“1990-cı il, dekabrın 6-da doğulmuşam. 17-18 yaşında Türkiyəyə getdim, orda xalam, xalamın qızı var. İki qonşunun xoşu gəldi məndən. Biri dedi, mənim 27 yaşlı bir oğlum, digəri dedi, mənim oğlumun da 23 yaşı var. Düşündüm ki, olğun olsa daha yaxşı yola gedərik. Çünki mən bir az əsəbi və aqressiv insanam. Sonra həyat yoldaşımı sevdim, bəyəndim. Evimizə gəldi, söz üzüyü taxıldı. Bir ay sonra, 6-cı ayın 15-i evləndik. Sonra hamilə qaldım. Xoşbəxt bir ailə olduq. İki qızım oldu, sonra məni qısqanmağa başladı. Çölə çıxmağa qoymadı, işləməyə izn vermədi. Pul verirdi, bir-iki saat sonra pulu geri alırdı. Mən başladım işləməyə, məni izlədi, gəldi iş yerində məni biabır elədi”.
Bunun APA.TV-nin “Həyat dramı” verilişinin bu dəfəki qəhrəmanı Səadət Canıyeva deyib. Səadət Türkiyə vətəndaşı olan İbrahimlə 2009-cu ildə - 19 yaşında ailə qurub. Kayseridə ərinin ailəsi - ata - anası, qardaşı və bacısı ilə birgə yaşamağa başlayıb. 2010-cu ildə Melisa, 2011-ci ildə isə Cənnət adlı qızı dünyaya gəlib. Hazırda Bakıda olan bu xanım başına gələnləri danışarkən, qızlara ailə qurmaqda tələsməməyi məsləhət görür. Deyir, işlədikdən sonra əri hər kəsdən şübhələnməyə başlayıb və qısqanclıq səbəbindən davamlı olaraq onunla dalaşıb: “Nə isə biz anlaşmadıq, bir dəfə boşanma davası açıldı. Sırf qızlarım üçün, onlar yetim, atasız qalmasınlar, onsuz böyüməsinlər deyə çalışdım ki, məhkəmə davasını qazanım, boşanmayım. Həqiqətən də boşanmadıq, mən qayıtdım evə. Qayıtdıqdan sonra hamı – qayınanam, qayınatam, qaynım, baldızım üstümə gəlməyə başladılar ki, sən hansı üzlə boşanmırsan, sən nə etməyə çalışırsan. Bir aydan sonra oğlan boşanma davası açdı və mən bu dəfə dedim ki, məhkəməyə gəlməyəcəyəm, necə boşayırsan, get boşa. Ailə olduğumuz müddətdə qaynım əsgərlikdən gəldi, ərim də Rusiyaya çalışmağa getmişdi həmin müddət. O da mənə whatsApp-da yazırdı ki, yengə mənə çay ver, mənə siqaret gətir. Bir gün mənə dedi ki, tumanın nə rəngdədir? Şok oldum. Dedim sən bunu mənə necə deyirsən, mən sənin qardaşının yoldaşıyam. Dedi olsun da, evdə heç kim yoxdur, keçək yataq otağına. Anamla danışdım və ona dedim bu məsələni. O da dedi sən o mesajları sil, onu da Allaha tapşır. Mən də sildim. Altı ay keçdi və onun sözlərini unuda bilmədim, yeyə bilmədim. Yoldaşıma dedim ki, qardaşın mənimlə münasibət qurmaq istəyirdi, hər şeyi açıq şəkildə ona dedim. Anası da dedi ki, siz mənim oğluma şər atırsınız”.
