İffətin ən mühüm tərəfi düşüncəyə aiddir ki, əgər ona düzgün əməl olunarsa, iffətin qalan əməlləri asan olar. Çünki, insanın bütün əməllərinin xeyir və şər olması - onun düşüncəsindən asılıdır. Ona görə də düşüncə iffəti - iffətin ən üstün dərəcəsi hesab olunur.
Əmirəl-möminin (ə) bu haqda buyurur: "O kəs ki, günah haqqında çox düşünər, nəhayət o çirkin fikirlər onu günaha düçar edər və çirkə bulaşdırar".
İmam Əli (ə) başqa yerdə buyurur: "Qəlbi günah təfəkküründən qorumaq, obaşdan yeyib zahiri oruc saxlamaqdan daha yaxşıdır".
Həzrət İsa (ə) öz dostlarına buyurur: "Musa ibni İmran (ə) sizə əmr etmişdir ki, zina etməyəsiniz. Mən sizə əmr edirəm ki, düşüncələrinizdə zina etməyəsiniz. Çünki o kəsin ki, düşüncəsində zina olar, o kəsə bənzəyir ki, bəzənmiş və gözəl bir evdə atəş yandırar və onun tüstüsü evin gözəlliyini xarab edər, baxmayaraq ki, ev yanmasa belə".
Günah fikri istər-istəməz qəlbi qaraldar, qəlbin səfa və paklığına zərbə vurar. Baxmayaraq ki, həmin şəxs günah etməsə belə.