Sən getdin... sənsizlik mənimlə qaldı Üzsüz qonaq kimi getmək bilmədi. Sən getdin... könlümü qüssə-qəm aldı, Günlər aya döndü, ötmək bilmədi... Sən getdin... dəyişdi fəsillər bir-bir, Guya, bu yoxluğa alışdım mən də. Silib xəyalları sətirbəsətir, Ayaqda qalmağa çalışdım mən də. Sən getdin... kölgənə dönüm, istədim, Sən keçən yolları keçə bilməyə. Bitib-tükənməyən dözüm istədim, Qəmi damla-damla içə bilməyə. Sən getdin... köksümdə bir eşq yarası, Mənə yoldaş oldu elə o gündən. Qarışdı hər şeyin rəngi, sırası... Küsdüm səni alan kəm taleyimdən. Sən getdin... ölmədim, yaşadım, niyə? Yaşadım lal olan nəğməkar kimi... Eşqini könlümdə daşıdım, niyə? - Sanki həyatımda hələ var kimi... Sən getdin... əlimdən, söylə, nə gəlir? Guya, bu yoxluğa alışdım mən də... Amma ki, hər dəfə qəlbim titrəyir Səsinə bənzəyən səs eşidəndə... Səni incidirəm... görürəm özüm, Sonradan könlünü alıram axı. Hirslənib gedirəm, dönürəm özüm, Qolumu boynuna salıram axı. Onsuz da hər zaman varam yanında, Ürəyim döyünür sanki canında. Gözüm üzündədir, üzgün anında Bir sevgi nəğməsi çalıram axı. Birdən od-alovum göylərə çatır, Birdən də susuram, fırtınam yatır, Dəyişik olmağım fikrini qatır... Yenə də sevgilin oluram axı. İçimdə min yerə çırpınır dözüm, Dilim "de" desə də, olmayır sözüm... Səni güldürəndə gülürəm özüm, Səni küsdürəndə soluram axı!.. Sənsiz - qərinədən uzundur ilim, Varlığın sevincdir, yoxluğun zülüm. Bilirəm, sevirsən, sevirsən, gülüm, Mən də sənin üçün ölürəm axı. Hardasan, yamanca darıxıram mən, Ya gəl, ya məni də yanına çağır. Yoxsan... yollarına ha baxıram mən, Həsrətin hər qəmdən, kədərdən ağır... Hardasan, yanımda olaydın indi, Dunyanı verərdim bircə kəlmənə. Biləydim, ürəyin yenə mənimdi, Deyəndə "sevgilim, yaxın gəl" mənə. Ürəyim sığmayır köksümə mənim, Elə bil ruhum da durub qəsdimə. Duman günlərimə kəsilib qənim, Hər yandan qaranlıq çökür üstümə... Mənim də buludtək çatılıb qaşım, Sən məndən inciyib küsəndən bəri. Bilmirəm hayana axır göz yaşım, Bu hicran yelləri əsəndən bəri... İntizar nə yaman əzir qəlbimi, Nəfəsim, həyatım, eşqim, hardasan? Qalmışam lap dəli-divanə kimi, Eləcə xəbər ver, - bilim hardasan...