Cənnət və cəhənnəm əhlinin vəziyyəti haqqında misala oxşar belə bir rəvayət danışırlar. Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?
Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar
Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qaşıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi.
Bir an sonra adam öz sualına cavab tapdı. İlk baxışda çaşdırıcı görünən bu mənzərəni diqqət yetirməklə çözmək mümkün oldu. Məsələ bunda idi ki, bu otaqdakıların heç biri öz qaşığından yemək yemirdi. Hər kəs qaşığını doldurandan sonra yanında oturmuş adamın ağzına yaxınlaşdırır və onu yedizdirirdi. Beləcə, onların hamısı bir-birinin əlindən yeyib doyurdu.
Allahdan yenə nida gəldi: “Mən sizə 124 min peyğəmbər, dörd səmavi kitab göndərdim. Bütün peyğəmbərlər deyirdi, bütün səmavi kitablarda yazılmışdı ki, başqasına ehsan edin, qardaşınızla mehriban olun, özünüz üçün istədiyinizi ona da istəyin, özünüzə rəva görmədiyinizi ona da rəva görməyin. Hər kim dünya həyatında bu tövsiyəyə əməl edirsə, bu, onun vərdişinə çevrilir. Həmin adam cənnətdə də yanındakı şəxsi özündən irəli bilir, onu yedizdirməklə məşğul olur, özü də başqasının əlindən ruzi yeyib doyur. Amma hər kəs dünya həyatında simicdirsə, yalnız özünü düşünürsə, cəhənnəmdə də eyni cür hərəkət edir. Cəhənnəm əhlinin heç biri nə özü yeyə bilir, nə də başqasınan yeməyinə imkan verir”.