ƏSİR GÜL - Sosial şəbəkələrdə fenomenə çevrilmiş daha bir HEKAYƏ
Lunar.az maraqlı yazıları ilə son zamanlar sosial şəbəkələrdə Məryəm Sıla Abaslı imzası ilə fenomenə çevrilmiş azərbaycanlı yazıçı Əfsanə Məryəm Sılanın "Əsir gül" adlı daha bir hekayəsini təqdim edir:
- Hazırsan?
Hazır idi. Alışmışdı həmişə ondan əvvəl geyinib hazır olmağa. Qayınanasının anası üçün hazırladığı hədiyyəni də götürüb yola düşdülər. Anasının 8 martını - Beynəlxalq Qadınlar Gününü təbrik etməyə gedirdilər. Bu təklifi o özü vermişdi bir neçə ay əvvəl. Onlarda hər şeyin qaydasında olduğunu, heç bir problem olmadığını düşünsünlər deyə, arabir anasıgilə getmələri lazım idi, ən azından bayramlarda...
Yoldaşı ilə qayınanası da çox həvəslə razılaşmışdılar bu təklifə. Onsuz da bu ailənin bütün cəhdləri sirlərinin bilinməməsi, hamının bu evdə hər şeyin yolunda olduğunu düşünməsi üçün deyildimi?!
Hava günəşli və xoş idi. Aylar sonra ilk dəfə evdən bayıra çıxırdı. Uzun müddət qaranlıqda qaldıqdan sonra ilk dəfə işığa çıxmış kimi gözü çətinliklə alışırdı sanki gün işığına. Bu gün Beynəlxalq Qadınlar Günü idi. Dünyadakı bütün qadınların bayramı idi, bircə onun deyildi...
Yol boyu qol-qola girmiş cütlüklər görünürdü. Xanımların əllərində qızılgül, gül dəstələri, hədiyyə paketləri var idi. Gözünü gül-çiçəklərdən çəkə bilmirdi. O həmişə gül, xüsusilə, qızılgül görəndə gözləri dolurdu nədənsə... Bu günsə lap ağlamaq istəyirdi... Hamını, hər şeyi heçə sayıb lap belə bağıra-bağıra ağlamaq istəyirdi...
Yanlarından bir cütlük keçdi. Qızın əlində qıpqırmızı qızılgüllərdən böyük bir buket vardı. Necə də gözəl idilər. Gözünü qırpmadan saatlarla izləyə bilərdi bu gözəlliyi. Ona bu güllərin bircəciyi belə rəva görülməmişdi...
- Fikrin yenə hardadı sənin?! Hara baxırsan?! Bumbuz su kimi başından aşağı töküldü bu soyuq, içində yalnız onun anlaya biləcəyi gizli bir təhdid daşıyan sözlər. Başını aşağı dikdi... Və anasıgilə çatana qədər də qaldırmadı bir də... Yol boyu evlərinə qayıtdıqdan sonra nələr olacağını dəqiq təxmin edə bilirdi artıq...
- Bayramın mübarək, anacan! - qapı açılar-açılmaz daha gələnin kim olduğunu anlamağa fürsət belə tapmamış anasının boynuna atıldı. O üz, bu üzündən öpdü. - Bıy başınıza dönərəm! Xoş gəlmisiniz! Gəlin, keçin içəri.
- Bayramınızı təbrik edirəm, xala! Əllərinizdən öpürəm! Yeri gəlmişkən, mənə gözünüzün ağı-qarası bircə qızınızı əmanət etdiyiniz üçün təşəkkür edirəm! İlahi-təala məni əmanətə sahib çıxmağı bacaranlardan etsin...
Sənubər xalanın gözləri dolmuşdu. Soruşsan bu dəqiqə ondan daha xoşbəxti yox idi dünyada. Allah dualarını eşitmişdi. Elə bir insan çıxarmışdı ki, övladının qarşısına, nəinki onun qayğısına qalır, nazını çəkir, hələ bir Sənubər xalaya da diqqətini əsirgəmirdi. Onun heç belə bir gözləntisi də yox idi. Elə qızının yeri yaxşı olsun, qızı xoşbəxt olsun, bəs idi ona.
