Hava çox soyuqdur. Bəlkə -15, bəlkə də -20 dərəcə...Havada qar dənələri uçuşur sanki üfüqdə bir fırtına var...
Yenə belə havalardan biri idi. Ovçular yolda bir dişi canavarla qarşılaşdılar. Canavar qarla örtülmüş asfalt yolun lap yaxınlağında idi. Ovçular maşınlarını saxlayıb düşdülər. Canavar isə qaçmaq əvəzinə dayandı. Bir xeyli bir-birləri ilə baxışdılar. Ovçular üç tərəfdən canavara yaxınlaşmağa başladılar. Canavar əvvəlcə bir qədər uzaqlaşdı. Ancaq sonra yenə də qayıtdı. Yerdə böyük bir sümük parçası var idi. Canavar ağzı ilə sümüyü götürdü. Və sürüyə-sürüyə aparmaq istədi. Ancaq nə qədər çalışsa da, bacarmadı. Çarəsiz-çarəsiz ovçulara baxdı. Yenə sümüyü qoyub getməyə çalışdı. Ancaq çox keçməmiş yenə sümüyün yanına qayıtdı. Canavar bir daha getdi, bir daha yenidən qayıtdı...
Bu hadisə bir neçə dəfə təkrar oldu. Və nəhayət ilk güllə açıldı. Canavar arxa ayaqlarının üzərində qalxaraq sanki bir yay kimi yığılıb açıldı. Sonra da arxasınca acı bir fəryad səsi gəldi. Yaralı-yaralı getmək istəyirdiki yenidən sümüyün yanına qayıtdı. Ağzı ilə sümüyü götürmək istəyirdi ki, bu vaxt ikinci güllə açıldı. Bu güllədə də eyni şeylər oldu. Həm bu güllədə, həm də o biri güllələrdə... Bəli, hər dəfə güllə açılanda canavar arxa ayaqları üzərində qalxır, sonra da yay kimi yığılıb açılırdı. Bunun da arxasınca canavarın fəryad səsi gəlirdi. Ancaq o hər dəfə qaçmaq əvəzinə geri qayıdır və sümüyü götürüb aparmağa çalışdı...
Bir azdan ovçular yerdə cansız yatan canavarın başına toplaşdılar. Burnun ucunda hələ də aparmaq istədi sümük parçası var idi. Ovçular canavarın sümüyü qoyub niyə qaçmadığına bir məna verə bilmədilər. Bu vaxt aralarında bir nəfər dişi canavarın sümüyü aparmaq istədiyi tərəfə baxdı. Alçaq bir təpənin arxasında 5 ac canavar balası ürkək ağrıdan baxışlarla onlara baxırdı.