Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qeybet ve eyib axtarmaq

Qeybet ve eyib axtarmaq

Qeybet ve eyib axtarmaq


Qeybət və eyib axtarmaq

1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.”
2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Vay olsun, qeybət edib (üzdə) tənə vuran hər kəsin halına!”
3-Allah-taala başqa bir ayədə belə buyurmuşdur: "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin ki,) hamınız bu işdən ikrah edirsiniz.” (Deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!)
4-Cabir ibn Abdullah və Əbu Səid Xudri həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: "Qeybətdən çəkinin, qeybət zinadan daha pisdir; çünki zinakarın tövbə edib günahının bağışlanması mümkündür, qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.”
5-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb kül etdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb kül edir.”
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günü sizdən birinin əməllərinə baxmaq üçün məhşər səhnəsinə gətirib əməl dəftərini ona verərlər. O, özünün əməl dəftərinə baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir. Çünki yerinə yetirdiyim saleh əməllərdən və ibadətlərdən heç biri onda yazılmamışdır.” Ona deyilər: "Sənin Allahın səhvə düçar olmaz, heç bir şeyi unutmaz. Bu elə sənin əməl dəftərindir; lakin qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışıb qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur.” Sonra başqa bir adamı gətirib əməl dəftərini ona verərlər. O, öz əməl dəftərinə baxarkən orada çoxlu yaxşı əməllərin və ibadətlərin yazıldığını görüb təəccüblə deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir! Mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: "Filankəs sənin qeybətini etdiyinə görə, onun xeyir əməlləri sənin əməl dəftərinə yazılmışdır.”
7-İmam Əli (ə) buyurmuşdur: "Ən pis adam odur ki, başqalarının eybini axtarsın, amma öz eybini görməsin.”
8-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bir möminin abır-həyasını aparmaq və eybini axtarmaq, onu xalqın gözündən salmaq üçün onun əleyhinə danışarsa, Allah-taala belə bir şəxsi Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar, heç Şeytan da onu qəbul etməz.”
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətin müsəlmanın dininə qoyduğu təsir, bədənindəki yaranın təsirindən (yaranın daha dərinə işləməsindən) daha güclüdür.”
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xoş olsun o şəxsin halına ki, öz eybi onu başqalarının eybini axtarmaqdan saxlasın!”
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsandan bir hadisə baş verməyincəyə qədər məsciddə oturub, namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: "O nə hadisədir?” Həzrət buyurdu: "Qeybət!”
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əməllərinin qoruqçusu olan məmurlar (mələklər) insanın günəş kimi nur sacan əməlini yuxarı apardıqda, əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyər: "Bu əməli sahibinin başına çırpın, çünki Allah-taala tərəfindən mənə tapşırıq verilib ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum.”
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behişt üç nəfərə haramdır: Sözgəzdirənə, qeybət edənə və həmişə şərab içənə.”
14-İmam Baqir (ə) Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Hər kimdə üç xislət və yaxud onlardan biri olarsa, Allahın lütf sayəsindən başqa bir sayənin olmadığı qiyamət günü İlahi ərşin sayəsində (kölgəsində) olar: Özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılığını və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Çünki hər kəs özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz ki, özündə başqa bir eyb görəcəkdir. Hər kəsin başı özünə (öz eyblərinə) qarışarsa, başqalarında eyb axtarmağa macal tapmaz.”
15-Allah-taala Musa ibn İmrana belə vəhy göndərdi: "Qeybət edən şəxs əgər tövbə edərsə, behiştə daxil olan axırıncı; yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar.”
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət etməklə xalqın ətini yeyən şəxs halalzadə olduğunu yalandan deyir; çünki qeybət cəhənnəm itlərinin yemidir.”
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey dildə iman gətirib, qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyblərini aramayın. Çünki hər kim öz din qardaşının gizli eyblərini arayarsa, Allah-taala onun gizli sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”
18-Aişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi, evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Bu zaman Peyğəmbər (s) buyurdu: "Onun qeybətini etdin!”
19-İmam Sadiq (ə) buyurmuşdur: "Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.”
20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətə qulaq asan şəxs qeybət edən iki nəfərdən biridir.” (Yəni qeybətə qulaq asan qeybət edən kimidir.)
21-İmam Əli (ə) buyurmuşdur: "Qeybəti eşidən adam qeybət edən qədər günah qazanır.”
22-İmam Sadiq (ə) buyurmuşdur: "Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.”
23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti edilərsə və o, imkan daxilində onun köməyinə yetişərsə (onu himayə edərsə), Allah-taala dünya və axirətdə onun köməyinə yetişər.”
24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar etsə və müdafiəsinə qalxarsa, dünya və axirət bəlaları ondan uzaqlaşar.”
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs öz müsəlman qardaşının ləyaqətini və abır-həyasını qoruyarsa, behişt ona vacib olar.”
26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti olunarsa və o, imkanı olduğu halda onu müdafiə etməzsə, Allah-taala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).”
27-Mərhum şeyx Səduq, həzrət Peyğəmbər (s)-in buyurduğu bir hədisi (imam Sadiq (ə)-dan) belə nəql etmişdir: "Hər kim imkanı olduğu halda din qardaşının qeybətini inkar etməzsə, onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.”
28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar və qəsdən günah edənin, bir də zülmkar hakimin.”
29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qəsdən və açıq-aşkar günah edənin qeybəti haram deyildir.”
30-İmam Sadiq (ə) buyurmuşdur: "Fasiq öz günahını açıq-aşkar göstərmək istəyərsə, onun hörməti yoxdur, qeybəti isə caizdir.”
31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca, onun oruc və namazı Allah dərgahında qırx gün qəbul olunmaz.”
32-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etdiyin şəxs (bu işdən) xəbərdar olarsa, onun yanına gedib halallıq al, əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.”
33-İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu, qeybət deyildir. Hər kəs bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu qeybətdir. Hər kəs bir şəxsin arxasınca onun etmədiyi bir şeyi danışarsa, bu böhtandır.”
34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.”
35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namazdan daha əzizdir.”
36-Əbdül-mömin Ənsari deyir: İmam Musa ibn Cəfər (ə)-ın yanına getdim. Məhəmməd ibn Abdullah Cəfəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: "Onu sevirsənmi?” Dedim: "Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm.” Buyurdu: "O, sənin qardaşındır, mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən, mömin qardaşını aldadan, ona nəsihət verməyən və mömin qardaşının qeybətini edən şəxslər məlundur.”
37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Çobanın ağacı silkələyib yarpaqları tökdüyü kimi, qeybət də insanın imanını qolsuz-budaqsız edir.”
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə didirdilər. Cəbraildən soruşdum ki, bunlar kimdir?” Dedi: "Camaatın ardınca qeybət edib onların abır-həyasını tökənlər!”
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybətini etmək) haramdır və onun malının ehtiramı qanına ehtiramı kimidir.”
40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sələm yolu ilə qazanılan bir dirhəmin günahı Allah dərgahında otuz altı zinadan da böyükdür. Sələmdən daha böyük günah isə müsəlmanların abır-həyasını tökməkdir.”








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