Ana-qız mətbəxə çay süfrəsi hazırlamağa keçdilər. Sənubər xala elə bil bayaq sıxılıb doyunca qucaqlaya bilməmiş kimi indi tək olmalarını fürsət bilib bir də sarıldı bircəciyinə:
- İndiyə kimi biraz narahatlığım vardı. İndi daha o da keçib getdi, - dedi.
İsə isə gülümsədi və bunu elə təbii etdi ki, anası həqiqisindən ayıra bilmədi. Qızının alnından öpüb:
- Üzün həmişə bax beləcə gülsün, qızım, - dedi, Sənubər xala - De görüm, sənə nə alıb 8 marta?
Əsli guya həqiqətən irad tuturmuş kimi:
- Siz əvvəllər heç belə deyildiniz, Sənubər xanım. Heç elə şeyi də soruşarlar? - dedi.
- Mənə olar. Mən sənin ananam. Nolar soruşanda?
- Yox ey, qorxuram deyərəm, sonra öz hədiyyəni bəyənməzsən ki, "məni bununla yola vermisiniz?" - gülərək cavab verdi.
Sənubər xala razılıqla gülümsəyir:
- Olsun təki, bala. Hə, indi mən çay dəmləyim, sən də meyvələri yu, - deyib qaynamaqda olan çaydana tərəf gedir.
- Bıyyy, başıma xeyir! - Sənubər xala şəhadət barmağını qarmağ kimi əyib dodaqlarına yapışdırır. - Allah bilir nə qədər söydürmüsən məni orda. Aaz, nəsə yuyanda bu paltarın qollarını yuxarı çək də. İslandı kiii, - deyib, onun paltarının qollarını yuxarı dartır. Üzü tutulur birdən-birə...
- Qoluna nə olub?
Əsli bərkdən gülür:
- Səncə?
- Bilmirəm. Səndən soruşuram görürsən, - bir az əsəbi, bir az da narahat halda deyir. Yağış yağdırmağa hazırlaşan göy üzü kimi tutqun, boğunuqdu siması.
- Gecə yuxulu-yuxulu çarpayıdan yıxılmışam, - deyib yenə gülür Əsli. - Bilmirsən yatanda nə qədər fırlanıram o yan - bu yana? Özün yerimi yerdən salırdın ki, gecə guppultuma oyanmayasınız, - gülür. - Hər yıxılanda da mənim halıma yanmaqdan ki, uşaq yıxıldı, deyinirdin ki, köpəyin qızı yenə yuxudan elədi bizi, - gülməkdən gözləri yaşarır. Biraz əvvəlki şiddətli ağlamaq istəyini xatırladır ona gözündən süzülən yaşlar. Yolunu tapmış kimi daha bərkdən gülür, daha çox yaş süzülür gözlərindən. Sənubər xala tərəddüddədir. Yox bu qədər ürəkdən süni gülüş olmaz. Nahaq şüphəyə düşür. O da gülür.
İki saata yaxın oturduqdan sonra evə getmək üçün ayağa qalxırlar. Ayrılarkən anası onu bir də möhkəm qucaqlayıb:
- Mənim gül qızım! - deyir.
Xəncər kimi batır ürəyinə bu söz. Kaş ki başqa bir söz desəydi, amma "gül" deməsəydi...
* * *
- Bayramınız mübarək, bizim gül müəlliməmiz !
Sinfin qapısını açar-açmaz şagirdləri bir ağızdan qışqırışaraq başına gül ləçəkləri səpməyə başladılar. Lövhədə böyük hərflərlə "BEYNƏLXALQ QADINLAR GÜNÜNÜZ MÜBARƏK ! SİZİ ÇOOOOX SEVİRİK!" yazılmışdı. Masasının üzərində isə qıpqırmızı qızılgüllərdən ibarət bir buket vardı.
Sabah 8 mart - Beynəlxalq Qadınlar Günü idi. Dünyadakı bütün qadınların bayramı idi, onun da!