Tərkibi (4-6 pay):
xəmir:
1-1.5 st. un
120 q kərə yağı
100 q şəkər pudrası
2 yumurtanın sarısı
2 x.q. süd və ya su
1 paket vanilli şəkər tozu
sufle:
2 yumurtanın ağı
1 x.q. tezəriyən jelatin
120 q şəkər pudrası
bıçağın ucunda vanil
qlazur:
100 q şokolad
3 x.q. bitki yağı
Yumşaldılmış yağa şəkər pudrası və vanilli şəkər tozu əlavə edib həcmi artana qədər çalın, unun yarısını əlavə edib mikserlə aşağı sürətdə çalın. Ovuntuq alınanda yumurta sarıları ilə südü (yaxud suyu) əlavə edib qarışdırın, unun qalanını qatıb yumşaq xəmir yoğurun.
Xəmirdən pirojnaların diametri boyda "kolbasa" düzəldin. Plyonkaya büküb dondurucuda 40 dəqiqə saxlayın.
Sobanı 200 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Dondurucudakı xəmiri çıxarıb iti bıçaqla fal-fal doğrayın (təxminən 18 ədəd alınmalıdır).
Perqamentin üstünə düzün.
15 dəqiqə bişirin, soyudun.
Sufle:
Jelatini 2 x.q. soyuq suda isladın.
Yumurta ağlarını şəkər pudrası və vanillə qarışdırın, su hamamına qoyub mikserin ən yüksək sürətində həcmi artıb qatılaşanadək çalın. Su hamamından götürün.
Jelatini də su hamamında əridin, sonra yumurtalı qarışığı çala-çala jelatini nazik axınla əlavə edin, yaxşıca çalın.
Peçenyenin üstünə sufle çəkin. Əgər sufle bir qədər durudursa, peçenyeni 15 dəqiqə soyuducuda saxlayın ki, sufle bərkisin, əgər sufle qatı alınıbsa, o zaman ikinci peçenyeni onun üstünə qoyun. Digər pirojnaları da bu qayda ilə hazırlayın.
Soyuducuda təxminən 1 saat saxlayın. 30 dəqiqə sonra yoxlayın, əgər sufle peçenyeyə yapışmayıbsa, peçenyelərin üzərinə yük qoymaq lazımdır. Məsələn, sini, onun da üzərinə 100 q-lıq yağ qoymaq olar.
Şokoladı xırdalayın, bitki yağı əlavə edib ya mikrodalğalı sobada, ya da su hamamında əridin. Qarışdırın.
Bərkimiş peçenyelərin əvvəlcə böyürlərini qlazura batırın. Sonra siniyə, yaxud perqamentin üstünə qoyub üzərinə qlazur tökün.
15 dəqiqə dondurucuda saxlayın. Sonra çıxarıb perqamentin üzərinə tərs üzünə düzün və qlazurun qalanını üzərinə çəkin. Yenidən dondurucuda 15 dəqiqə saxlayın.
30 dəqiqə soyuducuda saxlayın.
Nuş olsun!