Azərbaycanın qədim milli yeməklərindən biri olan dolmanın dünyada 30-a yaxın növü var. Dolma qədim türk sözü olub, mənaca “dolmaq” sözündən götürülüb.
Badımcanların bəndəmi kəsilir, suda təmiz yuyulur, ortasından uzununa çərtilir, qaynar suda pörtlədilir, soyudulur. Pomidorların üstü qapaq kimi kəsilir, çay qaşığı ilə içərisi çıxarılır, bibərdə də qapağı kəsilir və tumluğu çıxarılır. Bir nəlbəkidə duz və sarıkök qarışdırılır.
Ət tikələri maşından keçirilir və nazik-nazik doğranmış soğan ilə qızardılır (qurutmamalı, ət şirəli qalmalıdır). Qiyməyə xırda-xırda doğranmış reyhan və pomidorların içi qatılır. Azca duz vurulub qarışdırılır. Bu qiymə içinə duzla sarıkök sürtülmüş badımcanların, pomidorların və bibərlərin içinə doldurulub geniş, dərin qazana lay-lay yığılır: əvvəl bibərlər, üstündən pomidorlar, onun da üstündən badımcanlar.
Yarım stəkan su tökülür, qapağı örtülür və su tam buxarlanana kimi bişirilir. Süfrəyə verilərkən nimçəyə hər pay üçün bir pomidor, bir badımcan və bir bibər qoyulur və üstündən sarımsaqlı qatıq tökülür. Badımcan, pomidor və bibər dolmasını ayrı-ayrılıqda da bişirmək olar.