"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır!” (ər-Rum, 30/21).
Cəmiyyəti formalaşdıran əsas struktur ailədir. Ailə insanın rahatlıq tapdığı bir mühit, nəslin mütəmadiliyi üçün bir vəsilə, insanı müxtəlif pisliklərdən qoruyan bir müəssisədir.
Ailənin rahatlığı və xoşbəxtliyi cəmiyyətin rahatlığı və xoşbəxtliyi deməkdir. Ailə xoşbəxtliyinin təmin olunması, həyat yoldaşlarının və ailənin digər üzvlərinin bir-birilərinə sevgi, hörmət və yumşaqlıqla davranmaları ilə mümkündür. Acısı və şirini ilə bir ömür boyu birlikdə yaşayacaq həyat yoldaşlarının dostluğa, qarşılıqlı sevgi və hörmətə hamıdan çox ehtiyacları vardır. Oxuduğumuz ayədə də qeyd olunan "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etdik...” ifadəsi ər və arvadın yaradılış qayəsini bəyan edərək, insanın öz həyat yoldaşını rahatlıq və xoşbəxtlik tapacağı bir varlıq kimi görməsini təlqin edir. Elə isə ailə həyatında xoşbəxtliyin ilkin şərti həyat yoldaşlarının belə bir nöqteyi-nəzərə malik olmalarıdır.
Yaxın zamana qədər bir-biilərini tanımayan iki ayrı cinsin nümayəndəsinin çox güclü bağlarla bir-birinə bağlanması, əsasını iffətin təşkil etdiyi və qarşılıqlı etimad və sevgi hissləri ilə mükəmməlləşdirilən ailə qurumunun inşa edilməsi
Allahın insanlığa olan ən böyük lütflərindən biridir. Ayədə qeyd olunduğu kimi, düşünən bir qövm üçün bunda önəmli ibrətlər vardır.
Kainatın əsası sevgi üzərində qurulub. Sevgi ailə xoşbəxtliyini bəsləyən əsas mənbədir. Bu mənbə qurusa, ailə səadəti də təhlükəyə məruz qalar. Rəbbimiz də ailə həyatının lazımi şərtlərindən olan sevgini qəlblərin qovuşması üçün vəsilə etmişdir. Quranın bəyan etdiyi kimi, qəlblər ancaq Allahın istəyi ilə qovuşar. Həyat yoldaşlarının davranışları qəlblərin qovuşması üçün bir vasitə olmalıdır. Buna müvəffəq olan ər-arvad ruh və bədən sağlamlığı baxımından şanslı sayılır. Mütəmadi olaraq umu-küsü içində olan həyat yoldaşları məhz bu şərtə əməl etmədikləri üçün aralarındakı məhəbbət azalmağa və qəlblərin birliyi yox olmağa başlayar. Boşanaraq ailə həyatını məhv etməsələr belə, psixoloji sıxıntılara məruz qalar və beləcə, sağlamlıqlarını itirərlər. Buna görə də, həyat yoldaşları bir-birlərinə verdikləri dəyərlə, sevgi və hörmətlə xoşbəxtlik ağacını əkməli, uşaqlar da bu xoşbəxtliyin meyvələri olmalıdırlar. Xoşbəxt olmayan həyat yoldaşları xoşbəxt uşaqlar yetişdirə bilməzlər.
Ailə quranlar iki fərqli ailədə yaşamış iki fərqli şəxs olsalar da, ailə qurmanın zəruri bir şərti kimi eyni təknədə yoğurulublar. Həyat yoldaşlarının bir-birinə həmahəng olmaları hər mövzuda eyni fikirdə olmaları ilə nəticələnməz. Üstəlik, hər mövzuda eyni fikirdə olmaq da həmahəng bir həyatın yeganə səbəbi deyildir. Ailədə həmahəngliyin şərti olan "eyni müştərək görüş, düşüncə, zövq və dəyərləndirmə sahəsi” vardır. Qəbul edilmiş ümumi mövzuların xaricində seçim imkanı olan mövzularda fərqli görüşlər həyata rəngarənglik verər, dəyişiklik və zənginlik gətirər. Həyat yoldaşları arasında mübahisə ola bilər. Mübahisənin məqsədi tərəflərdən birinin öz üstünlüyünü qəbul etdirmək deyil, ağla ən uyğun olanı və ən doğru olanı həyata keçirməkdir. Həyat yoldaşları öz aralarında təzyiqə deyil, başa salmağa, mübarizəyə deyil, ortaq məxrəcə gəlməyə, nifrətə deyil, sevgiyə, hücuma deyil, arada rabitə qurmağa əhəmiyyət verməlidirlər.
Ailə qurmaq sevgiyə açılan ən geniş və ən ağır qapıdır. Sevgi bir-birini sevən insanların öz nöqsanlarını və qüsurlarını hiss etməsidir. Bu baxımdan həyat yoldaşları bir-birinə həm dost, həm yoldaş, həm də sirdaş olmalıdırlar. Sevən insanlar bir-birinə "səni sevirəm” deməkdən çəkinməməli, sevgidə əliaçıq, nifrətdə isə xəsis olmalıdır. Sevgi və hörməflə qurulan bu müqəddəs ocaqdan tüstünün çıxması üçün hər cür fədakarlıqdan çəkinməməli, bir-birinin nöqsanlarını və qüsurlarını deyil, yaxşı və gözəl tərəflərini önə çəkməli, həyatı hörmət və şəfqət çərçivəsində paylaşmalıdırlar.
Unutmayaq ki, sevgi və anlayışdakı nöqsan ahəngsizliyə, ahəngsizlik isə pis rəftar və şiddətə səbəb olur. Xüsusən də, ailəni möhkəm əsaslarla qurmayan və ya ailənin davamlı olmasının müqəddəs şərtlərini yerinə yetirməyən ər-arvad arasındakı ahəngsizlik onların boşanmalarına səbəb olur. Bu da, öz növbəsində, uşaqların könül dünyasına heç zaman silinməyəcək acı xatirələr həkk edir.