-
Facebook
-
- ► İslam
- Baxis 275
- 4-02-2023, 19:25
-
Dua mənbələrində irfan və əxlaq
Bağışlayan və mehriban Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi olan Allaha. Allahın salavat və salamı olsun Məhəmmədə və onun pak ailəsinə. İlahi, öz kərimliyin xatirinə bizim əməllərimizi xalisləşdir və öz rəhmətinlə bizə başa düşməkdə və başa salmaqda tofiq ver. Ey rəhimlilərin ən rəhimlilsi!
Məsumlardan (ə) bizə gəlib çatan dualar tərbiyəvi baxımdan ən lazımlı sərmayələrdir. Bu dualarda səmavi və rübubi maarif vardır. İmamlar (ə) uca maarifi dualar vasitəsilə bəyan etdikləri kimi, rəvayətlərdə deməmişlər.
Həqiqət budur ki, Mütaal Allaha tərəf seyr etmək istəyən şəxs gərək bu duaları araşdırsın, onunla yaxından tanış olsun. Bu dualar uca maarif olmaqdan əlavə, insanlar üçün növhə və rövzədirlər.
Camaat öz ürəklərinin tərəbxanəsinin ardıncadırlar
Amma mən öz dəli ürəyimə mərsiyəxanam
İnsanın rövzəyə ehtiyacı vardır. Necə ki, imam Səccad (ə) buyurur: "İlahi, özümə ağlamaqda mənə kömək et!" Nuh (ə) peyğəmbərin "nuh" adlanmasının səbəbi, onun özünə ağlaması olmuşdur.
Əgər növhəxan müsibəti kamil surətdə təsvir edə bilsə, dəyişiklik yarada bilir. Əxlaq ustadı da o ustaddır ki, insan nəfsi üçün rövzə oxusun. Yəni, rövzəxan rövzə oxuyaraq insanı dəyişdirə bildiyi kimi əxlaq ustadı da insanı öz nəfsinə qarşı dəyişdirə bilsin. Mirzə Cavad Mələki Təbriziyə dedilər ki, sizin dərsinizdə bəziləri özlərindən gedirlər (Belə əxlaq ustadı barədə demək lazımdır ki, gör necə rövzə oxuyurmuş). Ustad dedi: "Mən elə bir iş etməmişəm. Onların mövlası həzrət Əli (ə) hər gün özündən gedirdi".
Mirzə Cavad Mələki Təbrizi deyir: "Bir nəfəri tövbə etmək üçün Molla Hüseyinqulu Həmədaninin yanına gətirdik. Ağa Həmədani (mənim sözümlə desək) onun nəfsi üçün bir bir qədər rövzə oxudu. Mən 48 saatdan sonra həmin oğlanı gördüm. Halbuki, onu güclə tanımaq olurdu". Məlum olur ki, ürəkdən əməl etmişdir. Çünki, rövzəxan ona ürəkdən rövzə oxumuşdur.
Ən ümdə məsələ budur ki, insanı öz batininə və dərdinə tərəf yönəldə, dərdlərini göstərə, ondan agah edə bilələr. Belə olduqda insan işə başlayacaq. İmam Xomeyninin (rh.) bu barədə gözəl sözü vardır: "Bütün rəzilə sifətlər islah olandır. Ən ümdə məsələ onları islah etmək fikrinə düşməkdir".
Ümdə məsələ insanın həyatında onu islah üçün tərpədə biləcək bir nəfərin tapılması, ya bir işin qarşıya çıxmasıdır. Bundan sonra insan qəflətdən ayılaraq yola düşür. Nasir Xosrov qırx il yatmışdı. Yalnız bir dəfə yuxu gördü və bu yuxu ilə də öz qırx illik yuxusundan ayıldı və yola düşdü. Halbuki, o hökumətin divan (qəzavət) işlərini idarə edirdi və maddi cəhətdən heç bir çətinliyi yox idi. Amma yuxudan ayıldıqdan sonra maddiyat onu qane etmirdi.
Ey həqiqət axtarıcısı, bu həqiqəti bil
Hər kim ki, bir şey qazanıbsa
Hər kim çox agahdırsa, çox dərdlidir
Hər kim çox dərdlidirsə, rəngi saralmışdır.
Əxlaq ustadlarından biri deyirdi: "Kiçik olduğum vaxtlarda filin şəklinin həmişə əlində gülüng tutmuş filçi ilə birlikdə çəkilməsinin səbəbini bilmirdim. İmam Xomeyninin (ə) əxlaq dərsinə getdiyim vaxt, o dedi: "Filçi gərək həmişə filin başına vursun ki, filin yadına Hindistan düşməsin, yoxsa onu işlədə bilməz".
