Bir göz qırpımında sevgi yaşadın,
İndi bacarırsan öl yavaş-yavaş.
Bu kədər bir günün kədəri deyil,
Damlalar yaradır göl yavaş-yavaş...
Dərdi demirəm ki, dərd olar sənə,
Özüm öz dərdimə gülürəm yenə.
Əgər çox yanırsa ürəyin mənə,
Dərdimə şərik ol, gül yavaş-yavaş...
Keçmişə baxıram, çoxdur gedənim,
Sabah da bu günüm olar dünənim.
Qismət sənin olsun, qalıq da mənim,
Sevgini həsrətə böl yavaş-yavaş...
Yalan gerçək imiş, həqiqət yuxu,
Sənə aldanacaq hələ bir çoxu.
Ömrümün sonuna nə qalıb axı?!
Halallıq istəsən, gəl yavaş-yavaş...