Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yeniyetmə övladı olan valideynlər, MÜTLƏQ OXUYUN

Yeniyetmə övladı olan valideynlər, MÜTLƏQ OXUYUN

"Gənc Psixoloqlar" Birliyinin baş katibi Rövşən Uğurun Lunar.az-a məqaləsini təqdim edirik.

Yeniyetməlik insan şəxsiyyətinin formalaşmasında vacib bir mərhələ kimi əsas rol oynayır. Bu dövrdə həm bədəndə gedən fizioloji dəyişiklər (səsin dəyişməsi, cinsi inkişaf və s), həm də psixoloji dəyişiklər (kimlik qazanma, şəxsiyyətini formalaşdırmaq istəyi) yeniyetmənin fəaliyyətində ciddi dəyişikliklərə səbəb olur. Nəticədə, gənc özünə yeni davranış və düşüncə forması yaratmağa başlayaraq, əvvəllər birmənalı olaraq doğru qəbul etdiyi valideynlərinin fikirlərinə qarşı çıxmağa və öz doğrularını müdafiə etməyə başlayır.
Yeniyetməliyin başlanğıcı qızlar üçün 11-14 yaş arasında dəyişsə də, oğlanlar üçün bu, nisbətən daha gec - 13-15 yaş aralığını əhatə edir. Yeniyetməlik dövrünün ortaları isə qızlar üçün 14-16, sonlanması 16-17 yaşlardır. Oğlanlarda inkişaf qızlara nisbətən daha gec getdiyi üçün inkişaf dövrü yeniyetməliyin ortaları üçün 15-17, sonlanması isə 21 yaşa qədər olan dövrü əhatə edir. Yanlış tərbiyə və yanaşmalara görə, bəzi insanlar bu sonlandırmanı bitirmirlər və onların yeniyetməliyi bütün həyatı boyu davam edir. Bunu bəzən 35-40 yaşlı insanların uşaq kimi davranmasında, yeniyetmələrin etdikləri səhvləri təkrar etməsində görürük.
Yeniyetmələrin depressiyaya düşmə ehtimalları çox yüksək olduğu üçün bu dövrdə onların özlərinə zərərvermə və intihar meylləri çox yüksək olur. Valideynlərin uşaqların üzərində təsirinin zəiflədiyi bu mərhələdə uşaq üçün ailədən kənarda keçirilən hər bir zaman dəyərlidir.
Məşhur amerikalı araşdırmaçı Daniel Siegelə görə, yeniyetmələrdə 4 fərqli dəyişikliklər özünü göstərir. Bunlardan ilki yenilik axtarışı kimi təsvir olunur, yəni yeniyetməlikdə dopamin hormonunun ifrazı kəskin şəkildə artdığı üçün bu yaşda olan insanlar həyəcanı, gərginliyi, adrenalini bol olan fəaliyyətlərə meylli olurlar.
İkinci əsas dəyişiklik emosional intensivliyin artması ilə özünü göstərir ki, bu da beyində hissləri idarə edən sahənin əvvəlkinə nisbətən daha da aktivləşməsi ilə meydana çıxır. Bu tipli aktivləşmə isə yeniyetmənin hadisələrə normalda olduğundan artıq, bəzən isə adi bir məsələyə aqressiv, qışqır-bağır salmaqla və ya ağlamaqla cavab verməsinə gətirib çıxarır.
Üçüncü dəyişiklik yaradıcılığın artmağa başlamasıdır. Bu dövrdə beyində olan miyelin maddəsi qatılaşmağa başladığı üçün beyin hissələri arasında inteqrasiya artır və bu artım nəticəsində beyin fərqli fikirlər arasında əlaqələr qurmaq imkanı qazanır.
Dördüncü təməl dəyişiklik isə yeniyetmənin öz yaşıdları ilə münasibət qurmaq ehtiyacıdır ki, bunun da əsas səbəbi dopamin hormonudur. Dopamin hormonu insanın xoşbəxtlik səviyyəsinə və depressiyadan qorunmasına köməklik etdiyi üçün bu dövrdə həmyaşıd qruplar tərəfindən yeniyetmənin fikirlərinin qəbul olunması, onlarda dopamin ifrazının artmasına gətirib çıxarır. Buna görə də yeniyetməlikdə eyni yaş qrupları ilə münasibət ehtiyacı çox önəm daşıyır. Eyni yaş qrupları ilə münasibət qurulmasının digər səbəbi odur ki, bu dövrdə insan uşaqlıqla gənclik dövrü arasında sıxışıb qaldığı üçün nə özündən böyüklərlə, nə də kiçiklərlə normal ünsiyyətdə ola bilmir. Yeniyetmə öz həmyaşıd çevrəsində olduğu zaman dostları tərəfindən qəbul olunmağa, təsdiq edilməyə və onların bir parçası olmağa çalışır. Bəzən isə bu kimi fəaliyyət ailə tərəfindən qəbul olunmur və nəticədə mübahisələr, söz-söhbətlər yaranmağa başlayır. Ailə və uşaq arasında olan mübahisələr demək olar ki, əsrlərdir eyni tipli mövzular üzərində davam edir. Bunlar da daha çox otağını təmiz saxla, evə gec gəlmə, filankəslə dostluq etmə, əynini qalın geyin və s. bu kimi mövzular ətrafında baş verir. Bu tip məsələlər gəncin adaptasiya problemi yaşamasına səbəb olur.