Bəli, bu dünyada insanın ayılmaması, özünə gəlməməsi üçün onun başına çox şey vururlar. Əgər insanlar öz vücudlarının həqiqətindən agah olsalar, dünyanı dəyişmək olar. Bunlar hamısı insanın dərdlərinin başlamasından sonradır; insan olmaq dərdindən, Mütləq Vücudda fani olmaq dərdindən, Uca başlanğıcla əlaqə yaratmaq dərdindən... sonradır. Hafiz demişkən:
Xoş o kəsin namaz və duasının halına ki, dərd üzündən
Göz yaşıyla, ürək qanıyla təharət alıb.
Moləvi sadə bir molla idi. Bir neçə gün bir dərd sahibi, Şəms Təbrizi ilə birlikdə olduqdan sonra Şəmsə dedi: "Vüqarlı bir ibadət əhli idim, vüqarlı bir molla oldum".
Zahid idim, təranəxan etdin
Məclislərdə fitnəçi, badəçi etdin
Vüqarlı bir abid idim
Uşaqların əlində oyuncaq etdin.
Şeyx Bəhayi Molvi barədə deyir:
Mən demirəm o alicənabın peyğəmbər olmasını
Amma deyirəm sahib kitab olmasını.
Moləvi Şəmsə deyir: "Bu sözlərinlə məni dəli edib, dağlara, çöllərə saldın". Məsnəvidə gördüyünüz bu təlatümlər, Moləvinin dərd əhli ilə yoldaşlığından qalxmışdır.
Bir neçə nəfər Peyğəmbərin (s) yanına gəlib, Əlini (ə) pisləmək istədilər. Peyğəmbər (s) dərhal onların sözünü kəsdi və buyurdu: "Əli barədə pis danışmayın, Çünki o, Allahın zatında özündən getmişdir".
Bu hədisdə gəlmiş "məmsus" sözünün mənası "divanə" deməkdir. Amma Peyğəmbər (s) Əlinin Allahın zatında belə olmasını qeyd edir. Bəli, əgər bu yolda bir hidayətçi insanı hidayət etsə və onun dərdlərini özünə göstərsə, təbiətən insan özünü əli boş görərək yola düşəcəkdir. Gərək insanın özünə əli boş olmasını və hatta bütün dünyanı ona versələr belə yenə də əli boş olacağını başa salasan. Nə üçün Allah, Adəmə, Həvvaya və Şeytana dünyaya getmələrini buyurmur, bəlkə buyurur: "İhbitu" (Enin aşağa). Çünki dünya aşağadır, yuxarı deyil. Yəni insanın nə qədər dünya malı olsa da yenə aşağadır.
Dünyada insan yuxarı qalxmır və aşağa endikdə də yalnız öz əhatəsində fırlanır. İnsan dərədə olduğu vaxt, yalnız özünü görür, yalnız heyvani təbiətini hiss edir.
Əgər yüz il də öz ətrafında dolansan
Nə özünü, nə də başqasını tapacaqsan.
İnsan yüz il öz ətrafında fırlansa, hara çata bilər? Ona görə də həzrət Əli (ə) cahil insanı, dəyirmanda dolanan və bununla da dəyirman daşını hərəkətə gətirib, dəyirmanı işə salan susuz ulağa bənzədir. Bəzən insan altmış il ömrünü fırlanır, amma bir yerə çatmır.
Söhbətimiz dualarda idi. Bu dualara diqqət edin və görün ki, dualarda necə rövzə oxunur və insanı öz dərdlərindən agah olmağa sövq edirlər. Biz onlardan bir hissəsini sizin ixtiyarınızda qoyuruq: "İlahi! Sən məni Özünə tərəf dəvət etdin". Bu duada bir neçə mühüm nöqtə vardır. Burada demək istədiyimiz nöqtə budur ki, əgər insanı Allah dəvət etsə, qəbul da edəcəkdir: "Ey mənim mövlam! Bu sənin sifətindən deyil ki, istəməyə əmr edəsən, amma Öz bəxşişindən məhrum edəsən". Yəni insanı dəvət etdikdən sonra qapını açmaması mümkün deyil. Qapı açıqdır.
Biz bunu ürəyimizin bir guşəsəndə yerləşdirməliyik ki "Allahın qapısı bağlı deyil, bəlkə bizim əlimiz və ayağımız bağlııdır".
