Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allah kəlamları

Allah kəlamları

Allah kəlamları

Bismillahir Rəhmanir Rəhim.

(Mərhəmətli və Rəhimdil Allahın adı ilə).

Həzrəti-Əli əleyhissəlamın bəzi hikmətamiz qısa və müxtəsər kəlamları Azərbaycan dilinə tərcümə olundu. Belə ki, ərəb dilini bilməyən müsəlmanlar da o şərəfli kəlamların yüksək məzmunundan xəbərdar olub faydalansınlar, məni və mütərcimi xeyir-dua ilə yad etsinlər.

Əmirəlmüminin Əli əleyhissəlam buyurubdur:

1. Mənim Allaha və qiyamət gününə inamım o dərəcədədir ki, Allahla bəndə arasındakı hicab (pərdə) götürülərsə inamımda zərrə qədər dəyişiklik olmaz. (Yəni Allahı və qiyaməti necə düşünürdümsə, pərdənin ardından da elə o cür görünəcək).

2. İnsanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olurlar.

3. İnsanların öz ata-babalarından zamanələrinə daha artıq oxşarlıqları var.

4. Öz qədirini bilən hər bir kimsəyə ölüm qorxulu deyil.

5. Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür.

6. Özünü tanıyan hər bir şəxs Allahını da tanıyar.

7. Hər bir adam öz dilinin arxasında gizlənmişdir.

8. Dili şirin olan kimsənin qardaşları çox olar.

9. Yaxşılıqla azad adamları da qul etmək olar.

10. Paxılın malına bir hadisə üz verməsi və ya vərəsəyə yetişməyə tapac olmasını müjdə ver.

11. Danışanın özünə yox, sözünə daha çox diqqət et.

12. Bəla vaxtı qorxuya düşmək məhnəti artırır və insanı savabdan məhrum edir.

13. Zülümlə qələbə əldə etmək olmaz.

14. Təkəbbürlü adamı heç kəs tərif etməz.

15. Simicliklə ehsan bir yerə sığmaz. Yəni paxıl kimsə ehsan edə bilməz.

16. Bədənin sağlamlığı çox yeməklə deyil.

17. Əxlaqsız adamın şərəfi olmaz.

18. Tamahkar adam haramdan əl çəkməz.

19. Paxıl adamın rahatlığı olmaz.

20. Yalan olan yerdə məhəbbət olmaz.

21. İntiqam almaqla ağalıq tutmaz. Yəni böyük kimsə müqəssir adamın təqsirini əfv edər.

22. Qaşqabaqlı, pis niyyətli olmaqla, ziyarət olmaz. Yəni elə ziyarətin faydası yoxdur.

23. Məsləhət etməyən kimsə, mətləbinə nail olmaz.

24. Yalançı şəxsin rəhm və mürvəti olmaz.

25. Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz.

26. İslamdan böyük şərəf yoxdur.

27. Pəhrizkarlıqdan yaxşı pənahkar yoxdur.

28. Tövbədən artıq şəfaedici yoxdur.

29. Salamatlıq ən gözəl geyimdir.

30. Nadanlıqdan betər dərd yoxdur.

31. Ağlın azlığından betər xəstəlik olmaz.

32. Dilinə nəyi öyrətsən, sənə o şeyi qaytarar.

33. İnsan bilmədiyi şeyin düşmənidir.

34. Allah rəhmət etsin o kimsəyə ki, öz qədirini bilib, həddini aşmaz.

35. Üzrü təkrar etmək, günahı təzələməkdir.

36. İnsanlar arasında bir kəsə nəsihət etmək onun üçün danlaqdır.

37. Ağlı kamil olan kimsə az danışar.

38. Şəfaət edən kimsə ehtiyac sahibinin qanadıdır (dayağıdır).

39. Ayrılıq insan üçün zillət və xarlıqdır.

40. Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-baxça kimidir.

41. Səbirsizliyin məşəqqəti səbr etməyin məşəqqətindən də artıqdır.

42. İnsan o vaxt azad olur ki, öz vədəsinə vəfa edir.

43. Məkr və hiyləsi gizlin olan şəxs ən böyük düşməndir.

44. Lazım olmayan şeyi tələb edən şəxs lazım olan şeyi də əldə edə bilmir.

45. Qiybətə qulaq asan kimsə qiybət edənlərdən biridir.

46. Tamahkar adam yaramaz olar.

47. Xalqdan ümidini kəsib Allaha ümidvar olan kimsə rahat olar.

48. Həris olan kimsə naümid olar.

49. Çox zarafat edən şəxs nifrət qazanar və ya hörmətsiz olar.

50. Şəhvət qulu olan kəs satılan quldan da alçaq olar.

51. Günahkar adama şəfaət etməyə qalib olan şəxsin qələbə çalmağı kifayət edir.

52. Çox adam özünün zərərinə olan şeyə can atar.

53. Ümidsizlik azadlıqdır, xahiş etmək isə qul olmaqdır.

54. Ağıllı insanın zənni də gerçək olar.

55. Baxan ibrət götürər, yəni hər kimsə ki, ruzigarın işlərinə ibrət gözü ilə nəzər edə, özü üçün nəsihət qəbul edər.

56. Ədavət qəlb üçün böyük yükdür, yəni düşmənçilik ürəyi bütün işlərdən geri qoyar.

