Bir qaranlıq otaq ola,
Bir kağız, bir az da kədər.
O kağızı isladasan
Hönkürtün bitənə qədər.
O vərəqə hisslərini
Tökəsən göz yaşın kimi.
Güvənəsən bir kağıza
Öz həyat yoldaşın kimi.
İslana vərəq, islana...
Götürüb suyun sıxasan.
Bu nə şeirdi yazdım mən: -
Deyib özündən çıxasan...
Pisdir bu şeir - deyəsən, -
İstəmirəm belə qəmli.
Dodaq altda asta-asta
Deyinəsən gözü nəmli..
Birdən saata baxasan,
Görəsən artıq gecədir.
Yadına bir nəfər düşə,
Deyəsən: - "Görən necədir?"
Cırıb kağızı yatasan, -
"Unutmağın tək yoludur."
Səhər oyanıb görəsən
Otaq kağızla doludur.