“Qarabağın azadlığı investorlar üçün cəlbedici olacaq”
Torpaqlarımız işğaldan azad olunanda iqtisadiyyatımız da yüksək səviyyədə idarə olunacaq və inkişaf edəcək. dünyada gedən məsələlərlə əlaqədar Azərbaycan iqtisadiyyatı da zəifləmə dövrünü yaşayır. “Həm pandemiya, həm də neftin qiymətinin aşağı düşməsilə əlaqədar iqtisadiyyatda geriləmələr var. işsizliklə, ticarət dövriyyəsinin zəifləməsilə bağlı problemlər var. Təbii ki bütün bunlar zamanla aradan qalxacaq. Amma müharibə və torpaqların işğaldan azad olunması həvəsi, istəyi o qədər vacib faktordur ki, iqtisadi məsələlər ikinci plana keçib. Çünki torpaqlarımızın azad olunması və Qarabağ probleminin həlli Azərbaycanın önündə ciddi iqtisadi fürsətlər də yaradacaq. Torpaqlarımızın işğaldan azad olunması ilə kifayət qədər ciddi iqtisadi fürsətlər açılacaq, ölkəmiz həm xarici həm yerli investorlar üçün daha cəlbedici olacaq. İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyata qazandırılması prosesində əlavə gəlir götürüləcək. Məhv olunmuş tarixi abidələr , muzeylər , məscidlər , zavod və fabriklər bunlar hamısı yenidən bərpa olunacaq inşallah. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidləri az deyildi. Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il) Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi abidələr qruplaşdırılaraq, "Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilib. Ağdamda olan dünya əhəmiyyətli, daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsinin yaşı çox qədimlərə gedib çıxır: 1314-cü ilə. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında qalması ermənilərə Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar yaradır. Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) də daşnak quldur dəstələri tərəfindən dağıdılıb. İllərdir Qarabağ ərazisindəki maddi-mədəniyyət abidələri erməni qəsbkarlarının vandalizmi nəticəsində məhv olunur. Daşnaklar və onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb aparmışdılar, hətta həmin abidə-məbədlərin daşını daş üstə qoymamışdılar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təmsilçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-məruzələrində öz əksini tapmışdır. Mədəniyyətlə tariximizin qovuşduğu belə muzeylərdən Ağdam şəhərindəki Çörək, Tarix-Ölkəşünaslıq muzeyləri ilə yanaşı tarzən Qurban Pirimovun xatirə muzeyinin, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Qarabağda təkcə maddi-mədəniyyət ocaqları deyil, dini məbədlər də düşmən tərəfindən məhvə məruz qalıb. Papravənddəki Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar da işğala məruz qalmışdılar. Ağdamın mərkəzində yerləşmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də dağıdılıb. Hal hazırda döyüşlərdə ordumuz düşmənin zəbt etdiyi mövqeləri ələ keçirir planlı şəkildə. İnanıram ki tezliklə Şuşada , Xankəndində , Ağdamda , Xocalıda , bayraqlarımız dalğalanacaq Qarabağın bütünlüklə tarixini, onun maddi-mənəvi sərvətlərini özündə minilliklər boyu qoruyub saxlayan Ağdam və başqa şəhərlərimizdə işğaldan azad olunacaqdır, dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası isə bir vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşür. REJİSSOR UMİD AMİN