Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu. — Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu. — Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar — kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar. — Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı. — Hələ ki, yox. Amma uşaqlarım və nəvələrim yəqin ki, xoşbəxt olacaqlar – kişi ümidlə cavab verdi. — Təəssüf ki, savadsız adam kiməsə oxumağı öyrədə bilməz, köstəbək heç vaxt qartalı tərbiyə edə bilməz!- qoca müdrik insan dərindən ah çəkdi. - Əvvəl özün, özünə xoşbəxt olmağı öyrətməlisən! Yalnız onda sən uşaqlara xoşbəxtliyi öyrədə biləcəksən. Bu sənin onlara ən qiymətli hədiyyən olacaq.