Hər bir xanım istəyir ki, evdə həm dadlı, həm də büdcəyə uyğun xörəklər, şirniyyatlar hazırlasın.
Lunar.az-ın sizə verəcəyi bu reseptlə ləzzətli lahmacun bişirə bilərsiniz. Üstəlik, qənaətcildi, çünki siz 250 qram qiymə ilə iki qab lahmacun bişirəcəksiniz.
Lazım olan ərzaqlar: 4 ədəd yuxa (2 soba qabı üçün)
250 qr qıyma
1 ədəd soğan
3 ədəd pomidor
3 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
Yarım dəstə cəfəri
1 stəkan duru yağ
1 xörək qaşığı tomat
2 diş sarımsaq
Duz
İstiot
Sous üçün: 2 ədəd yumurta
3 xörək qaşığı qatıq
1 stəkan duru yağ
1 stəkan su
Hazırlanması: Verilmiş tərəvəzləri xırda-xırda doğrayın. Daha sonra bir qaba qıymanı qoyun, doğranmış tərəvəzləri, tomatı, yağı, duz və istiotu da əlavə edib, yaxşıca qarışdırın.
Sous ləvazimatlarını da bir kasada qarışdırın.
Soba qabına yuxanı sərin və onun üzərinə sous vurun. Daha sonra ikinci yuxanı da eyni qaydada sərib souslayın. İçliyin yarısını qaşıqla yuxaların üzərinə yayın. (İçliyin yarısını ikinci qab üçün saxlayın)
Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişirin. Yuxanın altı yaxşıca qızarsın. Sobadan götürdükdən sonra isti-isti rulet halında bükün və iti bıçaqla doğrayaraq servis edin. İstəyənlər sarımsaqlı qatıqla da yeyə bilər.
Nuş olsun!