Bir qadın Həzrət Davudun (ə) yanına gəlir və deyir: "Ey Allahın peyğəmbəri! Sənin Allahın zalımdır, yoxsa adil?
Davud (ə) buyurur: Allah adildir ki, heç bir zaman zülm etməz"
Davud (ə) soruşur: "Məgər nə hadisə baş vermişdir ki, bu sualı verirsən?. Qadın deyir: "Mən yoxsul bir qadınam və üç qızım vardır. Əlimlə şal toxuyuram və dünən toxuduğum şalı bir parçaya qoyub bazara aparırdım ki, satım və pulu ilə uşaqlarıma yemək alım. Anidən bir quş gəldi və həmin parçanı əlimdən oğurladı. Mən də qəmli və əliboş qaldım. Uşaqları dolandırmaq üçün heç bir şeyim yoxdur Qadının sözləri hələ bitməmişdi ki, Davudun (ə) evinin qapısı döyüldü. On nəfər tacir Davudun (ə) xidmətinə gəldilər. Hər biri Həzrət Davuda (ə) yüz dinar verir və deyirlər: Bu pulu sahibinə çatdırın"
Həzrət Davud (ə) soruşur: "Sizin bir yerdə bu pulu gətirməyinizin səbəbi nədir? Deyirlər: Biz gəmiyə minmişdik və tufan qalxdı. Gəmimiz zədələndi və az qalmışdı ki, qərq olaq. Anidən bir quş gördük və bizə tərəf qırmızı bir parça atdı. Onu açdıq və orada toxunmuş şal gördük. Onun yardımı ilə gəminin zədə görmüş yerini möhkəm bağladıq. Gəmi artıq təhlükədə deyildi. Sonra tufan sakitləşdi və sahilə gəlib çatdıq. Biz təhlükə zamanı nəzir etdik ki, əgər xilas olsaq, hər birimiz yüz dinar verəcəyik. İndi bu min dinar biz on nəfərdən yığılıb ki, hüzurunuza gətirmişik. Hər kimə istəsəniz, ona sədəqə verərsiniz".
Həzrət Davud (ə) qadına baxdı və ona buyurdu: "Allahın, dənizdən sənə hədiyyə göndərib, ancaq sən Onu zalım adlandırırsan?!. Sonra həmin min dinarı qadına verir və buyurur: Bu pulla uşaqlarını dolandır, Allah sənin halına başqalarından daha agahdır".
Bəli, çox vaxt pis hesab etdiyimiz bir məsələnin, əslində İlahi hikmət üzərindən bizim xeyrimizə olduğunu başa düşmürük və naşakürlük edirik. Uca Allaha cəmimizə Öz lütf nəzərlərini salsın.