Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Həzrəti Peyğəmbərin zarafatları

Həzrəti Peyğəmbərin zarafatları

Həzrəti Peyğəmbərin zarafatları

İctimai münasibətlərdə önəmli yerlərdən birini zarafat tutur. Bəzən hansısa fikrimizi incə şəkildə çatdırmaq üçün, bəzən isə sadəcə başqalarının könlünü açmaq üçün xoş zarafatlardan, yumordan istifadə edirik. Zarafat sözü "zərafə" (zəriflik, incəlik) kökündən gəlir və bu da onu göstərir ki, zarafat incə və zərif eyham deməkdir. Bəzən zarafat adı altında yalan danışır, başqalarını təhqir edir, insanların qəlbini qırırıq. Təbii ki, bu cür "zarafatları" incə adlandırmaq olmaz və bunlar İslamın da ruhuna ziddir. Bəs görəsən sevimli Peyğəmbərimizin (s.ə.s.) zarafata münasibəti necə olub və ümumiyyətlə hər hərəkətiylə müsəlmanlara örnək təşkil edən bu kamil insan nə cür zarafat edib?

Siyər kitablarından və hədis mənbələrindən məlum olduğuna görə, Həzrəti Rəsulullah incə zarafatları sevməklə yanaşı, özü də bəzən zarafatlar etmişdir. Vaxtaşırı etdiyi zarafatlarla zarafatın İslam ədəbiyyatında yer almasına və inkişaf etməsinə səbəb olan Hz Peyğəmbərin zarafatları incə, ürəkaçan və xoş olmuşdur. Belə ki, bir dəfə onun zarafatını görən Əbu Hureyrə çaşıb qalmış, "Ya Peyğəmbər, sən bizimlə zarafat edirsən?" deyə soruşmuşdur. Həzrəti Peyğəmbər belə cavab vermişdir: "Bəli, mən zarafat edirəm, amma yalnız həqiqəti söyləyirəm". 

Bu nüans olduqca böyük önəm kəsb edir. Zarafatda belə yalan danışmaqdan çəkinmək lazımdır. Hz Peyğəmbər zarafat edərkən bir sıra başqa qaydalara da riayət etməli olduğumuzu bidirmişdir. Hədislərdə bu qaydalar bu cür sadalanır: 
- zarafatı yalan və uydurma sözlər söyləyərək, müəyyən mənada insanlara mənən zərər verəcək şəkildə etməmək;

- zarafat ilə də olsa, başqasının malını mənimsəməmək (Bir hədisdə Hz Peyğəmbər belə buyurur: "Biriniz əsla qardaşının əsasının nə zarafatla, nə də ciddi olaraq götürməsin. Kim götürübsə qaytarsın"),

- kimisə qorxutmamaq, narahat etməmək (bu cür zarafat bu hədislə qadağan edilmişdir: "Səhabələr bir dəfə Hz Peyğəmbərlə səfərə çıxırlar. Bu ərəfədə bir nəfər yatır. Dəgərləri zarafatla onun üzünə ip atırlar. Həmin adam diksinərək oyanır. Bunu görən Hz Peyğəmbər belə buyurur: "Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyil").

Hz Əli yumora insan psixologiyası baxımından yanaşaraq bu sözləri ilə zarafata təşviq etmişdir: "Bədənlər yorulduğu kimi, könüllər də yorulur və usanır. Qəlblərinizi dincəldin və ona aparan hikmət yollarını axtarın". 

Həzrəti Peyğəmbər çox incə bir yumor hissinə sahib olduğu üçün uşaq, gənc, yetkin və yaşlı hər kəslə zarafatlar etmişdir. O, nəvələri Həzrəti Həsən və Hüseyn ilə, uşaqlağından etibarən uzun müddət yanında qalan Ənəslə zarafatlaşmışdır. Cabirin rəvayət etdiyinə görə, Həzrəti Peyğəmbər Həsən və Hüseyni öz belinə mindirir, dizlərinin üstündə gəzərək "Dəvəniz nə gözəl dəvə, siz də nə gözəl minicilərsiniz!" deyərək onları gəzdirirmiş. O, on yaşından etibarən Ənəsi "Zu'l-uzneyn" (İki qulaqlı) ləqəbi ilə çağıraraq zarafat edirmiş. Həzrəti Peyğəmbər uşaqlarla zarafatlaşdığı kimi, bir ailə başçısı olaraq ailəsi ilə tək qalanda onlarla da zarafatlaşırmış.