Həzrət imam Səccad (ə) Əbu Həmzə duasında buyurur: "Ey mənim Pərvərdigarım! Mən yəqinliklə bilirəm... Sən öz yaratdıqlarından pünhan deyilsən".
Pəriüzlünün pünhan qalmağa taqəti yox
Əgər qapını bağlasan, ən kiçik bacadan belə özünü göstərər.
Bəli, Mütləq Camal və Feyz sahibi pünhan qala bilməz. İmam Zaman (əc.) da feyzə səbəbdir və o da pünhan qala bilməz. Tusi "Təcrid"in şərhində deyir: "Vucuhun lütf", yəni ağanın vücudu lətifdir. "Təsərrüfühü lütfün axər", yəni hökuməti də başqa lütfdür. "Və ədəmuhu minna", yəni onun bizim yanımızda olmaması, bizim özümüzdəndir.
İmam Səccad (ə) duanın davamında buyurur: "Bu əməllərimizdir ki, bizim gözümüzü pərdələmişdir". Əbu Həmzə duasını oxuyun və görün ki, Allahı görə bilməməyimizin səbəbi bizim əməllərimizdir. Həzrət Əli (ə) Kufə bazarından keçdikdə bir nəfərin satıcıya belə and içməsini eşitdi: "Yeddi göyü özünə hicab qərar vermiş Allaha and olsun". Həzrət əlini onun çiyninə vurub, buyurdu: "Sənin and içdiyin allah deyil. Allahın hicabı yoxdur". O şəxs dedi: Ey Əli, onda kəffarə verməliyəmmi? Həzrət buyurdu: "Sən Allaha and içməmisən ki, kəffarə də verəsən". Həzrət Əlidən (ə) "yerlə göyün arasında nə qədər fasilə olmasını" soruşan şəxs, Allahın göydə olmasını fikirləşirdi və elə bilirdi ki, dua gərək bu yoldan keçsin. Həzrət ona buyurdu: "Gözün görə bildiyi və məzlumun duasının yetişməsi qədər". Yəni, əgər zahiri soruşursansa, (fasilə) gözlə görə bildiyin qədərdir. Amma həqiqəti istəyirsənsə, heç bir fasilə yoxdur. Necə ki, məzlumun duası ilə Allahın arasında fasilə və hicab yoxdur.
Ravi deyir: "İmam Məhəmməd Baqirin (ə) evinə getdim və bir uşağın açıq qapı qarşısında namaz qılmasını gördüm. İmama (ə) dedim ki, siz açıq qapı qarşısında namaz qılmağı məkruh bilirsiniz. Bəs nə üçün sizin oğlunuz açıq qapı ilə üzbəüz namaz qılır? İmam (ə) buyurdu: "Özündən soruş". Onun (həmin uşaq imam Sadiq (ə) idi) namazını qılıb qurtarmasını gözlədim. Namazı qurtardıqdan sonra soruşdum: Sizə qurban olum, açıq qapı qarşısında namaz qılmağın məkruh olduğunu bildiyiniz halda nə üçün belə namaz qılırsınız? Buyurdu: "Mənim ona namazı qıldığım Allah, bu açıq qapıdan mənə yaxındır".
Allah uzaqda deyil, Allah yaxındır. Bir nöqtə də öz əhlinə demək istəyirəm. Allah insana yaxındır, amma məsələ budur ki, gərək sən özünün Allaha yaxın olmağını hiss edəsən. Günah, bu hissi insanın əlindən alır. Elə ki, insan Allaha yaxın olmağını hiss etdi, işləri ondan sonra düzəlir. Amma nə qədər ki, insan günah edir, üzü qara olur və bu üzdən də özündən qaçır, işlər düzəlmir. Xüsusilə də Allah onu qəbul etmir. Əgər sən Allahdan üz döndərmisənsə, Ona tərəf qayıtmaq çətin deyil, yenidən qayıt, gəl Allaha tərəf.
Əgər Allahdan üz döndərsən, iş çətin deyil
Çətin bizim işimizdir ki, Allah bizdən dönmüşdür.
Bir dəfə insan Allahdan üz döndərir. Belə şəxs yenə Allaha tərəf qayıda bilər. Amma bir dəfə də budur ki, "Üsuli-Kafi" də gəlmiş hədislə desək: "İzzət və Calalıma and olsun ki, daha səni bağışlamayacağam"- dərd burasındadır. Bundan sonra insan tövbə etməyə nə qədər çalışsa da, müvəffəq olmur. Nə üçün? Çünki, Allahın inayəti ondan kəsilmişdir. Əbu Həmzə duasında oxuyuruq: "(İlahi!) Mənə nə olmuşdur ki, hər vaxt deyirəm ki, daha islah olmuşam və Sənin dostlarının məclisinə daxil olmağa az qalmışam; qarşıya bir bəla çıxır və Sənin xidmətində olmağıma mane olur".