Yeniyetməlikdə problemlər 11-12 yaşlardan ortaya çıxmağa, 18-19 yaşlardan sonra isə yavaş-yavaş azalmağa doğru gedir. Bunun da əsas səbəbi 18-19 yaşlarda yeniyetmənin universitet təhsilinə başlaması və ya işləməsi nəticəsində ailə ilə olan dialoqunun yavaş-yavaş azalmasıdır.

Yaşıdları ilə münasibətin vacib olmasına görə insan bədəni və orqanizmi min illər öncədən bu dövrü evlilik dövrü kimi müəyyən etmişdir. Qədim zamanlarda evlilik yaşı qadınlar üçün ilk dəfə menstruasiya keçirəndən sonra, kişilərdə isə 16 yaş ətrafında idi. Evlilik və münasibətlər üçün bu yaşın və bu dönəmin seçilməsi, evlənmə və ailədən ayrılma prosesini asanlaşdırmaq məqsədilə təbiət və insan fiziologiyası tərəfindən birgə müəyyənləşdirilmişdi. Ailəni saxlaya bilmək və vəhşi təbiətdən qorumaq üçün yeniyetmə yaşında aqressivlik, mübarizlik, yaradıcılıq və risk alma kimi xüsusiyyətlər də təkamül nəticəsində insanda formalaşmışdı. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, yeniyetməlik bağlanma ehtiyacının və emosionallığın artdığı dövr olduğu üçün evlənmək və ailədən ayrılmaq prosesi yeniyetmələr üçün çox da ağır olmurdu. Bütün bu mexanizmlər əsrlər öncə təbiət və insan əməkdaşlığı nəticəsində qurulmuş və bu əməkdaşlığın nəticəsi olaraq yeniyetməlik problemli mərhələ olmaqdan çıxmışdı. Ancaq müasir dünyada yeniyetməlik yaşında nə evlilik, nə ailədən ayrılma, nə də başqa bu kimi köhnə vərdişlər qalmadığından gənclər üçün bu mərhələ problem olmağa başlamış və müasir dünya sisteminin formalaşması ilə insan həyatının problemli hissəsi kimi xarakterizə edilmişdir.
Təsadüfi deyil ki, qədim bir fikirdə deyilir - yeniyetməlik dəliliyin bir şöbəsidir. Yəni tutalım yaşlı bir insan hər hansı bir yeniyetmənin etdiyi hərəkətləri etsə, ona dəli, başdan xarab damğası vurular. Ancaq yeniyetməlik dövründə edilən hərəkətlər, davranışlar cəmiyyət tərəfindən başa düşülür və insanlar tərəfindən o qədər də aqressiv qarşılanmır. Problemsiz bir keçid dövrü yaşamaq üçün uşaq öz muxtariyyətini qazanmalı, yəni həm ailəyə bağlı olduğunu dərk etməli, həm də özünün də ayrı bir şəxsiyyət olduğunu anlayaraq, ailədən güvənli bir formada ayrılmağı bacarmalıdır.
Yeniyetməlikdə insan özünü dünyanın mərkəzinə qoyduğu üçün hamının diqqətinin onun üzərində olduğunu düşünür və buna görə də xoşuna gəlməyən bir söz eşitdikdə çox aqressivləşir, kəskin reaksiyalar verir. Məsələn, əgər ana uşağa yoldaşlarının yanında “əynini qalın geyin, soyuq olacaq”, - deyirsə, yeniyetmə “mən hələ də uşağam?!”, - deyərək əsəbiləşir, aqressivləşir. Yeniyetməyə yoldaşlarının yanında məsləhət vermək, acılamaq, danlamaq, səhvini üzünə vurmaq onun şəxsiyyətinə çox pis təsir etdiyi, həm də özünü alçaldılmış hiss etdirdiyi üçün bu, onun valideynlərindən uzaqlaşmasına səbəb olur və lazım olan dəstəyi qıraqda, dostlarında, yoldaşlarında tapmağa çalışır. Nəzərə alsaq ki, bu dövr xətaların və səhvlərın çox olduğu dövrdür, buna görə də ailədən uzaq düşmüş uşaq yanlış insanlarla dostluq qura, zərərli vərdişlər qazana və həyatını təhlükəyə ata bilər.
Yeniyetməliyin bir digər xarakterik xüsusiyyəti hisslərin üstünlük təşkil etdiyi bir dönəm kimi fərqlənməsidir. Bildiyimiz kimi, beynin sağ yarımkürəsi hisslərə, yaradıcılıq kimi sahələrə meylli olsa da, sol beyin daha çox riyazi işlərə, məntiqi əməllər tərəfə yönəlmiş olur və keçid dövrü beyin yarım kürələrinin formalaşdığı dövrdür. Yəni bu dönəmdə beynin ortasındakı körpü rolu oynayan korpus - kollozium deyilən hissə inkişaf etməyə başlayır. Cərrahi əməliyyatlar və digər araşdırmalar nəticəsində məlum olub ki, bu inkişaf zəif gedən gənclər emosional olaraq qeyri-stabil olur və bu, onların bütün həyatı boyu davam edir.

