Ən böyük xəyalı böyümək olan özüm üçün darıxmışam... Böyüdüm, kiçilmək istədim,uşaqlaşmaq yenə də uşaqlar kimi qəhqəhə çəkib ürəkdən gülmək istədim... Ən böyük istəyi doyunca oynamaq olan özüm üçün darıxmışam oynaya-oynaya böyüdüm anladım ki özüm də bir oyuncaqmışam Fil olub piyadaları sıradan çıxarmağıma qürrələnərkən –Şahmatdakı kimi - qüdrətli bir əlin oyuncağı olduğunu anlamamışdım... Ən ağır dərdi yatmaq olan özüm ücün darıxmışam... Böyüdüm,saxta laylalar belə yuxuya verdi məni Elə dərindən yatdım ki həyatın ən səs-küylü zəngləri belə oyada bilmədi yatdım, qaldım yox, yox, işə deyil, həyata gecikdim... Ən böyük xəyanəti dərsdən qaçmaq olan özüm üçün darıxmışam... İlk qaçışım çətin oldu,yadımdadı Dərs mənə tərs gəldi qaçdım indi həqiqətlərdən qaçdığım kimi... Ən böyük cinayəti qənddandan qənd oğurlamaq olan özüm üçün darıxmışam Şirinlərdən xeyir gəlmədi heç zaman, marça-marçla yediyim qəndlər dişlərimi çürüdüb, tökdü günahı siçanın boynuna atdı atam,anam... Ən böyük qorxusu üst-başını bulamaq olan özüm üçün darıxmışam anamdan elə qorxardım ki... Böyüdüm, ruhumu buladım anam dinmədi,dinə bilmədi dindi, bilmədim ölmüşdü... Ən qəddarlığı həyətdəki pişiyin ayaqlarını biri-birinə bağlamaq olan özüm üçün darıxmışam Elə məsum günahlarım var idi ki... Böyüdüm günahlarım ayaqlarımı bağladı haqqa doğru gedə bilmədim... Darıxmışam Illər öncə itirdiyim o sevincli üzüm üçün darıxmışam Sənin üçün məndən gedən Səndə qalan özüm üçün darıxmışam... Darıxmışam... ...Doğularkən ağlayırmışam deyərdi anam Sənə mənim öyrətmədiyim yeganə şey ağlamaqdı deyərdi... Gülməyi isə sonradan mənə həyat öyrətdi Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək oldu...