Gəlin, bu məsələ üzərində düşünək ki, Allah "gəl" deyir. Biz də deyək ki, ilahi, Sən çağırdın, mən də gəldim. Allah qapını bağlamır və "babuhu məftuhun lir-rağibin", yəni Onun qapısı bütün istəyənlər üçün açıqdır və insanı qəbul edir.
Əməllərin qəbulu barədə söhbət etmirəm. Sözüm, Allahın insanın özünü qəbul etməsindədir. Bu barədə rəvayət və dualarda incə nöqtələr vardır. Bu barədə gəlmişdir: "İqbilni, ya qabiləs-səhərəh", "Ya mən la yurəddu sailəh". Yəni, ey o Allah ki, qapını "get" demək üçün açmırsan.
İmam Səccad (ə) dualarından deyir: "İlahi, elə bir şəxs tapılarmi ki, desin: mən Allahın qapısına qonaq getdim, amma O məni qonaqlığa qəbul etmədi?"
Sonra yenə buyurur: "Elə bir şəxs tapılarmı ki, desin: mən dəvəmi Allahın evinin qapısında yatırdım (yəni ümid gözü ilə Onun dərgahına göz dikdim), amma məni naümid etdi?" İmam (ə) buyurur ki, belə deyil. "İlahi, qapı bağlı deyil, bizim əlimiz bağlıdır". Kumeyl duasında oxuyuruq: "İlahi, əl-ayağımı elə bağlamışam ki, yerimdən tərpənə bilmirəm, bunu aç!" "İlahi, əməllərim məni zəncirləmiş və yerə oturtmuşdur!" İnsan nə ilə özünü zəncirləyir? Günahla. Bir nəfər həzrət Əlinin (ə) yanına gəlib dedi: "Ey Əmir əl-möminin! Mən gecə namazı qılmaq üçün nə qədər çalışsam da qıla bilmirəm. Nə üçün belə oluram?" Həzrət Əli (ə) ona buyurdu: "Günahların sənin əl-ayağını bağlamıdır. Ona görə də gecə yatağından qalxa bilmirsən".
Heç imam Rizanın (ə) ziyarətinə getmisənmi? İnsan Təbrizdən Məşhədə qədər bu qədər yolu avtobusla getsin, bu qədər əziyyət çəksin. Sənə nə istəmək lazım olduğunu öyrədirlər. Bunu öyrənməyinizi xahiş edirəm. "یا ابا الحسن، إنَّ بَیني وَ بَینَ اللهِ ذُنُوباً قـَد أثقَلَت ظَهري" "Ey Əbəl-Həsən! Günahlarım məni aşağa çəkir, əlimdən tut!" Allah hamımıza Kərbəla ziyarətini nəsib etsin. Hərəmdə əhli-beytə (ə) üz tutaraq, bu duanı oxuyuruq: " لا خَلّفَني اللهُ عَنکُم بذُنُوبي" "Allah, günahlarıma görə məni sizdən uzaq salmasın, ayırmasın."
Bəli, insan günahlarına görə karvandan geri qalır. irəli gedə bilmir. Bəzən bir günah insanı Vəliyullahi Əzəmin (əc.) gözündən salır, insanı aşağa çəkir. Heç fikirləşmisiniz ki, nə üçün günaha "həvy" deyilir. "Həvy", yəni düşmək, "haviyə", yəni düşürən. Günah etdi, yəni süqut etdi.
Bir zinakara hədd vururdular. Həzrət Yəhya (ə) buyurdu: Daşları atmayın, gözləyin. Onlar həzrət Yəhyanın (ə) nə edəcəyini bilmək üçün dayandılar. O, qabağa getdi. Zinakarın bədəninin bir qədərini torpağa basdırmışdılar. Onun yanında ədəblə oturdu. Bilirsinizmi, nə dedi? İnsan bu sözü deyərkən canı lərzəyə düşür. Buyurdu: "Məni nəsihət et!" Diqqət edin! Ona başqa heç nə demir, yalnız deyir ki, məni nəsihət et!