Bu məsələdən sonra 6 ay ailədə ciddi problemlər yaşadığını deyir Səadət. Dava-dalaşın səngimədiyini, davamlı olduğunu görəndə, əşyalarını yığıb evdən gedir. Sonra əri ilə birgə ev kirayələyirlər: “Orda iki ay qaldım. Ərim əlavə açar düzəltdiribmiş. Bir gün işdən gəlirəm, görürəm, ərim qapının arxasında gizlənib. Soruşdum sən burda neyniryirsən? Dedi, baxıram görüm evə kiminlə gəlmisən. Mən də dedim sən başdan xarabsan? Səhərisi işə getdim və evə gəldikdə gördüm ki, qısqanclıq əsəbindən paltaryuyan maşını, soyuducunu qırıb. Polisləri çağırdım, onlar da iz götürdülər, bunu həbsə atacaqdılar hərəkətinə görə. Qızlarımı öyrətdi, göndərdi üstümə ki, əgər onu tutsalar, uşaqları yurda veriləcək və onlar yetim qalacaqlar. Qızım da ağlaya-ağlaya mənə yalvardı ki, ana, nə olar atamı məhbəsə atdırma. Mən də getdim şikayəti geri aldım. Üç il sonra yenə işdən gəlirəm, gözəllik salonunda müdir işləyirdim, məktəbə qızımı görməyə getmək istəyirdim, sonra fikrimdən daşındım və döndüm ki, arxamda ərim İbrahim. Maşının arxasına qaçdım ki, məni görməsin, bu da məni gördü və bıçağı çıxardıb məni bıçaqladı. Bağırdım, qışqırdım, qızımın adını çəkdim, acımadı, yenə bıçaqladı. 8 yerimdən vurdu məni, təhqir elədi və dedi ki, sən fahişəsən. Mən isə orda heç nə deyə bilmirdim, ancaq qızlarımın adını sayıqlayırdım. Ətrafdakı insanlar məni apardılar xəstəxanaya və bu da əlində tapançayla gəldi ki, onu öldürəcəm. Bu iş yarımçıq qalmayacaq. Rəfiqəm var idi yanımda, onun arxasınca getdi ki, bəs sən bu qızdan nə istəyirsən, həm boşamısan, həm də öldürmək istəyirsən. Dedi o ya mənim olacaq, ya da torpağın”.
Boşandıqdan sonra Səadət məhkəmə proseslərində iştirak etmədiyinə görə, Türkiyə qanunvericiliyinə uyğun olaraq hər iki qızı ataya verilib. Səadət və İbrahim 2016-cı ildə rəsmən boşanıblar. Bundan sonra özünün dediyi kimi əri Səadəti bıçaqlayıb. Qızları üçün çox darıxdığını, onları yanında saxlamaq istədiyini bildirir Səadət. Deyir, bıçaqlanmadan sonra psixoloji cəhətdən özünü möhkəm tutaraq, tez sağalıb ki, kimsə sındığını, məhv olduğunu düşünməsin: “Tikişlərim hələ sağalmamış işləməyə başladım, çünki işləməyim lazım idi. Bir gün işdən çıxanda gördüm yenə bu. Dedim nə istəyirsən, ikinci dəfə bıçaqlamaq istəyirsən? Dedi yox, bağışla məni. O hadisədən sonra getdim ondan şikayətçi oldum və sonra geri çəkdim. Anam məni danladı ki, niyə geri çəkirsən, səni öldürmək istəyirdi o. Yenidən getdim ərizə verdim. O həbsə girməli idi, amma məndən şikayətçi oldu və mən viza ala bilmədim, nə də işləyə bilmədim. 600 dollar viza borcum yığıldı, deport olundum. Gəldim bura və burda mənə dedilər ki, heç bir problem yoxdur, get qızlarının yanına. Mən də sevincək getdim və Gürcüstan sərhədini keçə bilmədim, 600 dollar borcum göründü. Qaldım Gürcüstanda tək başıma, ağladım orda. Göz yaşları tökürdüm ki, yenə qızlarımı bir il görə bilməyəcəyəm”.
