Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? Lunar.az valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.
Uşaqları yelləmək nələrə səbəb olur?
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.
Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər: “Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur”.
Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.
Körpələri necə yatırtmaq lazımdır?
Yuxuya getmə üsulları hər körpədə fərqlidir. Xüsusən də uşağın qaz sancıları keçdikdən sonra ona yatma vərdişi aşılanmalıdır. Körpəni yatırtmağa çalışan zaman onun tox, altının təmiz, mühit istiliyinin və geyiminin uyğun olub-olmadığına nəzarət etmək lazımdır. Əgər bütün bu şərtlər təmin edilibsə və körpə yenə ağlayırsa, demək, körpənin ağlaması yatmaq ehtiyacından yaranıb. Körpə hər axşam eyni saatlarda öncə qucaqda sakitləşdirilməlidir. Daha sonra zəif işıqda, öz yatağında uzadılmalıdır. Onun kürəyini sığallamaq, əlindən tutmaq olmaz. Bir az böyüdükdən sonra “yatmaq dostu” kimi bir oyuncaq yuxuya getməsini asanlaşdıra bilər. Lakin bu oyuncaq sadəcə yataqda verilməlidir.