Nikaha daxil olmaq kimi nikaha xitam verilməsi şərtləri də qanunla tənzimlənir və insan həyatında dönüş nöqtəsi ola biləcək, əhəmiyyətli məsələdir. Hər kəs qanunla nəzərdə tutulmuş yaşa (18) çatdıqda könüllü razılığı ilə ailə qura bilər. Bəs nikaha xitam verilməsinin, yəni boşanmanın qaydaları və şərtləri nələrdir? Hansı sənədlər tələb olunur?
1) Ər və ya arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə
2) Ər və arvaddan birinin və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin və ya arvadın qəyyumunun ərizəsi əsasında
Qanun iki halda ərin nikahın xitam olunmasını tələb etmək hüququnu məhdudlaşdırır. Belə ki, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Nikaha 2 qaydada xitam verilir:
1) Müvafiq icra hakimiyyəti orqanı (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi) tərəfindən
2) Məhkəmə tərəfindən
Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda və onların hər ikisinin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin və ya arvadın ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
1) Ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) Ər və ya arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3) Ər və ya arvad cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
Qeyd olunan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər və arvaddan biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah pozulur.
Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.
Barışıq olmadıqda, hər ikisi və ya onlardan biri nikahın pozulmasında təkid etdikdə nikah pozulur, çünki nikah iki tərəfin də könüllü razığı əsasında bağlanır və hər hansı bir tərəf nikahı davam etdirmək istəmirsə buna məcbur edilə bilməz.
Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ya ehtiyacı olan, əmək qabiliyyəti olmayan ərin və ya arvadın saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi məsələlərinə də baxıla bilər.
Nikaha məhkəmə qaydasında xitam verilməsi üçün müraciət edərkən tələb olunan sənədlər:
1) Nikahın pozulması barədə iddia ərizəsi
2) Nikah haqqında şəhadətnamənin əsli
3) Uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti
4) Yoldaşınızın və özünüzün yaşayış yeri haqqında arayış
5) Dövlət rüsumu barədə qəbz
Nikahın ləğv olunması haqqında iddia ərizəsinə görə 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə yolu ilə nikaha xitam verilərsə, bu zaman nikahın pozulması haqqında qeydiyyat şöbəsindən şəhadətnamə almaq üçün əlavə 15 manat da rüsum ödəməlisiniz.
Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər və ya arvad nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.