Yay ayının ən sevilən meyvəsi qarpızdır. Həm həzm prosesini rahatlaşdırır, həm də susuzluğu yatırır. Lakin biz qarpızın düzgün yeyilmək qaydasını demək olar ki, bilmirik. Ya yeməkdən sonra yeyirik, ya da pendirlə yeyirik.
İstəyirsinizsə, yediklərinizdən orqanizminiz razı qalsın, o zaman onu dinləməlisiniz. Yoxsa, hər hansı bir orqanın funksiyasını poza bilərsiniz. Orqanizmin də özünə görə kaprizi var. Bilirik ki, gözdən başqa bütün orqanlar müəyyən vaxt tezliyində özünü bərpa edir. Lakin xəstəlik hər hansı orqanın üzərini çox zədələyibsə, o zaman orqanizm də ona mənfi təsir edəcək. Həmin orqana mənfi təsir edərək onu məhvə doğru aparacaq. Ona görə də, orqanizmi dinləmək lazımdır. Hər nə gəldi, necə gəldi yemək məsləhət deyil.
Qarpız və pendir sintezi çox adamın ağız dadına uyğundur. İnsanlar bu cütlükdən zövq almaq üçün yeyirlər. Ancaq gəlin mütəxəssislərin dediklərinə nəzər salaq. Bu mövzuyla əlaqədar həkim-dietoloq Fuad Məcidov LeGenD.aZ-a bildirdi ki, qarpızla pendir yemək qətiyyən olmaz.
“Deyirlər qarpız adamı arıqladır. Bu doğru bildiyimiz yalnışdır. Qarpız insanı arıqlatmaz. Qarpız qlisemik indeksi yüksək olan bostan bitkisidir. Kalori dəyəri yüksək olduğu üçün iştahanı artırır. Qarpızın yarısını yeməsək , 1-2 dilimlə doymuruq. Çünki iştah artırıcıdır. Həmçinin biz duzla şirin qarışığı sevdiyimiz üçün qarpızı pendirlə yeməyi sevirik. Bir dietoloq kimi qarpızla pendiri yeməyi tövsiyyə etmirəm. Çünki orqanizmdə metabolizmanı zəiflədir, çəki artmasına səbəb olur. Xüsusən də isti çörək, qarpız və pendir yemək qətiyyən məsləhət deyil. Artıq çəkisi olanlara tövsiyyə olunmur.
Qarpızın tərkibində orqanizmə faydalı olan beta karotin maddəsi var. Beta karotin ömrü uzadan, insanın qocalmasının qarşısını alan A vitaminini bizim bədənimizə sintez edir. Sonra qarpızın tərkibindəki likopen ona qırmızı rəng verir. Bu da orqanizmə xeyirlidir. Qarpızın az yeyilməsinə diqqət etmək lazımdır. Şəkər indeksi yuxarı olduğu üçün çəki artımına gətirib çıxara bilər. Qarpızla bərabər yemiş yeməyə də üstünlük vermək lazımdır. Eyni kalorili olmasına baxmayaraq yemişin tərkibindəki cod liflər orqanizm tərəfindən daha rahat sovrulur. Həmin liflər orqanizmdəki yağları özünə çəkir. Mədə-bağırsaq həzmini rahatlaşdırır. Ancaq qarpızda lif az olduğu üçün yağlar sorulmaz.
Bunlarla bərabər hər şeyi öz qaydasında yemək məsləhətdir. Yeməkdən dərhal sonra heç bir meyvə yeyilməsi məsləhət deyil. Meyvə ya yeməkdən 1 saat əvvəl, ya da yeməkdən 1-1.5 saat sonra yeyilməlidir. Bunu bir qayda kimi unutmamalıyıq