Səadət sonra birgə işlədiyi oğlanla qeyri-rəsmi, molla kəbini ilə nikahda yaşayıb. Ondan hamilə qalıb. Həmin oğlan da Türkiyə vətəndaşı imiş, deyir qadın. Səadətin hamilə olmasına etiraz edib və uşağı götüzdürməyi təklif edib: “Mən dedim ki, niyə, Allahın verdiyi mələyi öldürüm. Dedi o zaman gəlmə mənim yanıma. Dedim gəlməyəcəm, amma bu uşağı doğarkən nə pul lazımdısa, onu alacam səndən. Dedi mən sənə pul verməyəcəm. Hamilə olduğumu anama deməyə qorxdum. Amma axırda məcbur qalıb dedim. Anam da dedi get aborta, ya da doğ qoy xəstəxanaya. Dedim sən məni doğub hansısa xəstəxanaya qoydunmu?”
Səadətin üçüncü qızı Bakıda, qadın sığınacağında dünyaya gəlib. Adını Helin qoyub. Hazırda körpə də anası ilə birgə sığınacağında yaşayır: “Uşaq doğmaq gözəldir, ana olmaq gözəldir, bu fikir gecələr belə mənə rahatlıq vermir. Düşünürəm ki, bu uşağı necə ayağa qaldıracağam, necə əlindən tutub böyüdəcəyəm, ona nə yedizdirib, nə geyindirəcəyəm. Amma dərdimi heç kimə göstərmək istəmirəm, demək istəmirəm. İstəmirəm kimsə desin ki, Səadət bacarmadı, yıxıldı. İstəmirəm kimsə mənim gücsüz olduğumu görsün. Mənim qohum-əqrəbalarım da var, amma heç kim sahib çıxmır. Anamın dayısı sahib çıxmır mənə. Mən harda səhv elədim, Türkiyəyə getdim, bir yuva qurdum və iki qız doğdum. Allaha acıq getməsin, qızlarım doğulmasaydı mən burda qalardım, amma onlara görə Türkiyəyə getməliyəm. Mən uşaqlarımı ata bilmərəm, mən o cür analardan deyiləm. Borc da olsa tapacağam, amma gedib qızlarımı ondan alacağam”.
Onun birinci əri İbrahim hələ də Səadətlə barışmaq istəyir. Amma qadının ona inamı tamamilə itib, deyir, mənə 8 bıçaq vuran adam, bir gün yatarkən öldürər. Səadət, artıq ailədən iyrəndiyini deyir və heç kimə ailə qurmağı məsləhət görmür: “Evlənməsinlər, bu zamanda, bu həyatda evlilik yoxdur. Hər kəs ailə qurmaq, xoşbəxt olmaq istəyir. Amma mən deyirəm ki, elə hər kəs anasının yanında otursun, əmin olun ki, ordan daha yaxşı yer yoxdur.
Əgər mənim qızlarım olmasaydı mən çoxdan özümü öldürmüşdüm. Birinci həyat yoldaşımın əlindən 5 dəfə özümü öldürmək istədim. 5 dəfə dərman içmişəm. Son dəfə 1 saniyə gec xəstəxanaya aparılsaydım indi yox idim”.
Səadət deyir, bu gün onu zəif salan həm də, valideynlərinin ona sahib çıxmamasıdır. Anası ilə atası Səadət çox kiçik olanda boşanıblar. 13 yaşından ofisiant işlədiyini deyir. Anası varlı bir türkiyəliyə ərə gedib. Atası da Rusiyada evlənib. Anası Səadəti istəmir, deyir o adda mənim qızım yoxdur. rədd edib Səadəti övladlıqdan. İndi 27 yaşlı, üç uşaq anası olan Səadətin məqsədi Gürcüstanda işləyib 600 dollar borcunu ödəmək və qızların aparan yolun üstündəki maneəni aradan qaldırmaqdı: “Bütün analara demək istəyirəm ki, evlənib boşandınızsa, uşaqları çölə atıb bədbəxt etməyin. Uşaq evinə atmaq olmaz uşaqları. Ayaqdayam deyə şükür edirəm. Əgər mənim kimi güclü qadın varsa, qarşıma çıxsın. Bıçaqlandım, intihar etdim, qızlarım alındı əlimdən, amma mən yenə də savaşıram. Əgər vicdansız əriniz varsa, ona məğlub olmayın, onunla savaşın”.
[media=https://youtu.be/JP7HPF6_ih8]