Burada siz spesifik insanlarla qarşılaşa bilərsiniz.
Bakı Metrosu elə bir məkandır ki, burada siz spesifik insanlarla qarşılaşa bilərsiniz. Sürətli və rahat evə getmək fikriylə daxil olduğunuz metro stansiyasının girişindən etibarən sizi maraqlı insan tipləri qarşılayacaq.
Həmin insan tiplərindən 8-ni təsvir etməyə çalışacağıq:
1. Metro kartı istifadə etməyənlər
Hər gün metrodan istifadə etmələrinə baxmayaraq, bu tip insanlar qətiyyətlə metro kartı almağa qarşıdırlar. Sistemə qarşı çıxan bu “metro anarxistləri” ya saymazyana siz kartla keçməyə çalışarkən, onları da keçirməyinizi əmr edir, ya da 20 qəpiklə yaxınlaşaraq kartınızla onları da keçirməyinizi istəyirlər. Bəxtiniz həmin gün üzünüzə gülübsə, bu tipin birinci növüylə qarşılaşacaqsınız.
2. Eskalatordan hərəkət edərkən sağda durmayanlar
Bakı Metropolitenin səsli və yazılı elanları, yolunu kəsdiyi adamların etirazlarına baxmayaraq, eskalatorun solu həmişə dolu olur. Tələsdiyiniz zaman keçməkeçli yollarla, ziqzaq hərəkət edərək özünüzə yol açmalı olursunuz. Hə, sizə yol verərkən “sifət” edərək narazıçılığını bildirənlər də mütləq tapılacaq.
3. Stansiyada xəbərdarlıq xəttini keçən insanlar
Onlar özləri üçün yaratdıqları təhlükədən ya xəbərdar deyillər, ya da “risk etməyi sevən yoldaşlar”dırlar.
4. Qapı açılan kimi içəri daxil olmağa çalışanlar
Bakı metrosunda ən çətin sınağı qatardan endiyiniz anlar ola bilər. Qapı açılan kimi sanki öz evinə girirmiş kimi vaqona daxil olan insanlar, xüsusilə pik saatlarda əsəbinizi pozur. Düşərkən çantanızı, əşyalarınızı, qolunuzu, ayağınızı içəri dartışdırmağa çalışanlardan xilas olmaq üçün bir xeyli tər tökməlisiniz.
5. Qapı tutmaq zarafatı
Bu zarafat illərdir ki, nəsildən-nəslə ötürülür. Bəziləri dispetçerin əsəbi səsini eşitməyənə qədər vaqonların qapısını buraxmamaqda əyləncəli bir şey görür. Ancaq nəzakətli davranaraq, gecikənlər üçün qapını saxlayanları da unutmamaq lazımdır. Onların sayəsində qatara mindiyimiz vaxtlar da az olmayıb.
6. Baxışları ilə insanları yerindən qaldıran xalalar
Bu yazını oxuyan hər kəsin analoji baxışlara məruz qaldığına əminik. Vaqona daxil olarkən bütün oturacaqları gözüylə sezən xalalar ən birinci bəzən bir neçə gənci yerindən qaldıra bilir. Əlbəttə, bir nəzakət qaydası olaraq böyüklərə yer verilir. Lakin bunu çox nəzakətsiz formada tələb etmək də başqa söhbətin mövzusudur.
7. Tutacaqdan tutmayan gənclər
Metroda lazımsız hər hərəkət əsəbinizi poza bilər. Bəzən havasız vaqonda yanınızda duran birinin heç bir tutacaqdan tutmayaraq, vaqonda “çılğınlıq” etməsi də bu hallardan biridir. Metronun hər sərt hərəkətində üstünüzə yıxılması da bir ritual hesab edilə bilər.
8. Qapının ağzında duran insanlar
Həm avtobus, həm də metronun ortaq dərdi. Sizə metroya minməkdə və enməkdə çətinlik törədən “metro gömrük komitəsinin layiqli üzvləri”.