Həzrəti Peyğəmbərin zarafatlarında heç vaxt cüzi də olsa yalan olmayıb. Zarafatda belə ancaq həqiqəti söyləyib. Bir gün döyüş üçün ondan dəvə istəyən bir səhabəyə "Səni dəvə balasına mindirəcəyəm" deyə cavab verir. Onun təəccübləndiyini gördükdə gülümsəyir və "Bütün dəvələr başqa bir dəvənin balası deyilmi?" deyərək zarafat etdiyini bildirir. 

Bir dəfə isə ənsardan olan yaşlı bir qadın onun yanına gələrək xahiş edir ki, cənnətə girməsi üçün dua etsin. Həzrəti Peyğəmbər ona belə cavab verir: "Sən bilmirsən ki, yaşlılar cənnətə girməyəcək?". Qadın o qədər üzülür ki, ağlamağa başlayır. Həzrəti Peyğəmbər gülərək deyir: "Sən heç "Onları bakirə, ərlərinə düşkün və hamısını eyni yaşda qılmışıq" ayəsini oxumamısan?". Beləcə, incə bir zarafatla onun yaşlı halında deyil, gənc olaraq cənnətə girəcəyini bildirir.

Vida həccindən qayıdarkən Əncəşə adlı bir səhabə Həzrəti Peyğəmbərin xanımlarının mindikləri dəvələri sürürmüş. Yanıqlı səsi və sürətli tempi ilə oxuduğu mahnılar dəvələri coşduranda Həzrəti Peyğəmbər ona belə deyir: "Ey Əncəşə! Yavaş sür, büllurları qırarsan".

Həzrəti Peybəmbər səhabələrlə zarafatlaşdığı kimi, bəzən səhabələr də onunla zarafat edərmişlər. Həzrəti Peyğəmbər isə onların bu zarafatlarına təbəssümlə və ya başqa bir zarafatla cavab verərmiş. Təbuk səfərində Avf ibn Malik kiçik bir dəri çadırda olan Həzrəti Peyğəmbərin yanına gələrək salam verir. Həzrəti Peyğəmbər onun salamını alaraq: "Gəl içəri" deyir. O isə "Bütün bədənimlə, yoxsa yarısıyla, ya Rəsulullah" deyə soruşur. Həzrəti Peyğəmbər "Bəli, büdün bədəninlə" deyə cavab verir.

Həzrəti Peyğəmbəri hər məsələdə özlərinə örnək alan səhabələr öz aralarında da zarafatlaşmışlar.

Çox vaxt bəzi hədislərin zahiri mənası ələ alınaraq İslamda zarafata yer olmadığını söyləyənlər olur. Halbuki hədislərdə insanın vüqarını və ciddiyyətini ayaqlar altına atacaq formada edilən zarafat pislənmişdir. Məsələn bir hədisdə belə buyurulur: "Dostunla mübahisə etmə və zarafatlaşma!". Eyni şəkildə qəhqəhələrlə gülməyi qadağan edən rəvayətər də vardır: "Çox gülmə, çünki çox gülmək qəlbi öldürür". Həzrəti Əlinin bu sözləri də yuxarıdakı hədisləri dəstəkləməkdədir: "Çox zarafat ciddiyyəti azaldır. Kimin zarafatcıl xasiyyəti daha qalib gəlsə ağlı fəsada uğrayar, kim çox zarafat etsə ciddiyyəti yox olar". Bütün bu rəvayətlərə baxdıqda insanın ciddiyyətini yox edən və ona yüngül yanaşan, kin və ədavətə səbəb olan zarafatın qadağan olunduğu, digər hallarda isə izin verildiyi məlum olur. Çünki yaşadığı dövrdə insanların ən gülərüzlüsü olan Həzrəti Peyğəmbər zarafatı qadağan etmək bir yana, bir psixoloq kimi onun bir ehtiyac olduğunu vurğulamışdır, özü də şəxsən zarafat edərək zarafatın bir ehtiyac olduğunu göstərmişdir










MeLeK от 2 avqust 2016 23:05
Tesekkurler..ALLAH RAZI OLSUN..
--------------------
Xanimcik от 3 avqust 2016 15:41
ALLAH RAZI OLSUN
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