Sobada bişərkən ətrafa yayılan kök və darçın qoxusu ən iştahasız insanın belə iştahasını artırır. Ləzzətini isə ancaq dadan bilər. Üstəlik kök, yumurta, süd və darçın kimi ləvazimatlar uşaqlar üçün son dərəcə qidalandırıcıdır.
Köklü keksi zeytun və ya kərə yağı ilə hazırlasanız, faydası və ləzzəti daha da artır. Keksi hazırlayarkən çətinlik çəkməyəsiniz deyə quru ərzaqları bir qabın içinə əvvəlcədən qoysanız sizin üçün asan olar. Çünki rəndələmək və ya robotdan keçirmək az vaxtınız olduğu hallarda sizin üçün çətin gələ bilər. Bu keksi hazırlayarkən mikser istifadə etmənizə ehtiyac yoxdur. Sadəcə taxta və ya plastik qaşıqdan da istifadə etmək olar. Sadə keksin xəmirini bir qaba tökdükdən sonra sobaya qoymadan əvvəl 15 dəqiqə ilıq yerdə saxlayın.
Quru ərzaqlar:
3 stəkan un
2 stəkan şəkər tozu
1 paket qabartma tozu və 1 çay qaşığı soda
1 paket vanil
Duru ərzaqlar:
1 stəkan süd
1 stəkan zeytun yağı və ya 125 qram kərə yağı
2 və ya 3 yumurta
2 xörək qaşığı limon suyu
İçlik üçün:
4 ədəd rəndələnmiş kök
Arzu edilsə, 1 stəkan çəkilmiş qoz və ya fındıq
Üzəri üçün:
Bol darçın
Hazırlanması:
Əvvəl köklərin qabıqlarını təmizləyib rəndələyin, ya da blendrdan keçirin. Yumurtaları çırpın, süd, zeytun yağı, limon suyu əlavə etdikdən sonra yenə qarışdırın. Quru ərzaqları az-az əlavə edərək, unu da töküb yaxşıca qarışdırın.
Keks xəmiri 200 dərəcə temperaturda üzəri qabarana kimi bişirilir. Xəmir qabaranda temperaturu 170 dərəcəyə endirin. Çöpü keksə batırdığınız zaman təmiz çıxarsa, demək bişib.