Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pis zənn - Qəlbin qeybəti...

Pis zənn - Qəlbin qeybəti...



Bil ki, bir müsəlman haqqında pis zəndə olmağı Uca Allah qadağan etmişdir. Bu, eynilə söz ilə edilən qeybət kimidir. Bir insanın sәnә görә xoş olmayan əməllərini söyləməyin kimi, ona qarşı pis zənn bəsləməyin də, haramdır.
Allahu Təalə belə buyurmuşdur:

«..Zənndən çəkinin!» (Hucurat, 12)

Әbu Hureyra’dan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Peyğәmbәrimiz (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur:

«..Zəndən çəkinin. Çünki zənn — sözlərin ən yalan olanıdır..» (Buxari və Muslim)

Bu mənadakı hədislərin sayı olduqca çoxdur. Qəti şəkildə qadağan olunmuş pis zənn — qəlbində başqası haqqındakı hökmü qərarlaşdırmaqdır. Lakin, ürəkdən keçənlər və ani düşüncәlәr, qəlbdə qərarlaşmazsa, üzərində davamlı olaraq dayanılmazsa vә yada salınmazsa, bütün alimlərin yekdil fikrinә әsasәn, bu, Allah tәrәfindәn bağışlanmış sayılar, qeybәt hesab olunmaz. Çünki belə düşüncələrin qəlbə gəlişində, insan ixtiyar sahibi deyildir. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunan bu hədis də, buna dəlalət edir:

«..Allahu Təalə, Ümmətimi üçün – nəfslərindəki düşüncələri ilə əməl etmədikcə, bunu bağışlamışdır..» (Buxari və Muslim)

Alimlər bu barәdә belә buyururlar: «Burada nəzərdə tutulan — fikrə gəlsə də, (qəlbdə) kök salmayan, gəlib-keçici olan düşüncələrdir. Bu kimi hallar istər qeybət olsun, istər küfr olsun, yaxud digəri olsun — hökm eynidir. Küfrü mənimsəmək niyyətilə deyil, sadəcə ürəyinə yalnız müvəqqəti olaraq küfr fikirləri düşərsə və sonra dərhal onu (vəsvəsəni) dəf edərsə, insan kafir olmaz və bundan dolayı ona bir günah yazılmaz..»

Səhih olaraq rəvayət olunan hədisdə Səhabələr:

«Ey Allahın elçisi! Bizlәrdәn birinin qəlbinə (küfr və ya buna bənzər hər hansı haram) bir fikir düşərsə, böyük günah işləmiş sayılırmı?» — deyə soruşdular.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun): «Bu hal, açıq iman ifadəsidir (yәni, insanın iradə və istəyi ilə meydana gəlmir və mənimsənmir)» — deyə buyurdu. Bu cür rəvayətlər olduqca çoxdur..

Qəlbdən gəlib keçən düşüncələrin bağışlanmasının səbəbi — onlardan çəkinməyin mümkün olmamasıdır. Mümkün olan — bunlar haqda çox düşünməmək və üzərilərində davamlı olaraq durmayaraq, yaddan çıxarmağa çalışmaqdır. Bu səbəbdən də, bu pis düşüncələr üzərində dayanmaq və qəlbi bunlara bağlayıb qətilik əldə etmək haram edilmişdir. Nə zaman insan qeybət düşüncəsi və yaxud digər günahları (etməyi) xatırlayarsa, o düşüncələrdən üz çevirməklə onları əngəlləmək və əngəl törədən səbəbləri xatırlamaq vacib olur..

Әbu Həmid əl-Ğazzəli «İhyə» adlı məşhur əsərində belə demişdir:

«Pis bir zənn qəlbinə düşdükdə bil ki, bu, Şeytanın sənə verdiyi vəsvəsədir. Bu düşüncəni dərhal tərk etməlisən. Çünki Şeytan ən böyük bir fasiqdir (günahkardır). Uca Allah Öz mübarək kitabında belə buyurur:

«..Sizə bir fasiq xəbər gətirdiyi zaman (doğruluğunu) araşdırın. Yoxsa bilməyərək bir topluluğa qarşı haqsızlıq edərsiniz və etdiyinizə peşman olarsınız..» — buyurmuşdur. (Hucurat, 7)