Peyğəmbər (s) Cəbrailə deyirdi ki, mənə moizə et! İbn Məsuda dəfələrlə deyirdi ki, mənim üçün Quran oxu! Əmir əl-möminin (ə) Səsə ibn Suhana dedi ki, mənə moizə et! Bunlar hamısı Qurani-kərimə qayıdır. Allah ulul-əzm peyğəmbərlərdən olan Musaya (ə), Xızır (ə) kimi tanınmayan peyğəmbərin yanına getməyi və onun qarşısında diz yerə qoyaraq elm öyrənməyi əmr edir.
Həzrət Yəhya (ə) zinakarın qarşısına gəlib, ondan nəsihət istəyir. Zinakar deyir: "Ey Yəhya! Günah etmə, mən günah etdim, Allahın nəzərindən düşdüm". Günah süqut deməkdir. İnsanı aşağa çəkir.
"İlahi! Sən məni Özünə tərəf dəvət etdin". Allah insanı Özünə tərəf dəvət edirsə, onu rədd etmir. Çünki əgər rədd esə, istəyinin əksi olar. Allahın adlarının biri də Şəkurdur. Şəkur, yəni çox təşəkkür edən. Əgər bir dəfə "La ilahə illəllah" desən, sənə təşəkkür edir. Hətta, bir zərrə də bu dünyada hədər getmir. Bu dünya, hesab dünyasıdır: "Hər bir şeyin onun yanında müəyyən bir miqdarı (ölçüsü) vardır". ("Rəd" surəsi, ayə 8.) " Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" ("Yunis" surəsi, ayə 61.) Cənnət əhlinin cənnətə daxil olduqları vaxt dillərində olan zikr budur: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir!" ("Fatir" surəsi, ayə 34.)
Allahın adlarından biri də "Səriul-vəfa", yəni Tez Vəfa Edəndir. Sizin özünüzə gəlməyiniz üçün O, tez vəfa edir. Həzrət buyurur: "Möminin qüslxanada kəfəni qurumamış, hurul-eynlə görüşür". Allah öz vədinə bu qədər tez vəfa edəndir. Həzrət buyurur: "Cənnətlə sizin aranızda yalnız bir ölüm fasilə vardır". Gözü bağladı, tamam oldu. Allah təkcə axirətdə yox, bu dünyada da tez vəfa edəndir. Özü Quranda buyurur: "Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizinlə olan əhdə vəfa edim". ("Bəqərə" surəsi, ayə 40.) Allah nə vədəsi vermişdir?
Allah əhd edibdir: "Bizim yolmuzda cihad edənlərə şübhasiz Öz yollarımızı göstərərik". ("Ənkəbut"surəsi, ayə 69.) Mütəal Allah yenə buyurur: "Şübhəsiz bizim rəbbimiz Allahdır, deyən sonra möhkəm duran kəslərə mələklər nazil olarlar, əsla qorxmayın və qəmgin olmayın sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə. ("Fusslət" surəsi, ayə 30.) Əhli- beytdən (ə) olan hədislərdə də buyurulur: "Dünya və axirətdə sizin rəhbərlərinizik". "Mələklər bizim və bizi sevənlərin xidmətçiləridir ".
Bir əxlaq ustadı Nəcəfdən gəlmiş alimlərin birindən belə nəql edir: "Nəcəfdə olduğum vaxtlar gecələr gecə namazının vaxtında məni çağırırdılar və deyirdilər: "Ağa qalx ayağa!", bəzən də deyirdilər: "Şeyx qalx!" və məni gecə namazına oyadırdılar. Mən həmişə təəccüb edirdim ki, nə üçün onlar bəzən mənə hörmətlə yanaşır və "Ağa, qalx ayağa!", bəzən də adi vəziyyətdə "Şeyx qalx!" deyirlər. Çox düşündükdən sonra başa düşdüm ki, hər vaxt ciddi müraqibət etsəm, həmin gecə "ağa"yam və məni "Ağa, qalx ayağa" deyə səsləyirlər.
Ayətullah Bürucerdinin hüzurunda kitab yazanlardan biri deyir: "Mən öz gözümlə görürdüm ki, ağa (Ayətullah Bürucerdi) oturub, uşaq kimi ağlayır. Ondan ağlamağının səbəbini soruşduqda, deyirdi: "Mən Bürucerddə olduğum vaxtlar bəzi şeylər mənə deyirdilər və mən bəzi şeylər eşidirdim. Amma mərcəiyyət bunlarln hamısını əlimdən aldı. İndi özümə diqqət edə bilmirəm". O böyük mərcəi-təqlid həftədə iki dəfə Fatimə Məsumənin (ə) hərəminə gəlir, üzünü müqəddəs zərihə qoyur və deyirdi: "Ya Fatimətu! İşfəi li fil-cənnəh". (Ey Fatimə! Cənnətdə mənə şəfaət et!) Hətta, cümə axşamları dəftərxanasını tətil edir və deyirdi ki, gedin ziyarətə.
