İnsanın Allaha dua etməsi Həzrət Adəmin (ə) zamanından başlamışdır. Allah Adəmi (ə) xəlq edəndən və o, da qadağan edilmiş ağacdan yedikdən sonra yerə sürgün edilir və əlini dua üçün açır. Müqəddəs kəlmələrdən istifadə edərək, Allahdan əfv və bağışlanma istəyir. Belə ki, oxuyuruq: “(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi”. (“Bəqərə” 37).
İnsan həyatı boyunca duadan əl çəkməmişdir və dua onun çətinliklərə qarşı ən yaxşı silahıdır. Hər bir müsəlman gün ərzində qıldığı müstəhəb və vacib namazlarında Allaha dualar edir. Onu sirat yoluna hidayət etməsini istəyir. Nemət verdiklərinin yoluna, qəzəbləndiyi kəslərin yoluna deyil. “(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!” (“Fatihə” 7).
Bəs yolunu azmış və Allahın qəzəbləndiyi kəslər kimlərdir? Quran ayələri bu cür insanlardan birinin İlahi rəhmətə ümidsiz olanların olduğunu bildirir. “Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!» (“Hicr” 56).
Lənətlik şeytan insanları yolundan azdırmaq üçün bu yoldan çox istifadə edir. Ona görə də var gücü ilə fəryad çəkib deyir: «Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm”. (“Nisa” 119).
Çünki yolunu azmış insanlar İlahi rəhmətdən məyus olarlar və bir daha geri qayıda bilməzlər. Şeytanın bu tələsinə düşmüş insanları gələcəkdə nə gözlədiyini təxmin etmək olar.
Bəs ümidsizliyi aradan aparmaq üçün nə etməliyik?
Bu sualın cavabını Quranda tapmaq olar. İnsan əgər Allahın qüdrəti və müqəddəs sifətləri haqqında gələn ayələrə nəzər salsa, ümidsizlik hissi ilə asanlıqla mübarizə aparıb özündə sonsuz ümid yarada bilər. Onlardan bəzisinə işarə edək:
AllahTəalanın elmi.
O insanın ki, qəlbi etiqadı və imanı vardır, Allahın ondan xəbəri var. Allah onun bütün rəftar və hərəkətlərinin naziridir. Əgər insan bunu bilsə və dərk etsə, heç bir zaman İlahi rəhmətdən ümidsiz olmaz. Çünki onun yəqini vardır ki, Allah heç bir bəndəsini çətinliklərdə və müşkillərdə özbaşına buraxmır. Mütləq əlindən tutacaqdır.
Bəli, əgər insan Allahın rəhmət və məğfirətinə inansa, bilsə ki, bütün çətinliklərin açarı Onun əlindədir, heç bir zaman İlahi rəhmətdən ümidsiz olmaz. Ümidsiz o insanlardır ki, etiqadları yoxdur və daima qorxu və dəhşət içindədirlər. İndi seçim sizinlədir ki, hansı tərəfə gedəsiniz. Qorxu və dəhşət tərəfinə, yoxsa elm və etiqad tərəfinə. Allah buyurur: “Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. (“Bəqərə” 268).
Allah-Təalanın qüdrəti.
Əgər insan Allahın qüdrətini tanısa və onu dərk etsə, heç bir zaman İlahi rəhmətdən ümidsiz olmaz. Yaxşı olar ki, hər bir müsəlman bu ayəni əzbərləsin və onun mənasını dərk etsin: “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).
Allah-Təalanın rəhməti.
İlahi rəhmətə ümidsizliyi aradan qaldırmağın ən yaxşı yollarından biri də Allahın sonsuz rəhmətinə etiqad bəsləməkdir. Allah özünü belə tanıdır: “Sizin tanrınız - tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan və mehribandır”. (“Bəqərə” 163).
Allahın minlərlə mübarək sifətlərini və müqəddəs adlarını yada salmaq olar ki, hər biri ümidsizliyi aradan aparar və bizlərə sonsuz ümid bəxş edər. Əgər İlahi rəhmətə ümidimiz olarsa, həyatda günü-gündən daha çox irəli getmiş olar və müvəffəqiyyət qazanarıq.