Yeniyetməlik həm də konflikt və şiddətin artdığı bir dövr kimi önə çıxır. Yeniyetmənin öz yaşıdları və dostları ilə keçirdiyi zamanın miqdarının artması, həm də şiddət və dava-dalaşın artımı ilə müşahidə olunur. Bunun altında yatan səbəblərdən biri yeniyetməlikdə hormonal dəyişikliklərlə əlaqədar gənclərin öz reaksiyalarını idarə etməyi hələ tam öyrənməmələridir. Çünki hormon balansının dəyişməsinə görə bəzən bu yaşda insan bir anlıq istəmədiyi reaksiyalar verir, adi sözə qarşı çox əsəbi və aqressiv cavablar qaytarır.

Bu dövrün sıfır problemlə keçməsi çox az rastlanan hal olsa da, düzgün tərbiyə ilə (həm valideynlərin özlərini inkişaf etdirməsi, həm də yeniyetməni düzgün istiqamətləndirməsi) problemləri mümkün qədər azaltmaq imkanı qazanılmış olur. Bunun da ən sadə yolu yeniyetməlik mərhələsinə qədəm qoymuş gənclə üzbəüz oturub, ona bu müddətin necə olduğunu, hansı dəyişikliklərə, hansı yeniliklərə səbəb olduğunu bir-bir izah etməkdir.

Ailə və uşaq münasibəti

Əgər uşaq hələ kiçik yaşlarından duyğularını ifadə edə bilməyi öyrənsə, sevgi dolu bir mühit içərisində böyüsə, ətrafdan dəyər, diqqət, özünə hörmət görsə, yeniyetməlik dövrünü normal şəkildə keçirəcək. Buna görə də uşağın gələcəkdə problem yaşamaması üçün ailələr uşaqları ilə yaxşı ünsiyyət qurmalı, onların fikirlərinə hörmətlə yanaşmalı, hisslərini rahat ifadə edə bilmələri üçün hər cür şəraiti yaratmalıdırlar. Unudulmamalıdır ki, bu dövrdə ailə ilə münasibətlər həyati önəmə malikdir və əgər uşaq bu prosesi yaxşı idarə edib, düzgün keçirsə, o zaman onun gələcəyi yeniyetməlik yaşında artıq düzgün formalaşmış olacaq. Bu formalaşma isə onun həyata, insanlara, cəmiyyətə, dostlarına, ailəsinə qarşı normal, bərabərhüquqlu bir tərəfdaş kimi yanaşmasına gətirib çıxaracaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