Mələklər də ixtiyar sahibi olan bir varlıqlardır və bunu Quran ayələri və hədislərimiz isbat edir. Mələklər şüura və müstəqil iradəyə malik varlıqlardır. Onların nəfsani hissləri yoxdur və ona görə də Allaha üsyan etmirlər. Lakin bununla yanaşı, imana malikdirlər, rəftar və əməlləri iradələri üzərindən həyata keçər.
Allah Təala buyurur: "(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: "Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları cəhənnəm əzabından qoru!"". ("Ğafir" 7).
Bu ayə sübut edir ki, mələklərin iradəsi və şüuru vardır. Allah Təala başqa bir ayədə buyurur: "Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır". ("Nisa" 172).
Bu ayə buyurur ki, Məsih və mələklər baxmayaraq ki, günah etmirlər, ancaq əgər günah etsələr, Qiyamət günü əzab olunacaqlar. Yəni, mələklər də iradə və ixtiyar sahibi olub, Qiyamət günü öz əməllərinə görə hesab verə bilərlər. Bu ayə onların ixtiyar sahibi olduğunu sübut edir.
Başqa bir ayədə oxuyuruq: "Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar". ("Təhrim" 6).
Fəxr Razi "Kəbir" təfsirində bu ayə haqqında belə yazır: "Bu ayədə mələklərin axirətdə təklif sahibi olduqlarına işarə edilmişdir. Onların da axirətdə məsuliyyətləri və qadağaları vardır. Mələklərin üsyanı - Allahın əmr və qadağası ilə müxalifətlik etməsidir".
Ancaq Əllamə Təbatəbayi bu fikri qəbul etmir və "Əl-Mizan"da yazır: "Bu söz düz deyildir. Bu ayə buyurur ki, mələklər xalis itaətkardırlar. Onlar günah etmirlər. İtaətləri həm bu dünyaya və həm də axirətə aiddir. Ona görə də mələklər nə dünyada üsyün edirlər və nə də axirətdə".
Hər bir halda mələklər Allahın xəlqidirlər. Onlar Allahın iradəsindən başqasını iradə etməzlər. Allahın buyurduqlarından başqasını yerinə yetirməzlər. "Əksinə, onlar (mələklər) möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir). Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər". ("Ənbiya" 26-27).
Ona görə də mələklərin nə cəzası vardır və nə də mükafatı. Əslində mələklərin də ixtiyarı vardır, ancaq insanlarda olan kimi deyildir. Mələklərin ixtiyarı təkvinidir, insanlarınkı isə təşriidir. Mələklər vəzifələrinin əksinə əməl edə bilməzlər. Ona görə də biz insanlar arasında işlənən ixtiyar sözü onlar haqqında işlənə bilməz. İnsan tam ixtiyar sahibidir, yəni bir işi görə də bilər, görməyə də bilər.
Mələkləri bir işə məcbur etmək olmaz, deməli onlarda cəbr də məna kəsb etməz. Ancaq bir insanı bir işə məcbur etmək olur.
Mələklərin ixtiyarı üçün başqa bir məna da vardır və o da budur ki, onlar bir işi görən zaman öz meyil və rəğbətlərinə əsasən görərlər. Başqa bir amil onları bu işi görməyə vadar etməz. Ona görə də deyə bilərik ki, mələklər də ixtiyar sahibidirlər, ancaq insanlar kimi deyildir. Onlar Allahı ixtiyari olaraq təsbih və həmd edərlər. Bu işi böyük meyil və rəğbətlə yerinə yetirərlər.