İblisi təsdiqləmək icazәli deyildir. Әgər qәlbdә fəsada dəlalət edən bir əlamət varsa və bunu rәdd etmәk mümkündürsə, pis zənnə düşmək əsla icazәli olmaz. İnsanın bir kәsə qarşı qəlbində olan münasibətinin, hisslərin dəyişməsi — pis zənnin əlamətidir. Beləliklə həmin insandan nifrət etmәyә başlayıb, özünü yuxarı, onu isə, aşağı dərəcədə hesab edәrәk, ona olan gözəl münasibətindən tamamilə dönmüş və (onun) xətalarının üzərini örtməyi tərk etmiş olarsan. Çünki Şeytan, ən xırda bir xəyal ilə insanların etmiş olduqları xətaları qəlbə yaxınlaşdırar və bunun, sənin anlayış qabiliyyətindən, zəkandan və ağıllı olmandan irəli gəldiyi düşüncəsiylə səni aldadar. Әslində isə, insan bu halda (müsәlman vә mömin olsa belə) şeytanın aldatması və azdırması səbəbilə danışmış olar.

Artıq doğru sözlü bir insan, bir kimsə haqqında sənə xəbər verәrsə, onun dediyini nə təsdiq et, nə də inkar. Çünki təsdiq edərək doğruluğuna şahidlik etsən, qeybətdə sən də, iştirak etmiş olarsan. Әgər təsdiq etməsən, xəbər verənin yalan danışdığına hökm vermiş olacaqsan. Nə zaman bir müsəlman haqqında ürəyinə pis bir düşüncə gələrsə, ona qarşı ikramı, gözəl münasibəti və onu müdafiə etməyi daha da artır. Çünki, bu hal Şeytanı qəzəbləndirər və onu səndən uzaqlaşdırar. Artıq qardaşın üçün dua etməklə məşğul olacaqsan deyə, qorxaraq belə bir zənni qəlbinə bir daha əsla salmaz..

Nə zaman bir müsəlmanın qüsurunu görsən, ona gizlicə öyüd-nəsihət ver. Әziz insan, şeytan səni aldadıb onun haqqında qeybət etməyə gətirib çıxarmasın. Ona öyüd verdiyin zaman, -qüsurunu gördüyündən dolayı, sevincli bir hal ilə- öyüd vermə. Әgər sevincli halda nəsihət etsən, həmin insan təkəbbürlənərək nәsihәtdәn üz döndərəcək, sən isə, ona yalnız tənə etmiş olacaqsan. Sən yalnız onu günahdan çəkindirmək haqqında düşün. Özün bir qüsur etdiyin zaman necə kədərli olursansa, ona qarşı da hüznlü ol. Sənin nəsihətin olmadan həmin insanın o günahı tərk etməsi, sənin nəsihətinlə tərk etməsindən sənin üçün daha sevimli olmalıdır. Bu, ixlasa (Allahın razılığını qazanmağa) daha yaxındır..»

Bir kimsənin könlünə pis bir zənn düşdüyü zaman onu tərk etməyin vacib olduğunu vurğuladıq. Lakin, bu — Şәr’i (dini) məsələlərə aid deyil. Әgər Şər’i bir zərurət olarsa, insanın nöqsanı haqqında düşünmək və ətrafa bəyan edərək, digər insanların bu batil xətaları etmələrinin qarşısını almaq icazәlidir (vә hәtta bәzәn vacib ola bilәr). Aydındır ki, haram olan qeybət kimi, mübah/haram olmayan qeybət də vardır. Bir insan haqqında xəbər almaq (məsələn: evlənmək istədiyi qadının qonşularından onun barədə xəbər almaq və s.), hədis elmində şahidlərin, ravilərin (rəvayətçilərin) qüsurlarını açıqlamaq və s. bu kimi qeybətlər, haram olan qeybətdən sayılmır.

Bütün əməllərin səbəbkarı və bağlanğıc nöqtəsi qəlbdir. Buna görə də, qəlbi xeyirsiz düşüncələrdən təmizləmək — ümumi bir təmizlikdir. Çünki, düşüncələr, istəklər və məqsədlər ilk öncə qəlbdə başlayır. Әzalarla edilən əməllər — qəlb əməllərinin meyvəsidir. Bu səbəblə də, pis zənn — qəlbin qeybətidir








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