Orqanizmin ən böyük orqanı olan dəri bədənin qoruyucu funksiyasını yerinə yetirir. Dəri olmadan heç kim yaşaya bilməz. Ətraf mühitin fiziki dəyişikliklərinə qarşı cavab verən ilk orqan dəridir. Bu baxımdan sağlamlıq baxımından dəri problemləri vacib yer tutur. Həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova Ailem.az-a açıqlamasında üç minə yaxın dəri xəstəliyi olduğunu deyir. Onun sözlərinə görə, dəri xəstəlikləri təkcə dəri problemləri ilə bağlı deyil, həmçinin daxili orqanlarda olan problemlərin, digər xəstəliklərin dəri təzahürü olaraq da görünür: “Məsələn, xərçəng kimi xəstəliklərin ilk dəri təzahürü xəstəliyin ilkin mərhələdə müəyyən olunmasında vacibdir. Bununla yanaşı, ən geniş yayılmış dəri xəstəlikləri üzdə səpkilərdir, gənclik sızanaqları, saç tökülmə problemləri, akne, rozasiya, üzdə damar genişlənməsi kimi hallar demək olar ki, hər kəsdə rast gəlinə bilər. Bəzi dəri xəstəlikləri mövsümü xarakter daşıyır. Məsələn, göbələk xəstəlikləri yaz-yay aylarında daha çox üzə çıxır”.
Mütəxəssis dəri xəstəliklərinin yaranma səbəbinin fərqli olduğunu deyir. Əsasən isə infeksiya, bakteriya və viruslar nəticəsində yaranır. Məsələn, göbələk xəstəlikləri müxtəlif növ göbələklərin nəticəsidir. Hər hansı daxili orqanda olan bir problemin dəri təzahürü də ola bilər. Endokrinoloji problem olan Adisson xəstəliyi zamanı dəri bronz rəngdə olur. Şəkər xəstəliyinin də dəri təzahürü olur. Məsələn, insulin rezistentliyinden əziyyət çəkən xəstələrdə (metabolik sindrom) dəridə hiperpiqmentasiyalar olur. Tiroid xəstəliklərində, yəni qalxanabənzər vəzin problemlərində həm saç tökülmə, həm də dəridə qaşıntı, quruluq müşahidə olunur. Qaraciyər problemlərində, öd xəstəliklərində dərinin rəngi saralır. İmmun sistemi zəiflədikdə müxtəlif autoimmun xəstəliklər yaranır ki, onlarin da təzahürünü dəridə görmək mümkündür.
G. Mikayılova son vaxtların insanların dəri problemlərindən qaynaqlanan saç tökülmə şikayəti ilə müraciət etdiklərini açıqladı. Kosmetoloq deyir ki, sağlam olmayan dəridə tük yetişməz: “Saç dərisində əsasən seboreya xəstəliyinə rast gəlmək olur, yəni qızarma, qabıqlanma, qızartı müşahidə edilir. Qadınlarda ginekoloji problemlərlə bağlı saç tökülmələri baş verir. Eyni zamanda qadında kişi hormonlarının artması nəticəsində saçi tökülməs və kişi kimi tüklənmə kimi problemlər özünü göstərir, üzdə səpkilər yaranır, menstruasiyada gecikmələr ola bilir. Anemiyalarda, yəni qan çatışmazlığı halında görülən dəmir defisiti və ya digər hər hansı bir mineralların çatışmazlığı səbəbindən də saç tökülə bilər. Ona görə də biz dəri xəstəliklərinin müalicəsi zamanı problemə kompleks yanaşırıq. Xəstəliyin tarixçəsi çox vacibdir”.
Kişilərdə isə dəri problemləri nəticəsində üzdə, başda, bədəndə tük tökülmələrinə rast gəlinir. Bu, ocaqlı formada, yəni ocaq şəklində, bəzi yerlərdə baş verə bilər. Bəzi adamlarda bədəndə tük tamamilə tökülür, bəzilərində isə bədənin bir hisəssində. Mütəxəssis bütün dəri xəstəliklərinin müalicə oluna biləcəyini deyir. lakin bunun üçün problemi vaxtında aşkarlamaq şərtdir: “Bəzi dəri xəstəliklərinin yaranmasında paralel səbəblər ola bilər. Ona görə də müalicə kompleks olmalıdır. Müalicə zamanı əsasən vitamin, minerallardan istifadə edirik. Yerli mezoterapiya kursları, müxtəlif məlhəmlər, saçgətirən xüsusi məhlullar da müalicə prosesinə daxil ola bilər. Bəzi xəstələr bir-iki günə nəticə almaq istəyirlər. Amma dəri xəstəlikləri uzun müddətli müalicə tələb edir. Unutmayaq ki, saçın böyümə və yetişmə inkişaf tsikli var. Bu mərhələni keçmək lazımdır. Ən azı 3 ay vaxt lazımdır ki, saç tökülmənin müalicəsinin effekti haqqında danışmaq düzgün olsun”.