiş. Rəsulullahın cəlsədə üç dəfə: "Allahumməğfirli” (Allahım mənə məğfirət et, məni bağışla!) dua oxuduğu rəvayət edilir[22].

Bundan sonra bəndə eyni ciddiyyət və təvazö ilə Yaradanın hüzurunda ikinci səcdəyə gedir. İkinci səcdədən sonra mömin ikinci rükəti yerinə yetirmək üçün ayağa qalxır. Rükuda "Fatihə” surəsi, bir surə və ya bir neçə ayə oxuyub yenə rüku və səcdəni əda edilir. Sonra təşəhhüd üçün oturub "əttəhiyyat” duasını oxuyur.

Təşəhhüd, əttəhiyyat, salət və salam

Təşəhhüd namazda diz üstə oturuş şəklidir. Bəndə əllərini dizləri üstə qoyur, başını önə doğru əyib qucağına baxır. Bu oturuş bəndənin Rəbbə itaətinin əsl cizgilərini ehtiva edir.

Burada bəndə "əttəhiyyat” duasını oxuyur: "Bütün təriflər, mədhlər, salam və sayğılar, yaxşılıq və gözəlliklər Allaha məxsusdur. Ey Nəbi, Sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun. Allahın salamı bizə və saleh bəndələrə də olsun! Mən şəhadət edirəm ki, Allahdan başqa ilah, ibadət ediləsi bir məbud yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd onun həm qulu, həm də rəsuludur”.

Bəndə "əttəhiyyat”la Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) meracda öz ümmətini unutmadığını yad edir. Göylərin fövqündə Uca Yaradanın hüzuruna yüksəlməklə şərəflənən Rəsulullah orada: "Ey Nəbi! Allahın salamı, mərhəməti və bərəkəti Sənin üzərinə olsun” iltifatı ilə qarşılaşmış, o anda belə ümmətini unutmamış, salamı alarkən: "Allahın salamı, bizim və digər saleh bəndələrin üzərinə də olsun”, − demişdi.

Allah Rəsulu orada belə biz ümmətini yaddan çıxarmamışdı. Ümmətinə şəfqət və mərhəmətdə Ona çatan olmazdı. Bizlər də öz növbəmizdə, "əttəhiyyat”da Rəsulullahın fədakarlığını və ümmətinə sevgisini düşünməli və bu hisslərlə namazın son oturuşunu idrak etməliyik.

Bəndə üç ya da dörd rükətli namaz qılırsa, "əttəhiyyat”ı oxuyandan sonra qalxıb namazına davam edir. Yox əgər iki rükətli namazdırsa, təşəhhüdə davam edib "əttəhiyyat”dan sonra "salli-barik” dualarını oxuyur.

Namazın sonunda əvvəlcə sağa, sonra sola salam verilir. Bu vaxt bəndənin sanki mələkləri və peyğəmbərlərin ruhunu salamladığını düşünməsi namazın bütünlüyü baxımından çox gözəldir.

Namaz əsnasında müvəqqəti də olsa, dünyadan ayrılıb üxrəviləşirik. Namazla keçən bu qiymətli dəqiqələr dünyanın hər şeyindən dəyərlidir. Üstəlik bu namazları layiqincə əda edə bilsək, onlar bizi Allahın dərgahına aparan nurani qanadlara çevrilər. Bu beş vaxt namazdan hasil olan nur namaz vaxtları arasında işlədiyimiz kiçik günahlara kəffarə və onların bağışlanmasına vəsilə olar[23].

Bəli, namazdakı hər bir hərəkət bu cür dərin məna ehtiva edir. Bəzən namazın hərəkətlərini yoqanın hərəkətləri ilə müqayisə edib səhv nəticələr çıxaranlar da olur. Halbuki, namaz yoqa və oxşar təlimlərlə əsla müqayisə edilə bilməz. Bəzi insanlar müəyyən metod və fəlsəfələri dinə alternativ kimi təqdim etməyə çalışsalar da, istədikləri nəticəni əldə edə bilməyəcəklər. Çünki din vəhy mənşəlidir, namaz və s. ibadətlər sırf Allah rizasını qazanmaq üçün yerinə yetirilir.Namazdakı hərəkətlər Peyğəmbərimiz Həzrət Məhəmmədə Allah tərəfindən öyrədilmiş, O da ümmətinə bu şəkildə namaz qılmağı əmr etmişdir.

[1] "Müzəmmil” surəsi 73/2

[2] "Bəqərə” surəsi 2/238

[3] "İsra” surəsi 17/78

[4] "Bəqərə” surəsi 2/43

[5] "Hicr” surəsi 15/98

[6] "Ələq” surəsi 96/19

[7] "Cumua” surəsi 62/9

[8] "Munafiqun” surəsi 63/9








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