Sevgilisindən ayrılanlar oxusun! Onu unutmaq üçün... – PSİXOLOJİ YANAŞMA
Sevgi - bəzən qarşılıqlı, bəzən platonik; bəzən ağrılı, bəzən sevincli; bəzən göz yaşı, bəzən isə çox yüngül bir təbəssüm... Sevgi kainatın möhtəşəm gözəllik və nizam içində yaradıldığı zamandan bəri mövcuddur. İlk insanla birlikdə insanlar arasında ən rəngli, ən zövqlü, ən zəngin bir duyğudur eşq. İnsanları gözü bağlı cəzb edən bu sirr kürəsi çox şirindir, çox gözəldir və çox zövq vericidir... Sevgi özü ilə birlikdə sahiblənməyi gətirir, sahib olduğumuz şeyləri itirməksə ağrı verir. Aşiq olduğumuz zaman sevdiyimiz insanı o qədər sahiblənirik ki, ayrılığı ölüm kimi qiymətləndiririk. Sevgilidən uzaqlaşma ölümə məhkumluğu yaşadır. Sevgini bir növ siqaretə bənzətmək olar: asılılıq yaradan bütün maddələr kimi yoxluq vəziyyətində sevən insana əzab verir. Hər ayrılıq sonrası sancılı bir müddətdir. Bir münasibəti davam etdirmək adına göstərdiyimiz cəhdlərin və gələcək üçün qurduğumuz xəyalların birdən sonlanması bizi dərin boşluğa atır. Həyatda ən dəyərli varlığımızı itirmiş kimi hiss edirik. Sanki sahib olduğumuz tək dəyərli şey odur və bir daha heç vaxt əldə edə bilməyəcəyik kimi düşünürük. Ayrılıqdan sonra hiss olunan dərin boşluq o qədər narahat edicidir ki, ayrılıq kədərini yüngülləşdirmək, sakitləşdirmək və sevgi əzabından xilas olmaq üçün hər şey etməyə çalışırıq. Əksər insanlar bu vəziyyətdə özünü çox gücsüz və çarəsiz hiss edir, bu kədərin heç vaxt bitməyəcəyini düşünür. Bəzən onu geri qazanmaq istəyirik, amma edə bilməyəcəyimizi anlayırıq.
Bu halda nə etmək olar? Necə edək ki, bu əzabdan qurtulaq?
İlk növbədə özünüzü mühakimə edin; “Mən niyə bu qədər qəmginəm? Məndə nə əskikdir? Yoxsa özümü dəyərsizmi hiss edirəm?” Çəkdiyimiz ağrılar problemlərimizi görməyə kömək edir. Duyğularımız isə hərəkətə keçməyimiz üçün avtomatik siqnal rolunu oynayır. Necə ki, bədənimizdə hiss etdiyimiz ağrı bizə xəstəliklərin siqnalını verir, yaşadığımız kədər dolu duyğular da bir şeyin qaydasında getmədiyi haqqında siqnallar ötürür. O siqnallara diqqət yetirmək lazımdır, çünki bu zaman özümüzü dəyişdirmə yoluna giririk. Əgər ağrı varsa, o zaman dəyişmə tələbata çevrilir. İlk öncə sizin üçün vacib olanları müəyyənləşdirin. Nə istədiyinizi araşdırın. Həyatınızı necə bir insanla davam etdirmək istərdiniz? Əsas vacib və çətin məsələ qərar qəbul etməkdir. Əgər o insanla ömrünüzü davam etdirə biləcəyinizi düşünürsünüzsə, onda bütün problemlərinizi həll etməyə çalışın. Əgər ayrılmağa qərar vermisinizsə, o zaman ayrılığın yaratdığı fəsadları ortadan qaldırın.
Ayrılıq acısından necə xilas ola bilərik?
1) Bunun keçici proses olduğuna özünü inandırmaq İlk növbədə özünüzü prosesin keçəcəyinə inandırın, çünki insan hər şeyi unudur və heç bir kədər boşuna olmaz. Əgər o hüznün içində hədiyyəni görməyi seçsəniz, sizə çox şey öyrədəcək. Afrika atalar sözünə əsasən: “Hər tragediya digər əlində hədiyyə ilə gəlir; amma biz kədərlə o qədər məşğul oluruq ki, verilən mükafatı görmürük, o da gəldiyi kimi itib gedir”.
