Cəbrail - əleyhis-səlam - mələklərin ən fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetirməkdə etimad ediləsi olduğunu vəsf etmişdir. O, Ruhul-Əmindir (sadiq ruh). Uca Allah buyurur:
“Onu (Quranı) Ruhul-Əmin endirdi” (əş-Şüəra, 193-195).
Uca Allah onun bəzi xüsusiyyətləri haqda belə buyurur:
“Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır” (ət-Təkvir, 19-21).
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - onu xəlq edildiyi surətində yalnız iki dəfə görmüşdür. Digər vaxtlarda isə onu insan şəklində görürdü. O bir dəfə Cəbraili gün doğan tərəfdə üfüqdə görmüşdü. Uca Allah bu barədə buyurur:
“O, Cəbraili aydın üfüqdə gördü” (ət-Təkvir, 23).
“Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi” (ən-Nəcm, 5-10).
Abdullah ibn Məsud Uca Allahın: “O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi” ayəsini izah edərək demişdir: “Peyğəmbər Cəbraili gördü. Onun altı yüz qanadı var idi.” (əl-Buxari, 3232)
Aişə demişdir: “Kim iddia etsə ki, Muhəmməd Rəbbini görmüşdür, o, böyük günah işlətmiş olar. Lakin o, Cəbraili öz surətində və xilqətində, bütün üfüqü tutmuş vəziyyətdə görmüşdür. ” (əl-Buxari, 3234)
İkinci dəfə isə onu İsra gecəsi səmada görmüşdü. Uca Allah buyurur:
“Onu bir daha öz sürətində enərkən gördü – son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır” (ən-Nəcm, 13-15).
Muslimin "Səhih" əsərində Aişədən rəvayət olunur ki, mən qeyd olunan iki ayənin açıqlaması barədə Peyğəmbərdən soruşduqda o belə dedi: “Bu Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin arasını tutmuşdu.”
Peyğəmbər demişdir: “Peyğəmbərlər mənə göstərildi. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi nə çox kök, nə də arıqdır. Məryəm oğlu İsanı da gördüm. Baxdım ki, o, hamıdan çox Urva ibn Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə dostunuzdur. (Burada Peyğəmbər özünü nəzərdə tuturdu.) Cəbraili də gördüm. Baxdım ki, o, ən çox Dihyəyə oxşayır.”
Urva ibn Məsud və Dihyə Peyğəmbərin səhabələridir. Dihyə ibn Xəlifə əl-Kəlbi öz gözəlliyi ilə seçilən bir əshabə idi. Cəbrail Peyğəmbərin yanına onun surətində gələrdi.
Usamə ibn Zeyd rəvayət edir ki, bir dəfə Ummu Sələmə Peyğəmbərin yanında ikən Cəbrail onun yanına gəlib onunla söhbət etdi. O, çıxıb getdikdən sonra Peyğəmbər Ummu Sələmədən soruşdu: “Bilirsən o kim idi?” Ummu Sələmə: “Bu Dihya idi”- dedi. Sonralar Ummu Sələmə deyirdi: “Vallahi, Allahın peyğəmbərinin xütbəsini eşidənədək, xütbədə onun Cəbrail olduğunu bildirənədək mən onun Dihya olduğunu hesab edirdim.” (əl-Buxari, 3634).