Kürək və çiyinlərdə sızanaqlar - SƏBƏBLƏR və MÜALİCƏ
İnsanın demək olar bütün bədəni piy vəziləri ilə örtülür. Bu vəzilərin ifraz etdiyi dəri piyi dərinin sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən müxtəlif səbəblərə görə dəri piyi daha çox miqdarda ifraz olunmağa başlayır ki, piy məsamələri tıxanır, burada mikroblar sürətlə artmağa başlayır. Nəticədə iltihab və sızanaqlar əmələ gəlir.
Kürək və çiyinlərdə sızanaqların əmələ gəlməsi səbəbləri bunlardır:
- gigiyena qaydalarına əməl etməmək - sintetik paltarlar - həddindən artıq tərləmə - orqanizmdə gedən ciddi hormonal dəyişikliklər (məsələn, yeniyetməlik, hamiləlik, dövründə, qadınlarda klimaks vaxtı) - xroniki streslər - hormonal pozulmalar - xroniki qəbizlik, disbakterioz - xroniki intoksikasiyalar - dəri xəstəlikləri və iltihabları - immun sisteminin zəiflənməsi
Məsləhətlər
1. Həkimin müayinəsindən keçin. Ola bilsin ki, sızanaqların səbəbi hər hansı daxili pozulmadır. Bu halda sızanaqlardan qurtulmaq üçün pozulmanı mütləq müalicə etmək lazımdır. 2. Təbii parçalardan olan paltarlar geyinin, gigiyenik qaydalara ciddi əməl edin. 3. Sızanaqları sıxmayın və skrablardan istifadə etməyin. Bu iltihabın daha da artmasına səbəb olacaq. 4. Yağlı, şirin, qızardılmış qidalardan imtina edin. Qidalanmanıza daha çox meyvə-tərəvəz, göyərti, sıyıqlar, süd məhsulları daxil edin. 5. Kifayət qədər adi təmiz su için (gün ərzində 1,5-2 l). 6. Həkimlə məsləhətləşdikdən sonra xüsusi dəri üçün olan vitamin kompleksindən, krem və ya məlhəmdən istifadə edə bilərsiniz. 7. Xalq təbabəti vasitələri arasında çobanyastığı, kalendula, adaçayı otlarının dəmləmələrindən, bu otlarla olan vannalardan istifadə edə bilərsiniz. (saglamolun.az)