57. Qəlbi çətin işlərə məcbur etsən, kor olar.

58. Ədəb ağlın surətidir, yəni ədəbi olan kimsənin ağlı olar.

59. Tamahkar adamın həyası olmaz.

60. Paxıl kimsə günahsız adama da qeyzli olur.

61. Xoşbəxt o kimsədir ki, özündən başqalarının da nəsihətinə qulaq asar.

62. Şər adamda pis eyiblər cəm olur.

63. Çox razılığa gəlməyin və çox ədavətin axırı ayrılıqdır.

64. Özünə çox ümid olan kimsə istəyinə yetməz.

65. Zülm edən şəxs özünün məhvə doğru aparar.

66. Hər bir udum suda bir əzab və bir loxma təamda bir qüssə var.

67. Allahın təqdiri yerinə yetən vaxtda bəndənin tədbiri itir.

68. Allahın qəzavü-qədəri gələn zaman, ehtiyat eləmək fayda verməz.

69. Ehsan etmək pis niyyətli adamların dilini kəsər.

70. Şərafət elm və ədəblədir, əsl-nəcabətlə deyil.

71. Əsl-nəcabətin və şərafətin ən yaxşısı xoşxasiyyət olmaqdır.

72. Ən böyük əsl-nəcabət ədəbli olmaqdır.

73. Ehtiyacın betəri axmaqlıqdır. Yəni axmaqlıqdan betər ehtiyac olmaz.

74. Qorxunun və nifrətin daha artığı xudpəsənd olmaqdır. Şəxs nə qədər təkəbbürlü olursa, başqa adamlar ona o qədər nifrət edir.

75. Ən böyük dövlət ağıldır. Yəni ağıllı kimsə həqiqətdə möhtac deyil, bəlkə də artıq dövlətlidir.

76. Neməti tələf edən şeylərdən çəkin! Ona görə ki, tələf olan nemətin qayıtması müşküldür.

77. Tamah olan başda ağıl olmaz.

78. Allaha üz çevirən adamın dövləti olar. Allahdan üz döndərən adam həlak olar.

79. Fağır olduğunuz vaxt sədəqə verib Allah ilə müamilə ediniz.

80. Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri tərbiyəsiz olar.

81. Ağıllı kimsənin dili ürəyinin dalında olar. Yəni ağıllı adam qabaqcadan sözünün yaxşı və pisini fikirləşib sonra danışar.

82. Axmaq kimsənin qəlbi dilinin dalında olur. Yəni axmaq adam qabaqcadan danışıb sonra fikirləşir.

83. Hər kəs ki, öz iradəsini cilovlaya bilməsə, əcəl onu öz tərəfinə çəkər.

84. İlk nemət sizlərə yetişdiyi zaman axırını şükürsüzlüklə qaçırtmayın.

85. Öz nəfsini xar və zəlil edən hər bir kimsə tamahı özünə adət etdi.

86. Öz ehtiyacını xalqa bildirən hər bir kimsə öz zillətinə razı olar.

87. Xar etdi o kimsənin nəfsi ki, dilinə malik olmayıb, dilini özünə əmir və hakim etdi.

88. Simiclik insana ardır. Qorxu isə nöqsandır.

89. Ehtiyac bacarıqlı adamı da öz əqidəsindən döndərər və heç kəs onun sözlərinə inanmaz.

90. Malı az olan kimsə öz vilayətində qəribdir, heç kəs onu tanımaz.

91. Gözəl davranışlar (ədəblər) insana həmişə təzə zinətlərdir.

92. Ürəyi açıqlıq və üzü gülər olmaq məhəbbətin toyudur ki, insanları onunla ovlamaq olar.

93. Hər bir kimsə ki, özündən razı ola, onun düşməni çox olar. Çünki, təkəbbürlü həmişə başqaların nəzərindən zəlil olar.

94. Hər kəsin ki, dünya üzünə gülüb, onu xoşbəxt edərsə başqalarının da yaxşı sifətlərini ona bağışlar və bir kəsdən üz döndərərsə, onu idbar edib, onun yaxşı sifətlərini də əlindən alar.

95. İnsanlarla yaxşı davranın ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün ağlasınlar, qalsanız sizin tərəfdarınız olub sizə əşbət etsinlər.

96. Ey oğul, axmaqlarla yoldaşlıq etməkdən çəkin, çünki axmaq sənə yaxşılıq etmək istəsə də, sənə ondan ancaq zərər yetişər.

97. Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.

98. Günahkar kimsə ilə yoldaş olmaqdan uzaq ol. Çünki o şəxs səni ucuz olan qiymətə satar.

99. Yalançı kimsə ilə dost olmaqdan uzaq ol. Ona görə ki, yalançının məsəli sərab (ilğım) misalındandır. Öz yalan sözü ilə uzaq şeyləri sənə yaxın və yaxın şeyləri uzaq göstərər.

100. Kişinin qədər və hörməti öz səy və çalışqanlığına görədir.









Prinsesa от 8 mart 2016 22:53
Insan bilmediyo weyin duwmenidir
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