Şeyx Ənsarinin şagirdləri dərs otağına gəlib, şeyxin dərsə başlamasını gözləyirdilər. Amma görürdülər ki, şeyx əsa əlində Kufə məscidindən gəlir. Şeyxdən haradan gəlməsini soruşduqda, deyirdi: "Allahla xəlvət etməyə, sözümü deməyə getmişdim".
Özünü gözləyən adamlara Allahın inayəti vadlr. Şəhid Sani deyir: "Mən elə inayətlər görmüşəm ki, əgər yazsam "Bələğə ma yələmhullah" kitabı qalınlıqda olar. Yəni o qədər olar ki, onu yalnız Allah bilir".
Mərhum Tənkabəni "Qisəsul-uləma" adlı kitab yazmışdır. Həmin kitabda atasının tərcümeyi-halında yazır: "Bir gecə ağlamaq səsi məni yuxudan ayiltdı. Oyanıb, atamın namaz üstə bərk ağlamasını gördüm. Ondan nə üçün ağlamasını soruşdum. Amma demədi. Mənim çox təkidimdən sonra dedi: "Əgər mən ölənə qədər heç kimə deməyəcəyini söz versən, deyərəm. Mən atama söz verdikdən sonra dedi: "Mən namaz qılırdım. Birdən evin bir küncündən səs eşitdim ki, deyirdi: "Ey əməl edən alim!" Bəli, insan alim ola, özü də elminə əməl edə.
Neçə il bundan qabaq bir bəsici mənim yanıma gəlib, bəzi sözlər danışdı. Onun sözləri mənə elə təsir qoydu ki, öz-özümə dedim: ilahi, bu məndən çox əməl edir. O həya ilə mənə dedi: "Mən sizin dediyiniz sözlərin bəzilərinə əməl edə bilmirəm, ona görə də sizin məclisinizə gəlməyə xəcalət çəkirəm. Sizin məclisə gəlməyə mənə icazə verirsizmi?"
Dualara diqqət edin! Görün ki, imamlar (ə) bu dualarda nə qədər ağlamış və Allahdan onları qəbul etmələrini istəmişlər. İmam Səccadın (ə) vətr namazlarında duaları vardır. Məlumdur ki, dua üçün təəccüblü halı olmuşdur. Kamal əldə etmək üçün gecənin, xüsusilə də vətr namazının çoxlu təsiri vardır. Bu bir rəkətli vətr namazı o qədər əzəmətlidir ki, müqəddəs şare işa namazından sonra iki rəkət namaz qılmağı tövsiyə edir. Bu iki rəkət namaz, vətr namazının yerinədir. Yəni əgər bir kəs yuxuya qalıb vətr namazını qıla bilməsə, bu iki rəkət onu əvəz etsin. Peyğəmbər (s) bəzən bu iki rəkəti qılır, bəzən də qılmırdı. Çünki o həzrətə gecə namazı qılmaq vacib idi və bilirdi ki, o bir rəkəti mütləq qılacaq.
İmam Səccad (ə) vətr namazının duasında deyir: "İlahi, əgər mənim kimi birisinə rəhm etsən, mənə də rəhm et!" Sonra deyir: "Əgər mənim kimi birisini qəbul etsən, məni də qəbul et!", "Ey sehrkarları qəbul edən!" Yəni ey o Allah ki, Fironun zamanında Musanın möcüzəsini gordükdən sonra, tövbə edən sehrkarları qəbul etdin, məni də qəbul et!.
Fironun sehrkalari ömürləri boyu Allaha küfr etmişdilər. Amma bir səcdə etdilər. Yalnız bir səcdə! Ömürlərində bir səcdədən artıq səcdə etmədilər. Elə vaxt olur ki, bir səcdə "səmaya qalxıb, günəşin işini görür". Bəziləri elə bilirlər ki, ibadətin bir tərəfi nazdır, bir tərəfi də niyaz.
Onun feyz ziyafətxanəsindən bəhrələnmək yasaq deyil
Qapı açıqdır, sənin məsləhətin süfrəyə qoyulmuşdur.
