Bakı Musiqi Akademiyası bayram konserti keçirtdi - FOTO
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Gəncləri Gününü bayram konserti ilə qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildə yeni bayram - Azərbaycan Gəncləri Günü təsis edilib və hər il fevralın 2-də qeyd olunur. Ənənəvi olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası bu bayram günü münasibətilə konsert tədbirləri təşkil edir. Bu il çoxlu musiqisevərləri bir araya gətirən BMA-nın konserti Bakıdakı Rus Evində keçirilib.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinanın hazırladığı konsert proqramına Azərbaycan, rus və xarici bəstəkarların həm klassik, həm də estrada, caz əsərləri daxil edilib. Tədbir zamanı Alyona İnyakina bayramın tarixindən, müasir Azərbaycan gəncliyinin məqsəd və vəzifələrindən, hazırda BMA-da təhsil alan gənc istedadlarından danışıb."Azərbaycan gəncliyi çox istedadlıdır. İstedadlı gənclərə dəstək məqsədilə, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib. Akademiyamızın prezident təqaüdlərinin sayına görə ölkə universitetləri arasında liderlər sırasında olduğunu dərk etməkdən çox məmnunuq", - Alyona İnyakina bildirib.
Konsertdə BMA-nın konsertmeysteri Ülviyyə Əliyeva, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Renata Abubəkirova, BMA-nın tələbə və məzunları, BMA-nın məktəb -studiyasının şagirdi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi iştirak ediblər. Qeyd edək ki, bayram konsertinə gələn qonaqlar arasında diplomatik korpusun nümayəndələri də olub.