Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
22 aprel – Beynəlxalq Yer Günüdür

22 aprel – Beynəlxalq Yer Günüdür

22 aprel "Beynəlxalq Yer Günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.

Lunar.az Trend-ə istinadən bildirir ki, nazirliyin inzibati binasında yerləşən Orxus ictimai ekoloji informasiya mərkəzində "22 aprel - Beynəlxalq Yer günü" ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Görüşdə beynəlxalq yer gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən "Beynəlxalq Yer günü" ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, "Beynəlxalq Yer günü"nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında "Ağac günü" elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılıb.

1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. "Beynəlxalq Yer günü" ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar "Yer günü" ərəfəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