Fironun sehirkarları bir dəfə səcdə etdilər və qəbul oldular. Bəzən elə olur ki, insan Allaha bir anlığa yönələ bilir və həmin bir an öz işini görür. Bu hədisi eşitmisiniz. Allah bir dəstıni cəhənnəmə göndərər. Onladan biri qayıdıb, Allaha tərəf baxar. Allah buyurar ki, onu qaytarsınlar. Ona buyurar ki, nə üçün baxdın? Deyər: İlahi, mənim ümidim bu deyildi. Bəli, o bir dəfə Allaha baxdı (və onunla da bağışlandı) . Amma mən və sən bir ömürdür ki, ah-nalə edirik və Allahın rəhmətinə göz dikmişik.
Allah Hacı Mühəqqiq Ənsarinin ruhunu şad etsin. O, Qumun ən yaxşı vaizlərindən idi. İrfani moizələr edirdi. Bir dəfə minbərdə deyir: 12-ci sinifdə oxuyan bir qız sinifdə qaldığı üçün özünü öldürmüşdür. Amma mən əlli ildir ki, birinci sinifdə qalıram, amma hələ də özümə gəlmirəm. Hələ də özümdən soruşmuram ki, nə üçün? Özümdə dəyişiklik yaratmaq, təzə bir şey öyrənmək üçün ayılmıram. Dünənimlə, bu günüm fərqlənmir. Bütün işlər və fikirlər təkrardır.
Bəzən kupon ilə mal verirlər. Camaat gecə yarısından durub, gəlir, növbə tuturlar. Bəzilərini görürdüm ki, məsələn, buzlanmış ətə ehtiyacı olduqda onu almaq üçün qış fəslində gecə yarısından növbəyə dayanırdılar. Yaxud bəziləri səhər ticarət etmək üçün gecəni oyaq qalırdılar. Amma Allahla iki dəqiqə söhbət olan gecə namazını ticarət bilmirlər. Məgər gecə namzının duasnda oxumuruqmu:
"اللهمَّ ارزُقني مِنَ التِّجَارَةِ أوسَعَها رزقاً وَ أعظَمَها بَرکَةً وَ أتَمَّهَا عَاقِبَة"
İlahi, mənə çoxlu ruzisi, çoxlu bərəkəti və sağlam olan ticarət ver.
Bir neçə mətləblə bu günkü söhbətimi tamamlamaq istəyirəm və bu barədə sonra yenə söhbət edəcəyik.
Cənab Kaşiful-Ğita gecə sübh aznına bir-iki saat qalmış oğlunu yuxudan oyadır və deyir ki, gəl gedək mövlamızın (ə) hərəminə, gecə namazı qılaq. Oğlu deyir: "Ata, sən get, mən də gələrəm". Amma atası razı olmur. Bununla oğlunu ayıltmaq istəyir. Nəhayət, oğlunu çətinlikə də olsa, oyadır və özü ilə aparır. Hərəmin yanında bir dilənçinin oturduğunu görürlər. Kaşiful-Ğita oğlundan soruşur: "Oğlum, bu dilənçi gecənin bu vaxtı burada nə üçün oturmuşdur?" Oğlu deyir: "Bir nəfərin ona iki qəpik verəcəyi ümidi ilə". Kaşiful-Ğita deyir: "Oğlum, Sənin Allahlna bu qədər də ümidin yoxdurmu?"
Bizim ustadımız deyirdi: "Dindarlığı, dünya əhlindən öyrənin. Həzrət Fatimə Məsumənin (ə) hərəminin yanında səhərə qədər oyaq qalırlar ki, müsafir gələcək və onlar müsafirə suhan satacaqlar. Görün onlar dünyadan necə iki əlli yapışıblar. Amma biz belə deyilik".
Bir az öncə Mühəqqiq Ənsarinin irfani moizələrindən söz düşdü. Onun qısa moizə və nəsihətlərindən demək istəyirəm ki, əgər bir gün bu söhbətlərim, kassetdən kağız üzərinə köçsə, əbədi olaraq qalsın.
Bir nəfər Ənsarinin yanına gəlib deyir: Kürəyə girmişdim, əsəbləşib, qaçdım. Evdə də ailə-uşaqla dalaşdım. Ağa onun cavabında deyir: "Nə üçün kürəyə girmişdin ki, qaçasan?"
