Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Uşaq əmizdirən analara pediatrdan FAYDALI MƏSLƏHƏTLƏR

Uşaq əmizdirən analara pediatrdan FAYDALI MƏSLƏHƏTLƏR

Doğuşdan sonra qadınları narahat edən əsas problem artıq çəkidir. Hamiləlik zamanı bədəndə yaranan artıq çəkini vermək o qədər də asan olmur. Bəs bu problemdən necə qurtulmaq olar?



Bununla bağlı Ailem.az-a məlumat verən pediatr Günay Rəsulova bildirir ki, süd verən analar əvvəlki çəkilərinə dönmək üçün tələsməməlidirlər. Bu müddət 6-12 ay və daha çox çəkə bilər: “Əmizdirmə, əslində, kilo vermənin ən gözəl yoludur.
Əmizdirən qadın arıqlama pəhrizləri tətbiq etməməlidir. Sadəcə unlu, yağlı, şəkərli qidalardan uzaq durmalı, maye qəbulunu artırmalıdır”.


Pediatr vurğulayır ki, xüsusilə əmizdirmə dövründə analar stressdən uzaq durmalı, yaxşı qidalanmalı və ana olmanın xoş sevincini yaşamağa çalışmalıdırlar: “Onlar daha çox kalsiumla zəngin süd, qatıq və pendirdən istifadə etməlidirlər. Həmçinin gündə 1 ədəd yumurta, 1-2 porsiya ətli, tərəvəzli yemək yeməlidirlər. Uşağın ilk 3 ayında yaranan köpü atlatdıqdan sonra quru lobya, noxud, mərcimək, bulqur, portağal, pomidor, yaşıl bibər (mövsümə uyğun), təzə soğan və başqa mövsümi, C vitaminilə zəngin meyvə və tərəvəzlər yeməlidirlər”.


Qida rasionundan bunları çıxarın


G. Rəsulova məlumat verir ki, bu dövrdə anaların menyusunda kolbasa, sosiska, konserv və başqa qatqı maddəsi olan qidalar qətiyyən olmamalıdır: “D vitamini üçün bol günəşlənməyə çalışmalıdırlar. Yodlu duzdan, meyvə qurularından bol istifadə edərək yaxşı enerji, dəmir və kalsium kimi minerallarla təmin olunarlar. Çay içməməlidirlər, əvəzinə nanə, çobanyastığı, itburnu kimi bitki çayları içilə bilər. Hazır meyvə suları, qazlı və kolalı içkilər yerinə təzə sıxılmış meyvə suları, ayran içməlidirlər. Bunun üçün bəhməz yaxşı dəmir qaynağıdır. Həkimlə məsləhətləşmədən dərman istifadə etmək olmaz”.


Həkim deyir ki, süd verən ananın qidalanması südün keyfiyyətinə də təsir edir. Ananın ifraz etdiyi süd yediyi qidaların məhsuludur. Bu səbəbdən ananın qida rasionu enerji, protein (zülal), yağ, dəmir, yod, kalsium, vitaminlər və maye qəbulu yönündən balanslı və sağlam olmalıdır: “Ananın gündəlik qəbul etdiyi qidanın verdiyi enerjinin 80 faizinin süd enerjisinə çevrildiyini unutmamaq lazımdır. Gündəlik 700-800 ml süd ifraz edən ana sadəcə əmizdirərək 500-600 kalori xərcləyir. Bu səbəbdən əmizdirmə dövründə analar qətiyyən arıqlama pəhrizi saxlamamalıdırlar. Bu hal süd gəlmənin azalmasına səbəb olacaq. Düzgün qidalanan ana boş kalori verən aşırı yağlı, karbohidratlı, şəkərli yeməsə, hamiləlikdə aldığı kiloları süd enerjisi vasitəsilə asanlıqla verəcək və əvvəlki kilosuna qayıdacaq”.

Qara çay və kofe südü azaldır


Pediatr bildirir ki, süd verən ananın rasionu həmçinin proteinlə, heyvan və bitki mənşəli zülalla zəngin olmalıdır: “Əmizdirən qadının günlük pəhrizinə əlavə olaraq 1 ədəd yumurta, 30 qram pendir və ya 1-2 stəkan süd, yaxud qatıq (250-500 ml) daxil etdikdə gündəlik ehtiyaca keyfiyyətli protein əlavə etmiş olarıq. Qarışıq qidalanmada meyvə və tərəvəzin bol istifadə edilməsi də protein qəbuluna dəstək olur. Doymuş, doymamış yağlar, zeytun yağı, yağlı balıq əti rasionda bəlli miqdarda olmalıdır. Qırmızı ət və orqan ətləri gündə 2-3 porsiya istifadə edilməlidir. Bol meyvə-tərəvəz, B qrup vitaminlə zəngin taxıllar, günəş işığından D vitamini alınmalıdır. Həmçinin günlük 3-4 litr adi su, süd, ayran, az şəkərli kompot, təbii sıxılmış meyvə şirəsi, nanə və başqa bitki çayları içilə bilər. Qara çay və kofe süd gəlməni azaltdığı və qara çay dəmiri azaltdığı üçün məsləhət deyil. Bundan başqa, süd gətirən bitki çayları istifadə edilə bilər”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