2) Geri dönüş üçün ümidlənmə! Hər tərk edilən, tərk edib gedənin səhvini başa düşəcəyini, peşman olacağını və bir gün geri qayıdacağını ümid edir. Çünki özü hələ sevir. Bu, qarşılıqsız sevginin ağırlığı altında əzilməkdir. Bu ağrını yaşayan insan elə düşünür ki, problemin həlli qarşı tərəfin geri dönməsi və münasibətlərin bərpasıdır. Onun da özünü sevdiyini, amma başqa şərtlərə görə getmək məcburiyyətində qaldığını düşünür. Lakin bilmək lazımdır ki, gedən geri qayıtmaz, çünki onun gedərkən səbəbləri var, geri dönəcəyi haqqında düşünürsən, ümid edirsənsə, heç vaxt unuda bilmərsən.
3) Hadisələrə qarşı adaptiv yanaşma İnsanlar stəkanın boş tərəfini görməyə meyllidirlər, hələ üstəlik bu sevgi kədəri çəkdikləri zaman. Bir daha xoşbəxt olmayacağını, bir daha onun kimi birini tapa bilməyəcəyini düşünür. Halbuki onun xaricində hər kəs bunun yanlış olduğunu bilir. Hansısa bir hadisəyə neqativ baxarkən özünüzü düzəltməyə və müsbət yanaşmağa çalışın. Yaşadığın hadisələrə utanc qaynağı olaraq baxmaq yerinə onların səni daha da güclü etdiyinə fokuslanın. Etdiyin səhvlərə görə özünü cəzalandırmaq əvəzinə onlardan dərs almağa çalışın.
4) Keçmiş sevgilinizi günahlandırmayın Ona olan bütün nifrətinizi yox edin. Nifrət vasitəsi ilə keçmiş sevgilinizlə enerji bağlantınızı saxlayacaqsınız, daima onu düşünəcəksiz və beləliklə, öz enerjinizi neqativ fikirlərə sərf etmiş olacaqsınız. Bu, sizə lazımdır?
5) Keçmişi və keçmiş sevgilinizi xatırladan hər şeydən azad olun Onun verdiyi hədiyyələri, yazdığı mesajları, şəkillərini silin, birlikdə dinlədiyiniz mahnıları, baxdığınız kinoları unutmağa çalışın. Keçmiş gözəl anları xatırlamaq nə qədər yaxşıdırsa, ayrıldıqdan sonra onun üçün darıxmaq insanda neqativ duyğuların yaranmasına səbəb olur.
6) Özünü günahlandırma Ayrıldıqdan sonra qarşı tərəfin yaşadıqlarını özünüzə aid edirsiniz, davamlı olaraq onu izləyərsiniz. Onun addımları ilə özünüzü yoxlayırsınız. Əgər o, pis olarsa, həyatına kimsəni almırsa xoşbəxt olur, özünüzü dəyərli hiss edirsiniz. Lakin o, çox xoşbəxtdirsə, sevgilisi varsa, özünüzü həm dəyərsiz hiss edər, həm də kədər içində olarsınız. Bunların tək səbəbi isə onu izləmək, ya da ondan daim xəbər almaqdır. Məsələn, ayrılandan sonra keçmiş sevgilinizin facebookda əyləncəli musiqi paylaşmasını sizə ünvanladığını hiss edər, romantik mahnı paylaşdığı zaman isə sizi unutmadığını düşünərsiniz. Halbuki bunların heç biri doğru olmaya bilər.
7) Yeni münasibətə hazırlıq Çox vaxt bəzi insanlar ötən münasibətdə çətinliklər yaşadığı və bunların təkrarlanmasından qorxduğu üçün yeni münasibətə başlamaqdan qorxurlar. Çünki digər insanın da öncəki kimi onu tərk edəcəyindən çəkinirlər. Lakin situasiyaya psixoloji aspektdən yanaşanda görürük ki, əslində həmin insanlarda özlərinə qarşı güvən olmur. Bəzi mənbələrdə qeyd olunur ki, öncəki münasibətin ağrısından qurtulmaq üçün yeni münasibətə başlayın. Lakin bu, doğru yanaşma deyil. Çünki insan keçmiş travmanı unutmayıbsa, gələcəyə köklənə bilməz. Əgər unuda bilmirsə, bu zaman keçmişdəki şəxsi yeni insanda axtarmağa çalışır, onun xüsusiyyətlərini həmin insanda formalaşdırmaq istəyir.
Bütün bunlardan qaçmaq üçün çalışın, keçmiş sevgilinizi ideal partnyor olaraq görməyin. Unutmayın ki, sizi xoşbəxt edəcək yeganə insan o deyil.
Həyat keçmişdə ilişib qalacaq qədər uzun deyil, çalışın bu günü və gələcəyi düşünün, sevin və sevilin!