Qabaqlar Quma bir icra başçısı vermişdilər. Olduqca şər adam idi. Qumun tacirlərini o qədər incitmişdi ki, axırda onun zülmündən cana doyan tacirlər yığışıb, Bürucerdinin (rh.) yanına getdilər ki, ağa bir yol tapıb, onu işdən çıxartdırsın. Bürucerdinin katibi onlara demişdi ki, gedin işinizlə məşğul olun. Bürucerdi yox, hətta şah da onu işdən çıxara bilməz. Yəni onu Amerika iş başına gətirmişdir. Ayətullah Bürucerdinin vəfatının səhəri günü onu da işdən çıxardılar. Onun tələbələrin başına gətirmədiyi bəla qalmamışdı. Tələbələri Kaşmir və digər məntəqələrə sürgün edir, sonra da çiyninə nazik əba ataraq gəlib, Ayətullah Bürucerdinin camaat namazında birinci sırada dayanıb namaz qılırdı. Sonra da Bürucerdinin evinə gəlib, deyirdi: Tələbələrdən bir neçəsi burada narahat idilər, öz şəhərlərinə göndərdim.
Kitab satıcısı Mustəfəvi deyir: Bir gün mənim yanıma gəlib, Seyid ubn Tavusun "İqbal" kitabını onun üçün tapmağım istədi.
Bildiyiniz kimi bu kitabda bir neçə dua vardır ki, onlar "Məfatehul-cinan"da yoxdur. O, bu dualardan da məhrum qalmamaq üçün onları da oxumaq istəmişdir. Məlum olur ki, ən ali şeytanlıq dərsi öyrənmişdir.
Xülasə, bir gün Ayətullah Feyz, Bürucerdi ağanın yanında şəhadət verdi ki, mən öz gözümlə gördüm ki, bu icra başçısı öz əli ilə iki nəfər tələbənin əlinə qandal vurub, polis məmuruna verdi və onlar da tələbələri heyvan kimi çəkə-çəkə apardılar. Ayətullah Bürucerdi bunu eşidən kimi əsəbləşdi və icra başçısı onun evinə gəldikdə, ona dedi: "Get burdan! Bir daha səni görmək istəmirəm". Bununla da o, getdi və hətta, qorxusundan Məscidi-əzəmə də gəlmədi. Amma icra başçısı idi və çoxlu nüfuzlu dostlarl var idi. Onları vasitə etdi ki, Ayətullah Bürucrdi ona heç olmasa namazın axrıncı səfində dayanmağa icazə versin ki, camaat namazının savabı əlimdən çıxmasın.
Tələbələrdən hər hansı biri bir məsələ qaldırsaydı, onun əbasına əlamət qoyurdu. Bununla da sivakın məmurları onu tanıyıb, tuturdular. Xan mədrəsəsinə girib, tələbələri tutdular, yuxarı mərtəbədən yerə atdılar, bir tələbənin burnuna şişi soxdular. Belə şəxsləri Qumda başçı təyin edirdilər.
Bir gün Mühəqqiq Ənsari təzə icra başçısının qarşısını kəsib, deyir: Sən sübh namazı qılırsanmı? Deyir: Qılıram. Deyir: Namazdan sonra əlinə təsbeh götürüb, 100 dəfə "Bura Qumdur, bura Qumdur, bura Ali-Mühəmmədin hərəmidir", deyirsənmi? Bilirsəmi ki, həzrət buyurub: "Elm axirəz-zamanda Nəcəfdə qürub edər və Qumda çıxar və oradan başqa şəhərlərə yayılar." Sən də əlinə təsbeh götür və öz nəfsinə de: "Qeybət etnə, qeybət etmə!" Bunu davamlı surətdə ara vermədən de".
Qeybət insanın başına çoxlu bəlalar gətirir. İnsan gərək öz nəfsinə təlqin etsin. Çünki, nəfs elə bir şeydir ki, "Nəyə rəğbətləndirsən, ona tərəf meyilli olur". Ölüyə necə təlqin edirlər? Eləcə də özünüzə təlqin edin. Müstəhəbdir ki, qəbrə girib ölünün çiynindən tutub, möhkəm silkələyəsən və deyəsən: "İsmə, ifhəm ya filankəs!" (Eşit, başa düş, ey filankəs). Sonra təlqin oxumağa başlayırsan və deyirsən: "Əgər iki müqərrəb mələk gəldilər". "Qorxma və onlara de..."
Əgər insanı qəbirdə silkələyər, o qədər də faydası yoxdur. Əlbəttə, elə başa düşməyin ki, heç faydası yoxdur. Çünki faydası var ki, şəriət silkələməyi əmr edib. Amma ümdə budur ki, insan bu dünyada özünü silkələsin, tozunu töksün. Biri moizə və nəsihət edərkən onun sözü toza dəyib, dayanmasın, bəlkə birbaşa nəfsə dəysin.
Ürəyində günahlar üst-üstə yığıldı
Onu sirləri görməkdən kor etdi.
BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.